Uşaqda xarakter necə formalaşır?

11.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çox böyüklər elə düşünür ki, uşağın sağlam böyüməsi üçün bacı və ya qardaşının olması vacibdir. Bildirirlər ki, indi ailələrdə uşaqların sayı azalıb, əksər ailələrdə bir və ya iki uşaq olur. Əvvəllər isə anaların 12-13 uşağı olurdu.

Onların fikrincə, ata və ana bütün sevgisini bir uşağın üzərinə yönəldir. Uşağın hər istəyinə həddindən artıq önəm verilir. Bu isə düzgün yanaşma deyil. Belə mühitdə böyüyən uşaq daha eqoist ola bilər.

Uşağın paylaşmağı, ünsiyyət qurmağı və digər insanlarla münasibət qurmağı öyrənməsi üçün bacı-qardaş münasibətləri də mühüm rol oynayır.

Bacı və ya qardaşın olması uşağın psixoloji inkişafına və xarakterinin formalaşmasına necə təsir edir?Uşağın sağlam və düzgün böyüməsi üçün ailədə hansı şərtlər vacibdir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, bacı-qardaş münasibəti uşağın sosial və emosional bacarıqlarının formalaşması üçün təbii mühit yaradır: “Bacı və ya qardaşın olması uşağın psixoloji inkişafına müəyyən mənada müsbət təsir göstərə bilər. Çünki uşaq bacı-qardaşı ilə münasibət qurarkən paylaşmağı, növbə gözləməyi, qarşı tərəfin hisslərini nəzərə almağı, fikir ayrılıqlarını həll etməyi və kompromisə getməyi öyrənir. Bu münasibətlər uşağın sosial və emosional bacarıqlarının formalaşması üçün təbii bir mühit yaradır.

Amma bunu uşağın sağlam böyüməsi üçün mütləq şərt kimi qəbul etmək düzgün deyil. Yəni “tək uşaq eqoist olur, bacı-qardaşı olan uşaq isə daha sosial böyüyür” fikri elmi və psixoloji baxımdan bu qədər sadə deyil. Uşağın xarakterinə onun ailədə neçə uşaq olmasından daha çox, hansı münasibət və tərbiyə mühitində böyüməsi təsir edir”.

Zeynəb Əyyubova deyib: “Bəzən deyilir ki, valideyn bütün diqqətini bir uşağa yönəltdikdə uşaq həddindən artıq ərköyün və eqoist böyüyə bilər. Burada əsas məsələ diqqətin çoxluğu deyil, diqqətin necə göstərilməsidir. Uşağı sevmək, onunla maraqlanmaq və ehtiyaclarını qarşılamaq sağlam inkişaf üçün vacibdir. Ancaq sevgi uşağın bütün istəklərinin yerinə yetirilməsi demək deyil. Əgər valideyn uşağa heç bir sərhəd qoymur, hər istəyini dərhal yerinə yetirir və uşağın məyusluq yaşamasına imkan vermirsə, bu zaman uşaqda “mənim istəklərim hər zaman prioritetdir” düşüncəsi formalaşa bilər.

Əslində isə uşağın sosiallaşması üçün mütləq bacı və ya qardaşının olması vacib deyil. Uşaq bağçada, məktəbdə, dostları ilə, qohumları ilə və digər sosial mühitlərdə də paylaşmağı, ünsiyyət qurmağı və münasibət yaratmağı öyrənə bilər. Yəni tək uşaq da çox sosial, empatik və paylaşmağı bacaran biri kimi böyüyə bilər”.

Zeynəb Əyyubovanın fikrincə, uşağın sağlam və düzgün böyüməsində əsas məsələ ailədə emosional təhlükəsizliyin olmasıdır: “Uşaq özünü sevilən, qəbul edilən və dinlənilən hiss etməlidir. Eyni zamanda onun yaşına uyğun sərhədləri, qaydaları və məsuliyyətləri olmalıdır. Valideyn həm uşağın hisslərini qəbul etməli, həm də ona hər istəyin mümkün olmadığını öyrətməlidir.

Məncə, sağlam tərbiyənin əsasını sevgi və sərhədin balansı təşkil edir. Uşağa “sən mənim üçün çox dəyərlisən” mesajı ilə yanaşı, “amma dünyada yalnız sən və sənin istəklərin yoxdur” mesajını da vermək lazımdır. Uşaq başqalarının hisslərinin, ehtiyaclarının və sərhədlərinin də olduğunu öyrənməlidir”.

Zeynəb Əyyubova vurğulayıb: “Əvvəllər ailələrdə uşaqların sayının çox olması da cəmiyyətin və həyat şəraitinin fərqli olması ilə bağlı idi. Bu gün ailələrin daha az uşağa üstünlük verməsi isə avtomatik olaraq uşaqların daha problemli və ya eqoist böyüməsi demək deyil. Əsas məsələ uşağın neçə bacı-qardaşının olması yox, onun necə bir ailə münasibəti içində böyüməsidir.

Psixoloq əlavə edib: “Bacı və ya qardaş uşağın inkişafı üçün gözəl sosial təcrübə ola bilər, amma sağlam psixoloji inkişafın əsas şərti deyil. Uşağın sağlam böyüməsi üçün ona sevgi, diqqət, təhlükəsizlik, düzgün sərhədlər, yaşına uyğun məsuliyyət və sosiallaşmaq imkanları verilməlidir. Ən vacibi isə valideynin uşağı yalnız qorumaq deyil, onu həyata hazırlamaq məsuliyyətini də daşımasıdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью