Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirə edilir.
Modern.az-ın məlumatına görə, qanun layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi 8 fəsil və 63 maddədən ibarətdir. Yeni sənəd uşaq hüquqlarına yanaşmada konseptual dəyişiklikləri nəzərdə tutur və hüquqların bəyan olması ilə yanaşı icra və nəzarət mexanizmlərinin formalaşdırılmasını hədəfləyir.
Layihədə uşağın “üstün mənafeləri” anlayışı ilk dəfə geniş və konkret hüquqi məzmunda təsbit olunur. Uşağa aid qərarların qəbulundan əvvəl araşdırmanın aparılması, uşağın öz fikrini ifadə etmək hüququnun təmin edilməsi və qərarların onun həyatına, inkişafına təsirinin nəzərə alınması qanuni öhdəlik kimi müəyyən edilir. Bu yanaşma uşağın maraqlarını formal prinsipdən real hüquqi meyara çevirir.
Yeni qanun layihəsi uşaqlara qarşı zorakılıq anlayışını da genişləndirir. Fiziki və cinsi zorakılıqla yanaşı, psixoloji zorakılıq, cismani cəza, etinasız rəftar, davamlı təzyiq və aqressiv davranış ayrıca formalar kimi göstərilir. Zorakılığın internet informasiya ehtiyatları və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilməsi də qanunvericilik səviyyəsində ayrıca vurğulanır.
Sənəddə həmçinin uşaqlarla işləyən şəxslər üçün məcburi məlumatvermə mexanizmidir. Təhsil, tibb, sosial xidmət və digər sahələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslər zorakılıq əlamətlərini aşkar etdikdə, konfidensiallığa əməl etməklə bu barədə aidiyyəti qurumlara məlumat verməyə borclu olacaqlar. “Uşaq qaynar xətt” də hüquqi mexanizm kimi tanınır.
Layihədə erkən evliliklə bağlı yanaşma da sərtləşdirilir. Erkən evlilik anlayışı ayrıca tərif olunur, uşağın erkən evliliyə məcbur edilməsi, bu məqsədlə sövdələşmələrin aparılması, mərasimlərin təşkili və uşaqlar barədə dini kəbinkəsmə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olan hallar kimi göstərilir.
Yeni qanun layihəsi uşaq siyasətində məlumatların toplanması və təhlilinə xüsusi yer ayırır. Uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik halları, onların səbəb və nəticələri, müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı vahid məlumat bankının yaradılması nəzərdə tutulur. Bu yanaşma uşaq hüquqları sahəsində qərarların faktlara əsaslanmasını hədəfləyir.
Sənəddə uşaqlarla bağlı inzibati və məhkəmə icraatına da xüsusi diqqət yetirilir. İcraatın uşağın yaşına uyğun, onun üçün aydın, ədalətli və təxirəsalınmaz aparılması, həbsə alternativ tədbirlərə üstünlük verilməsi qanun səviyyəsində təsbit olunur. Bu, uşaqyönümlü ədalət modelinə keçid kimi qiymətləndirilir.
Layihə çətin həyat şəraitində olan uşaqlarla bağlı mexanizmləri də genişləndirir. Belə uşaqların aşkarlanması, yerində ilkin qiymətləndirmənin aparılması, təcili tibbi və psixoloji yardımın göstərilməsi, həyati təhlükə olduqda dərhal müdaxilə tədbirlərinin görülməsi ardıcıl şəkildə tənzimlənir.
Yeni yanaşmalardan biri də uşaq hüquqları sahəsində qurumlararası əməkdaşlığın genişləndirilməsidir. Dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin uşaq siyasətinin həyata keçirilməsində iştirakı ayrıca qeyd olunur.
Qeyd edək ki, layihə qəbul ediləcəyi halda, 1998-ci ildən qüvvədə olan eyniadlı qanun ləğv olunacaq.