Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Bəzi uşaqlar məktəb ərəfəsində ailədən (xüsusilə də, anadan) ayrılmaqdan qorxurlar. Bu problemi aradan qaldırmaq üçün yeganə yol isə uşaqda məktəbə və müəllimə sevgi aşılamaqdır. Belə ki, əgər uşağımız hər hansı bir səhvə yol verdikdə onu məktəblə və ya müəllimlə qorxuduruqsa, məsələn, yemək yeməyəndə, dərslərini hazırlamayanda, ya da sözümüzə baxmayanda “Müəlliminə deyərəm, səni cəzalandırar” kimi ifadələrdən istifadə ediriksə, deməli uşağın həm məktəbdən, həm də müəllimdən soyumasına səbəb oluruq. Halbuki müəllim cəza verən va ya mühakimə edən bir adam kimi yox, uşaqları sevən, gələcəyə hazırlayan bir adam kimi təqdim edilməlidir. Digər tərəfdən, məktəb və müəllimlə bağlı söhbətləriniz də müsbət olmalıdır. Əgər müəllimlə bağlı hər hansı bir problem varsa, bunu uşağın görə biləcəyi və ya eşidə biləcəyi bir yerdə ifadə etməməlisiniz. Çünki uşaq həm ata-anasını, həm də müəllimini sevir. Çox sevdiyi bu adamların bir-biriləri haqqında mənfi şeylər danışması uşağınızı onlardan birini seçməyə məcbur edə bilər.
Əgər hər hansı bir problem varsa, müəllimlə üz-üzə görüşmək və problemin həllinə bu şəkildə nail olmaq lazımdır. Digər tərəfdən, ata-analar çox vaxt bu dövrdə uşaqlarını nəzarət altında saxlamağa çalışır, məktəbləri ilə (təbii ki, müəllimləri ilə də) bağlı bütün problemləri özləri həll etməyə cəhd göstərirlər. Bununla yanaşı, müəllimin uşağınızı yaxşı tanımasına kömək edin. Buna görə də, müəllimə uşağınızla bağlı lazım olan hər şeyi deyin. Ən əsası isə müəllimi səhv istiqamətləndirməyin. Əgər gözlərində problem varsa, uşağı ön sıralarda oturtmaq, qulağında problem varsa, üzünə baxaraq danışmaq olar.
Məktəblə əlaqə saxlamaq üçün mütləq hansısa bir hadisənin baş verəcəyini gözləməyin. Ara-sıra məktəbə gedərək uşağınızın müəllimləri ilə görüşün. Məktəbdə uşağınızın kimlərlə yoldaşlıq etdiyini müşahidə edin. Bundan başqa, sizin məktəbə getməyiniz onun həvəslənməsinə də kömək edə bilər. Digər tərəfdən, uşaq hələ məktəb yaşına çatmasa da, ata-ana məktəblə bağlı həmişə müsbət şeylər danışmalıdır. Ata-anasından və ya qardaş-bacısından gözəl xatirələr dinləyən uşaq məktəbə də çox asan alışar.
Uşağı məktəbə yazdırmaqla hər şey bitmir, əksinə, ata-ananın üzərinə yeni-yeni vəzifələr düşür. Burada əsas məsələ ata-ananın təhsilə və tədrisə necə əhəmiyyət verməsidir. Valideynlər uşağın təhsilinə ciddi diqqət yetirməli, uşağın məktəblə bağlı yaxşı və ya pis fikirlərini bölüşməli, onu həvəsləndirməyi bacarmalıdırlar. Başqa bir məsələ isə uşağınızın məktəbdə bölüşmə hissini öyrənməsidir. Çünki uşaqlar ilk dövrdə əsasən eqosentrik düşüncə dediyimiz düşüncə sisteminə malik olurlar. Belə ki, onlar dünyanın mərkəzində özlərini görürlər. Ata-ana, qardaş-bacı, əmi-dayı, xala-bibi, nənə-baba ancaq onlara xidmət etmək üçündür. 6 yaşından sonra bu hissin yerini yavaş-yavaş bölüşmə hissi tutur. Artıq uşaqlar başqalarının da ən azı onlar qədər mühüm olduqlarını dərk etməyə başlayırlar. Bu yaşlardan başlayaraq oyuncaqlarını, yeməklərini, istifadə etdikləri əşyaları bölüşürlər. Ona görə də, bölüşmə hissi bu dövrdə əldə edilməlidir. Əgər uşaqda bölüşmə hissi olmasa, o, gələcəkdə ciddi problemlərlə qarşılaşa bilər.
Gələcəkdə bu cür problemlərlə qarşılaşmaq istəmirsinizsə, onların sinif müəllimləri ilə görüşməli və indidən tədbir görməlisiniz. Bu dövrdə “mənəm-mənəmlik”dən əməkdaşlığa, ata-anaya bağlılıqdan müstəqilliyə, ümumi düşüncədən konkret düşüncəyə, həmçinin, özünü müstəqil ifadə etməyə doğru bir irəliləyiş olmalıdır.
Aygün Vəliyeva