“Uşaq məktəbə getmək istəmirsə, günah valideynlərdədir” Psixoloq

26.01.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Son zamanlar uşaqların psixoloji yardım almasına diqqət artıb. Bu yaxşı haldır. Çünki yaşadığımız rəqəmsal dünyada uşaqlar lazım olandan daha çox şey görür, eşidir və hətta yaşayır. Bütün bunlar uşağın psixologiyasına mənfi təsir göstərir. Ona görə də uşaqların psixoloji yardım alması vacibdir”
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O təəssüflə bildirib ki, bu gün bəzi uşaqlardan daha çox onun valideynlərinin psixoloji yardıma ehtiyacı var:
“Bu acı bir reallıqdır. Hər gün yanımıza müxtəlif valideynlər gəlir. Söhbət əsnasında onların nə istədiyini başa düşə bilmirik. Bəzi valideynlər bizdən tələb edir ki, “mən uşağımı belə görmək istəyirəm. Amma uşaq məni dinləmir”. Belə valideynlərin istədiyi üzüyola və xəbərçi uşaq modelidir.
Bəzi valideynlər istəyir ki, uşaq ancaq onların iradəsilə hərəkət eləsin, oxusun, həyat yolunu seçsin. Hətta bəziləri narazılıq edir ki, “uşaq mənə heç nə demir, hər şeyi gizlədir”. Bu cür şəxslər istəyir ki, uşaq həm də onun xəbər daşıyıcısı olsun. Belə yanaşma isə qətiyyən olmaz.
Bu sağlam yanaşma deyil.
Çünki zaman dəyişib. Uşaqlar da daha çox müstəqil olmaq və seçimlərində sərbəstlik istəyirlər. Amma valideynlər bununla razılaşmır, uşağa basqı edir. Ona görə də bəzən problem uşağın özündə yox, ata- anada olur. Çünki bəzi valideynlər psixoloqa uşağın ramedicisi kimi baxır. Guya bir-iki seansla psixoloq uşağı valideynin istədiyi formaya sala bilər.
Əvvəla bu mümkünsüzdür. Üstəlik, valideyn övladını psixoloqa aparsa da, evdə eyni davranışları davam etdirir. Belə vəziyyətdə heç bir dəyişiklik baş verməyəcək. Çünki uşaq psixoloqun dediklərindən çox, valideynin gündəlik rəftarını öyrənir”.
Müsahibimiz hesab edir ki, uşağa hər addımında sual ünvanlamaq, hər şeyi xəbər verməyi öyrətmək onun daxili təhlükəsizlik hissini zədələyir:
“Bu davranış uşağı dürüstlükdən uzaqlaşdırır, qorxu və narahatlıq yaradır, öz fikrini sərbəst ifadə etməsinə mane olur. Psixoloji inkişaf üçün nəzarət yox, güvən, sorğu-sual yox, anlayış lazımdır. Uşağın yaxşılaşması üçün ilk növbədə valideyn özü dəyişməyə hazır olmalıdır. Əks halda psixoloq sadəcə müvəqqəti təsir göstərəcək. Əsas problemsə olduğu kimi qalacaq.
“Uşağı düzəltmək” ideyası  valideynin öz davranışını korreksiya etməkdən başlamalıdır. Məsələn, hansısa uşaq məktəbə getməkdən qorxur. Bu da uşaqda özgüvənin olmamasından qaynaqlanır. Bunun da günahı valideynlərdədir. Çünki uşaqlardakı tarvmalar bir qayda olaraq ailədə gördüyü münasibətlərdən, ata-ana arasındakı çəkişmələrdən başlayır.
Valideynin yanlış qərarları da uşağın psixologiyasını zədələyir.
Bəzi valideynlər heab edirlər ki, hər şeyin doğrusunu onlar bilir. Uşaqları da bu doğrulara əməl etməyə məcbur edirlər. Təbii ki, bu basqı uşaqlarda travma yaradır. Üstəlik, davam edən basqılar fonunda psixoloqdan gözləntilər də faydasız olur. Ona görə valideynlər uşaqlarından öncə özləri psixoloqdan yardım almalıdır. Öyrənməlidir ki, uşaqla normal davranış necə olur. Yalnız bundan sonra ehtiyac olarsa uşağı psixoloqa aparmaq olar”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью