Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzən insanlar özlərini yaxşı hiss etsələr də, “ürəyimə damıb”, “sanki başıma nəsə gələcək” kimi fikirlər səsləndirirlər. Maraqlıdır ki, bəzi hallarda bu hisslər sonradan baş verən hadisələrlə üst-üstə düşür. Bu isə çoxlarını “insan gələcəyi hiss edə bilərmi?” sualı üzərində düşünməyə vadar edir.
Metbuat.az xəbər verir ki, psixoloqlar bu mövzunu araşdırıb. Məlum olub ki, insan beyni ətraf mühitdə baş verən dəyişiklikləri və bədəndən gələn siqnalları şüuraltı şəkildə qəbul edir. Bəzən insan özü fərqinə varmadan yorğunluq, nəfəs darlığı, ürək ritmində dəyişiklik və ya digər narahatlıqları hiss edir. Bu məlumatlar isə narahatlıq və təhlükə hissi şəklində üzə çıxa bilər.
Tibbdə “yaxınlaşan ölüm hissi” (sense of impending doom) kimi tanınan bir anlayış da mövcuddur. Həkimlər bildirirlər ki, bəzi ciddi ürək-damar problemləri, ağciyər emboliyası və digər həyati təhlükəli vəziyyətlər zamanı insan səbəbini izah edə bilmədiyi güclü qorxu və pis bir hadisənin baş verəcəyi hissini yaşayır.
Digər tərəfdən, mütəxəssislər qeyd edirlər ki, insanların çoxlu sayda narahat düşüncələri olur və onların böyük əksəriyyəti heç vaxt gerçəkləşmir. Lakin sonradan düz çıxan hallar daha çox yadda qaldığı üçün insanlarda bunun fövqəltəbii bir hadisə olduğu təəssüratı yarana bilir.
Alimlərin fikrincə, bu cür hisslərin arxasında mistik səbəblərdən daha çox insan beyninin mürəkkəb fəaliyyəti, şüuraltı müşahidələr və bəzi hallarda bədənin verdiyi xəbərdarlıq siqnalları dayanır. Buna görə də, səbəbsiz güclü qorxu və ya davamlı “pis bir şey olacaq” hissi yaşayan şəxslərə həkim və psixoloqla məsləhətləşmək tövsiyə olunur.