“Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib

28.01.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə iki məsələnin daxil edildiyini deyib.

Əvvəlcə, “Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Layihəyə əsasən, 11 yeni anlayışın ayrıca maddədə təsbiti nəzərdə tutulub.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəddə uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit olunur və bu cür halların yolverilməzliyi açıq şəkildə vurğulanır. Eyni zamanda, uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən qanun layihəsinin 61-ci maddəsində əksini tapmış 8 tələb əsas götürüləcək və bununla da müvafiq çərçivə müəyyənləşdiriləcək. Qeyd olunub ki, yeni qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva isə bildirib ki, qanun layihəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları özündə ehtiva edir. Qeyd olunub ki, Ombudsman tərəfindən qanun layihəsi ətraflı təhlil edilib və erkən evliliklərin qarşısının alınması, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququnun, şərəf və ləyaqətinin, fərdiliyinin və sosial müdafiəsinin təmin edilməsi, eləcə də uşaq alveri və istismarının qadağan olunması və digər məsələlər ilə bağlı irəli sürülən təkliflər sənəddə öz əksini tapıb.

İclasda çıxış edən Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. Bildirilib ki, qanun layihəsində uşaqlara qarşı zorakılıqla bağlı, müasir texnologiyalarla bağlı maddələr öz əksini tapıb.

Qanun layihəsi ilə bağlı digər çıxışlarda da qeyd və təkliflər səsələndirilib.

Daha sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsini - Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, eləcə də “Gənclər siyasəti”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası”, “Bədən tərbiyəsi və idman”, “Sosial xidmət”, “Reklam”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması”, “Uşaqların zərərli informasiyadan qorunması” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

O bildirib ki, qanun layihəsinin əsas məqsədi uşaq hüquqlarının təminatı sahəsində mövcud qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, uşaqların fikrinin nəzərə alınmasını, fərdi məlumatlarının qorunmasını və zorakılıqdan müdafiəsini gücləndirən yeni hüquqi mexanizmlər yaratmaqdır. Layihə, həmçinin çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanmasını, onların maraqlarının səmərəli müdafiəsini və bu sahədə dövlət nəzarətinin genişləndirilməsini təmin etməyə yönəlib.

Qanun layihəsinin müzakirəsində çıxış edənlər təkliflərini səsləndiriblər.

Sonda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью