525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Təhsil uşağı formalaşdırır, amma onu şəxsiyyət edən ilk növbədə valideynin öz davranışıdır. Uşaq müəllimin dediklərini eşidir, amma valideynin etdiklərini görür və ona bənzəyir. Ona görə də uşağın gözü qarşısında səhərlər məktəbin qarşısını park yerinə çevirib tıxac yaradan, əlindəki zibili küçəyə atan, yolda başqasının haqqını yeyən, sonra da evdə “mədəni ol” deyən valideyn əslində öz övladına ziddiyyət və hörmətsizlik öyrədir. Müəllimi təhqir edib sonra müəllimdən yüksək nəticə gözləmək isə yalnız cəmiyyətə yox, uşağın öz gələcəyinə zərər vurur”.
Bunu 525.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, uşaq tərbiyəsi repetitorla, kursla, bahalı məktəblə başlamır. Uşaq tərbiyəsi səhər məktəbin qaşısında maşını saxlayıb digərlərinə maneə olanda göstərilən mədəniyyətlə, məktəb, müəllim haqqında deyilən sözlə, yerə atılan ən xırda zibil parçası ilə başlayır:
“Valideyn nümunə olanda təhsil də güclənir, cəmiyyət də inkişaf edir. Nümunə olmayanda isə ən yaxşı məktəb belə heç nəyi dəyişə bilmir”.
Sevinc QARAYEVA