“Uşağı görüşə məcbur etmək olmaz” Boşanmış valideynlərə mesaj

16.11.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu cür hallarda mütləq uşaqla psixoloq ünsiyyət qurmalı, onun psixoloji durumunu müəyyənləşdirməlidir.

Boşanmalar zamanı uşaqla görüşə icazə verməyən şəxsdən mənəvi təzminat tələb ediləcək. Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” verdiyi izahda/qərarda boşanma və ya ayrılıqdan sonra uşaqla ünsiyyət hüququnun pozulması və uşağın digər valideynə göstərilməməsi ilə bağlı mənəvi zərərə görə təzminat tələb oluna biləcəyi bildirilir.

Qeyd edilir ki, uşaqdan ayrı yaşayan valideynin övladı ilə ünsiyyət qurmaq hüququ məhkəmə qərarı ilə deyil, uşağın doğulduğu andan mövcud olan təməl hüququdur. Əgər valideynlərdən biri heç bir üzrlü səbəb olmadan digərinin uşaqla görüşməsinə və ünsiyyətinə mane olursa, bu, şəxsiyyət hüququnun pozulması sayılır və həmin valideyn mənəvi təzminat tələb edə bilər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında bildirdi ki, bu cür məsələlərdə nədənsə çox zaman qadınlar hədəfə alınır. Qadınlar “qəddar”, uşağı atasından ayıran, atası ilə görüşməsinə icazə verməyən tərəf kimi təqdim olunur. Bu, səhv yanaşmadır:

- Cəmiyyətdə belə bir mənfi tendensiyanın formalaşması heç də yaxşı əlamət deyil. Ali Məhkəmənin izahı/qərarı hər kəs tərəfindən istədiyi kimi şərh edilir. Sosial şəbəkələrdə məhz qadınlar hədəf alınır. İnformasiyanı çatdıran xanımın özü də bunu “əksər vaxt qadınlar uşağın atası ilə görüşünə imkan vermir” şəklində təqdim edir. Qadınları bu dərəcədə qınamaq, günahlandırmaq düzgün deyil. Kimsə bilmir ki, həmin ailədə vəziyyət necədir, əgər həqiqətən belə hal varsa, buna səbəb nədir. Amma dərhal qınayırlar.

Təcrübədə fərqli hallarla da rastlaşmışıq. Boşanmalar zamanı bəzən ata uşağı anaya göstərməkdən imtina edir. Uşağı gizlədən, anası ilə görüşməsinə icazə verməyən kişilər – atalar və ata tərəfdən qohumlar da olur. Niyə ancaq qadınları günahlandırırlar? Bəzən belə də olur ki, ata uşaqla görüşü zamanı ana haqqında xoşagəlməz ifadələr işlədir. Uşaqda anası haqqında mənfi fikir yaratmağa çalışır. Ya da hədiyyələrlə onu şirnikləndirir. Situasiyalar müxtəlifdir və hər birinə fərdi yanaşılmalıdır.

M. Zeynalova bildirdi ki, valideynlər boşanıblarsa, burada ilk növbədə uşağın hüquqları nəzərə alınmalı, onun mənafeyi əsas götürülməlidir:

- Biz bu cür hallarla rastlaşırıq. Bəzən uşaq atası ilə və ya anası ilə görüşmək istəmir. Onunla psixoloq da söhbət aparır, sosial işçilər də. Amma uşaq görüşmək istəmir. Bu halda kimsə uşağı görüşə məcbur edə bilməz. Söz uşağındır. Uşaq qərar verəcək: görüşmək istəyir, ya yox. Biz uşağı atası və ya anası ilə görüşə məcbur edə bilmərik, buna hüququmuz çatmır.

Bəzən uşaqlar valideynlərin təsiri olmadan da görüşmək istəmirlər. Ola bilər ki, evdə gördüyü vəziyyət, yaşadığı travmalar uşağı görüşdən imtina etməyə sövq edir. Bu cür hallarda mütləq uşaqla psixoloq ünsiyyət qurmalı, onun psixoloji durumunu müəyyənləşdirməlidir. Uşaqla bağlı psixoloq rəyi olmadan onu kiminləsə məcburi görüşdürmək olmaz. Bu, insan haqlarına, uşaq hüquqlarına ziddir. “Uşaq hüquqları haqqında” qanuna görə, uşaq hüquqlarının qorunması əsas vəzifədir. Hesab edirəm ki, boşanmış valideynlərin sonrakı mərhələdə ümumi övladlarına qarşı hansı psixoloji təsirlər göstərdikləri müəyyənləşməli və bunun qarşısı qanuni yollarla alınmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью