Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, bu problem tam olaraq aradan qalxmayıb.
Bu gün də müxtəlif sahələrdə uşaq əməyindən istifadə hallarına rast gəlinir. Məhz bunu nəzərə alaraq Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatında deyilir. Qeyd edilib, bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bu gün hələ də küçədə dilənən azyaşlı uşaqlara, eləcə də təsərrüfatda çalışan orta məktəb şagirdlərinə rast gəlinir. Həmçinin son vaxtlar uşaq əməyindən, filmlərdə, reklamlarda da istifadə olunur. Ümumilikdə gəlir əldə edilməsinə yönəlmiş bu fəaliyyət istismar deyilmi?
Məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov “Cebheinfo.az”-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi barədə təklifini dəstəklədiyini deyib:
“Hələ Sovet dövründə uşaqları kəndlərdə ailəyə kömək məqsədilə müxtəlif işlərə göndərirdilər. Ancaq son vaxtlar uşaq əməyindən sui-istifadə halları yaranıb. Məsələn, bazarlara göndərilərək müxtəlif məhsulların satılması ilə uşaqların əməyinin istimarı baş verir. Ailə təsərrüfatında çalışmaq başqa bir mövzudur.
Ancaq son vaxtlar uşaqların birbaşa əməyindən istifadə halları baş verir ki, bununla da onlar təhsildən yayınırlar. Çox vaxt valideynlər uşaqların bu əməyini ailə təsərrüfatına yardım kimi dəyərləndirirlər. Ancaq əfsuslar olsun ki, bu, ailə təsərrüfatına dəstək sayılmır.
Əmək qanunvericiliyinə görə, uşağın 15 yaşdan sonra 4 saat olmaqla, az ağır işlərdə işləməsi mümkündür. Əsasən yüngül işlər olmalı, ağır fiziki işlər olmamalıdır. Ancaq əfsuslar olsun ki, bəzi kəndlərdə 10-11, hətta 8-9 yaşlarında uşaqları tarlalarda, təsərrüfatlarda işlədirlər”.
Sosioloqun fikrincə, uşaqların filmə çəkilməsi dünyanın bütün ölkələrində, elə Azərbaycanda da olub:
“Bu, həm də filmin nə formada çəkilməsinə dən asılıdır. Bizim keçmiş filmlərimizdə uşaqlar da rol alıblar. Ancaq uşaqların reklam çarxlarına çəkilməsi də baş verir. Hansısa paltarın, yeməyin reklamında uşaqlardan istifadə olunursa, burada sırf məqsəd onun əməyindən gəlir əldə etməkdir.
Bizdə əvvəllər istedadların üzə çıxarılması ilə bağlı düşərgələr var idi. Orada istedadlı uşaqları seçirdilər. Onları istedadlarına uyğun olaraq filmlərə çəkirdilər. Ancaq bir də var ki, onların əməyindən istifadə edib reklama çəkirlər.
Ümumiyyətlə, Ailə Məcəlləsinə görə, uşaq 18 yaşa çatana kimi hər bir valideyn məsul şəxslərdir. Qanunvericilik yol verir ki, 18 yaşa çatana kimi uşaqların tərbiyəsində iştirak etməyən, baxımsız saxlayan valideynlərə qarşı cəzalar tətbiq olunsun.
Çünki birbaşa məsuliyyəti onlar daşıyır. Uşağın əməyindən gəlir əldə edilməsinə qanun yol vermir. Uşağın ailə təsərrüfatında çalışmasını sui-istifadə hallarına çeviriblər. Bu gün valideyn 10-11-ci sinif şagirdi olan uşağını bazara aparır və özü bir kənarda oturaraq, süd, meyvə-tərəvəz məhsullarının satışında ondan köməkçi vasitə kimi istifadə edir.
Bu, artıq təsərrüfata kömək deyil. Məsələn, heyvanın qarşısına otun qoyulması kimi müəyyən işlər var ki, onlar ailə təsərrüfatı işidir. Ancaq bu gün o işlər çox da gözə dəymir.
Ancaq bazarlarda satışda valideynlərin yanında uşaqlar da iştirak edir. Burada uşaq təhsildən yayınmaqla yanaşı, intellektual səviyyəsi də inkişaf etmir. Uşaq ona lazım olan informasiyanı bazardan götürür.
Yol hərəkəti qaydalarının son vaxtlar sərtləşdirilməsi artıq insanlarda məsuliyyəti daha da artırdığı kimi, bu məsələdə də insanlarda məsuliyyət yaranması üçün mütləq maliyyə sanksiyası olmalıdır. Bu olmasa, valideyndə məsuliyyət yaranmayacaq. Əgər sanksiya olsa, o, ikinci dəfə uşağını o işə göndərməyəcək, özü işləyəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Uşaqlar Fariz Əkbərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin