Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan–Uruqvay münasibətləri də qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edir
Bu gün Uruqvay milli bayramını – Müstəqillik Gününü qeyd edir. 1825-ci il avqustun 25-də Florida şəhərində Şərq Əyalətinin nümayəndələri tərəfindən qəbul edilmiş Müstəqillik Bəyannaməsinin 201-ci ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir.
Uruqvay Prezidentinin rəsmi saytının məlumatına görə, bu gün Florida şəhərində, Piedra Alta məkanında Müstəqillik Bəyannaməsinin 201-ci ildönümünə həsr olunmuş dövlət mərasimi keçirilir. Tədbirdə Prezident Yamandú Orsi iştirak edir. Mərasimdən sonra şəhərin Asamblea meydanında mülki, hərbi, polis və ənənəvi birliklərin iştirakı ilə yürüşün keçirilməsi nəzərdə tutulub.
Uruqvayın Təhsil və Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 25 avqust 1825-ci ildə üç mühüm qanun qəbul edilib. Onlardan biri Şərq Əyalətinin Portuqaliya kralından, Braziliya imperatorundan və digər xarici hakimiyyətlərdən azad və müstəqil olduğunu elan edib. Digər qərarlar isə əyalətin Birləşmiş Rio-de-la-Plata Əyalətləri ilə birliyə dair iradəsini və müvəqqəti bayrağını müəyyənləşdirib. Uruqvayın müstəqil dövlət kimi formalaşması prosesi sonrakı illərdə davam edib və 1828-ci ildə Montevideoda Sülh Konvensiyasının ratifikasiyası ilə yeni müstəqil dövlətin yaranması rəsmiləşib.
Bu əlamətdar tarix Azərbaycan-Uruqvay münasibətlərinə də nəzər salmaq üçün yaxşı fürsətdir. Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 11-də qurulub. Ötən dövr ərzində iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan siyasi əlaqələr formalaşıb, parlamentlərarası və humanitar təmaslar inkişaf edib. İki ölkə arasında yeddi sənəddən ibarət müqavilə-hüquq bazası yaradılıb.
Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yüksək səviyyəli siyasi təmaslar da mühüm rol oynayıb. 2019-cu ildə Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı səfərlərin artırılması, eləcə də ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Son dövrdə Bakı ilə Montevideo arasında siyasi dialoq da davam etdirilir. 29 aprel 2026-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib. Görüşdə ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi məsələləri önə çəkilib. Həmin gün iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası da keçirilib.
Azərbaycan və Uruqvay arasında qarşılıqlı siyasi ehtiram dövlət başçıları səviyyəsində də öz ifadəsini tapır. Uruqvay Prezidenti Yamandú Orsi 2025-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərərək iki ölkə arasında mövcud olan yaxşı münasibətlərin mədəni və siyasi əməkdaşlıq əsasında daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Azərbaycan üçün Uruqvayla əlaqələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi də mühüm istiqamətlərdəndir. Kənd təsərrüfatı, ticarət, nəqliyyat, enerji, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq üçün imkanlar mövcuddur. 2019-cu ildə keçirilən Azərbaycan-Uruqvay siyasi təmaslarında da məhz bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətdə saxlanılıb.
Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən Azərbaycan və Uruqvay arasında münasibətlərin üç onillikdən artıq müddətdə inkişaf etməsi qarşılıqlı maraq və hörmətin möhkəm əsaslara söykəndiyini göstərir. Son illərdə keçirilən siyasi məsləhətləşmələr və diplomatik təmaslar isə əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün imkanların geniş olduğunu nümayiş etdirir.
Beləliklə demək olar ki, Azərbaycan–Uruqvay münasibətləri qarşıdakı dövrdə də qarşılıqlı hörmət, əməkdaşlıq və dostluq prinsipləri əsasında inkişaf edəcək.
Nurəngiz Adilqızı
XQ