“Uşaqlar “mütləq uğurlu olmalıyam” kimi məcburiyyət hissi ilə böyüdükdə, gələcəkdə üzərlərində təzyiq və utanc hiss edirlər”

30.01.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Yapon dilində Johatsu “buxarlanmaq” deməkdir və bu anlayış, insanların sosial təzyiq, utanc, borc, ailə problemləri və ya iş stressi səbəbilə şüurlu şəkildə həyatlarından izsiz şəkildə yoxa çıxmalarını ifadə edir. Bu fenomen 1990-cı illərdə yayılmağa başlayıb və son illərdə Yaponiyada yenidən aktuallaşıb. Hətta bu barədə sənədli filmlər də çəkilib.  Johatsu bir növ köhnə həyatınızı tamamilə geridə qoyub sıfırdan başlamaq deməkdir. Bu təşkilat həyatlarından narazı olan insanlara pul müqabilində yeni bir həyat təklif edir. Onlar məişət zorakılığına məruz qalan gənc qızları, bədbəxt evli kişiləri və qadınları, borclarını ödəyə bilməyənləri, iş adamlarını, istədiyi təhsili ala bilməyənləri, aliment ödəyə bilməyənləri, şirkətlərini müflis edənləri, cinayətkarları hədəf alırlar. Bu xidmətlər çərçivəsində şəxsin rəsmi qeydiyyatı, şəxsiyyət nömrəsi və digər dövlət məlumatları silinir. Əlavə ödənişlərlə yeni şəxsiyyət vəsiqəsi, hətta başqa ölkədə yeni həyat da təmin oluna bilər. Bu qeyri-qanuni fəaliyyətlər nəticəsində yüz minlərlə insan izsiz yoxa çıxıb. Ailələr polisə müraciət etsələr də, əgər yoxa çıxan şəxs cinayət törətməyibsə, hüquq-mühafizə orqanları müdaxilə edə bilmir. Polis izsiz yoxa çıxan bu insanların yeni şəxsiyyətlərini tapa bilmir.İnsanların sosial təzyiq, utanc və ya şəxsi uğursuzluqlar səbəbilə həyatlarından izsiz şəkildə uzaqlaşmaq istəyi (məsələn, Yaponiyadakı Johatsu fenomeni) psixoloji baxımdan hansı daxili ehtiyac və ya travmalarla əlaqələndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan uzman psixiatr Azər Bağırov bildirib ki, cəmiyyətin verdiyi qaydalar, gözləntilər olmasaydı, sosial kimliyimiz də yaranmazdı: “İnsan doğulduqda bioloji varlıq kimi dünyaya gəlir, lakin onun sosial kimliyi onu böyüdən insanlar və cəmiyyət tərəfindən formalaşdırılır. Cəmiyyətin verdiyi qaydalar, dəyərlər və gözləntilər olmasaydı, sosial kimliyimiz də yaranmazdı. Gələcəkdə yaşadığımız bir çox psixoloji çətinliklər də məhz bu sosial kimliklə bağlı olur - yəni bioloji tərəfimizlə deyil, sırf bizə sonradan öyrədilən və “yüklənən” rollarla əlaqəlidir.

Məsələn, “sən kişisən”, “sən həkimsən”, “sən bu cəmiyyətin üzvüsən”, “azərbaycanlısan” kimi kimliklər, eləcə də qadın-kişi həsaslıqlarımız, namus anlayışı, Qarabağ həssaslığı kimi cəmiyyətə xas dəyərlər bizə öyrədilir və müəyyən mənada proqramlaşdırılır. Biz bu gözləntilərə uyğun davranmadıqda isə bəzən utanc, günahkarlıq və ya özünü dəyərsiz hiss etmə kimi duyğular yarana bilir. “Johatsu” fenomeni də əslində sadəcə “qaçmaq istəyi” deyil, daha çox yaşaya bilməmək hissi ilə bağlıdır. İnsanlar bəzən problemi özlərində görür, “mən probleməm”, “mən yox olsam, daha yaxşı olar” kimi düşüncələrə qapılırlar. Bu vəziyyəti aktiv intihar cəhdi olmasa da, intiharın passiv forması kimi dəyərləndirmək olar. Belə insanlarda özgüvən və özdəyər hissi çox aşağı olur, özlərini başqalarına yük hesab edə bilirlər.

Bəzi hallarda mövcud kimlikdən və üzərimizə yüklənmiş rollardan azad olmaq düşüncəsi insanda sıfırdan yeni bir həyata başlama motivasiyası da yarada bilər. Bu isə düzgün dəstək olduqda, müsbət bir dəyişimin başlanğıcı ola bilər. Bəzi insanlar üçün bu, qurtuluş kimi də dəyərləndirilə bilər. Xüsusilə utanc hissi yaradan çətin hadisələr yaşandıqda - məsələn, xəyanət, münasibətlərdə dərin məyusluq və ya hamının bir-birini tanıdığı kiçik yaşayış yerlərində (kənddə) baş verən konfliktlər zamanı - insan mühitdən uzaqlaşmaq istəyi duya bilər. Belə vəziyyətlərdə insan özünü gücsüz, qorxmuş və ya geri addım atmış kimi hiss edə bilər. Praktikamda bu cür təcrübə yaşamış insanlara rast gəlirəm. Onlar bəzən həmin hadisədən sonra keçmişdə ilişib qalır və “niyə o an öz sözümü deyə bilmədim?” kimi suallarla özlərini uzun müddət narahat edirlər. Terapiya prosesində əsas məqsəd də məhz bu hissləri anlamaq, keçmişlə sağlam şəkildə vidalaşmaq və insanın öz daxili gücünü yenidən kəşf etməsinə kömək etməkdir.

Bəzən də insanlar borc, iş, ailə və ya münasibətlərlə bağlı üzərlərinə düşən məsuliyyətləri yerinə yetirə bilmədiklərini düşünür və bu vəziyyət onlarda utanc hissi yaradır. Belə hallarda “sıfırdan başlamaq” istəyi ortaya çıxa bilər”.

Azər Bağırov

Azər Bağırov vurğulayıb ki, övladlarımızı elə yetişdirməliyik ki, gələcəkdə həyatlarına təzyiq hiss etməsinlər: “Ona görə də mənim əsas tövsiyəm odur ki, övladlarımızı yetişdirərkən onları şərtli deyil, qəbul və anlayışla böyüdək ki, gələcəkdə həyatlarına təzyiq hiss etməsinlər. Uşaqlar “mütləq uğurlu olmalıyam” kimi məcburiyyət hissi ilə böyüdükdə, gələcəkdə istədikləri nəticəni əldə etmədikdə öz üzərlərində ciddi təzyiq və utanc hiss edə bilirlər. Eyni vəziyyət ailəni dolandırmaq, məsuliyyətləri daşımaq kimi mövzularda da özünü göstərə bilər.

Bəzi hallarda isə insanlarda emosional donma müşahidə olunur. Bu zaman əvvəllər onlar üçün önəmli olan dəyərlərə qarşı laqeydlik yaranır. Psixologiyada bu vəziyyət dissosiasiya və ya emosional keyləşmə kimi izah edilir. İnsan sanki “bu həyat mənim deyil” hissi ilə yaşayır. Belə məqamlarda insanlar həyatdan zövq almaqda çətinlik çəkir, gələcək üçün plan və hədəf müəyyənləşdirmirlər. Bu da bəzən onlarda mühitdən uzaqlaşmaq və ya dəyişiklik etmək istəyi yarada bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью