Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mətbuat Şurasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Şuranın sədri Rəşad Məcid qanun layihəsinin müasir rəqəmsal çağırışlardan irəli gəldiyini qeyd edərək bildirib ki, uşaqların informasiya təhlükəsizliyinin təmin olunması, onların dünyagörüşünün zərərli məzmunlu materialların təsirindən qorunması və sağlam informasiya mühitində formalaşması dövlət və cəmiyyət qarşısında duran vacib vəzifələrdəndir. Təklif olunan dəyişikliklər bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri Hacıbəy Heydərli, Fərid Pərdəşünas də söyləyiblər ki, son illərdə sosial media platformalarında paylaşılan qorxu, vəhşilik saçan, əxlasızlığı yayan materialların sürətlə artması bütün dünyada ciddi ictimai narahatlıq yaradıb.
Bildirilib ki, Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkə məhz “TikTok” platformasıdır. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması nəzərdə tutulur. Eyni zamanda, 16–18 yaşarası yeniyetmələr yalnız hüquqi əsaslarla təmin edilən valideyn icazəsi ilə sosial şəbəkələrdə hesab aça biləcəklər.
Qanun layihəsinin əsas məqsədi 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır. Bu tələb birbaşa uşaqlara deyil, sosial platformalara yönəlib. Nəzarət məsələsində valideynlərin də üzərinə məsuliyyət və düşür. Onlar uşaqlarının rəqəmsal mühitdə fəaliyyətinə nəzarət etməli, övladlarının internetdən təhlükəsiz istifadəsini diqqətdə saxlamalıdırlar.
Müzakirələrdə Şuranın digər üzvləri, media nümayəndələri və mütəxəssislər də qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparıb, təklif və rəylərini səsləndiriblər.
Sonda qeyd olunub ki, ölkədə davam edən ictimai müzakirələrin əsas məqsədi qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinin ictimaiyyətə çatdırılması, media və informasiya mühitinə mümkün təsirlərinin dəyərləndirilməsi, eləcə də maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsidir.
T.RÜSTƏMLİ
XQ