Ürəyimə od saldı, ətəyin geri çəkdi... İlham Qəhrəmanın bayatıları

14.09.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az İlham Qəhrəmanın bayatılarını təqdim edir.


Dirəyim, milim ağac,
Budağım, qolum ağac.
Dövrəsində gözəllər,
Yerinə olum, ağac.

*
Göl dedin – dərin məlum,
Suyunda sərin məlum.
Bağda tək gəzən canan,
Heç deməz yerin məlum.

*
Naz səndə, qəmzə səndə,
Dur, bəzən, Qəmzə, sən də!
Hakimlər bilməz olsun –
Silahdır qəmzə səndə!

*
Apardı bir yol məni,
Gül deyir dur, yol məni.
Xəncərdən qaşmı düşər,
Soruşmaz bir yol məni?!

*
Qəmim var görəcəkdi,
Nə yalan, nə gerçəkdi?!
Ürəyimə od saldı,
Ətəyin geri çəkdi.

*
Ay gedən pəri, kimsən,
Dön görüm bəri kimsən?!
Sənki gözəlsən belə,
Canıma şərikimsən.

*
Boy verdi günəbaxan,
Boyuna yenə baxam.
Yoruldum deyərəmmi,
Mən yüz il sənə baxam?!

*
Hicranı xallat, gözüm,
Kirpiyin sallat, gözüm!
Gözəllər bizə baxmaz,
Bax bizi allat, gözüm.

*
Mən görən sevər gözüm,
Gül camal sevər gözüm.
O gələn gözələ bax,
Gözünə su ver, gözüm!

*
Səsə oynadı gözüm,
Dayan, tay nədi, gözüm?!
Azmı gözələ baxdın,
Gözün doymadı, gözüm?!

*
Qoymadı yöndə məni,
Saxladı gendə məni.
Onda mən onu tapdım,
Görmədi məndə məni.

*
Göy tavan, Yer döşəmə,
Xalını tərs döşəmə.
Aşiq istər yarından –
Dil dişləyə, döş əmə.

*
Dövrdə dövranlıq az,
Al beli, Bayramlı, qaz,
O gün təqvimə baxdım –
Bayram çox, bayramlıq az.

*
Əkini əkən yoxdu,
Toxumu səpən yoxdu.
Hakimlər işmi kəsir,
Adımı çəkən yoxdu?!

*
Durnası səfdə dünya,
Qızılı küpdə dünya.
Düzü zavala gəlmiş,
Əyrisi kefdə dünya.

*
Bir kənd gördüm – Zərqava,
Zəhmət üzdə tər qova.
Gərdişdə adət budur ¬–
Maya qaça, nər qova.

*
Yolu şamlı Maştağa,
Şam dibində məst ağa.
Yar dağda, hava isti,
Ey meh, dəm-dəm əs dağa!

*
O mən görən Mərdəkan,
Bağ-bostanın mərd əkən.
Namərdin qolu sına,
Harda qazsa, mərdə kan.

*
O mən görən Türkandı,
Darda bizi türk andı.
Çox sınaqdan çıxıbdı,
Türk vəfası, türk andı.

*
Mən görən Oğuldərə,
Güz barlı – noğul dərə.
Atalar bağ salarlar,
Bəhərin oğul dərə.

*
O kənd bizim Cicimdi,
Evlər xalça, cicimdi.
Şəfqətli xanım görsən
Denən: mamam, cicimdi.

*
Bu mal köç malı deyil,
Dağa köçməli deyil.
Ağzımda tuti dilim,
Dərdim açmalı deyil.

*
Yekədən yekə fələk,
Dərd vurdu yükə fələk.
Təklərin göz damcısın
Gözə kim tökə, fələk?!

*
Qarşıma yarım çıxdı,
Dolular yarım çıxdı.
Mən yolu başa vardım,
Yol yenə yarımçıqdı.

*
O mən görən çatıdı,
Bayram gəldi çatıdı.
Daş dəymiş şüşə kimi
Ürəyimin çatıdı.

*
Qar basdı, ağac aşdı,
Gün getdi dağdan aşdı.
Novruzda gözüm qalan,
Şəkərburadı, aşdı.

Tarantinonun malikanəsinə basqın edildi Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq Dünya Köçəri Oyunları başa çatdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью