Uşaqları öldürən şəbəkələr niyə bloklanmır?

15.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər uşaqların internet və sosial şəbəkələrdən istifadəsinin genişlənməsi ilə yanaşı, onların virtual məkanda qarşılaşdığı təhlükələr də aktuallaşıb.

Xüsusilə müxtəlif oyun platformalarında və sosial şəbəkələrdə yayılan psixoloji təsirli, zərərli məzmunların uşaqların davranışına təsiri ciddi narahatlıq doğurur.

Valideyn nəzarətinin zəif olması və uşaqların internetdə qarşılaşdıqları məzmunu hər zaman düzgün qiymətləndirə bilməməsi isə vəziyyəti daha da riskli edir.

Bakıda baş verən son hadisə isə məsələnin nə qədər ciddi olduğunu bir daha gündəmə gətirib. Belə ki, sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.

Hazırkı araşdırma nəticəsində onun “Roblox” oyun platformasında qarşılaşdığı, psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.

Hadisə uşaqların virtual məkanda qarşılaşdığı məzmunun onların psixologiyasına və davranışlarına mümkün təsiri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.

Uşaqlar üçün təhlükəli məzmunların yayıldığı platformalar niyə vaxtında bloklanmır?

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, əvvəla kimsə kimisə bıçaqla vurub öldürürsə, burada bıçağın günahı yoxdur:

“Günah vuran şəxsin düzgün tərbiyə olunmamasından başlayır. Tutaq ki, interneti söndürdük, uşaqları da çölə tökdük. O zaman buradan belə bir sual yaranır ki, uşağın çöldə oynamağa yeri var? Ucuz dərnəyi, pulsuz stadionu, meydançası var? Yoxdur.

Odur ki, problemin təməlində bizim öz gələcəyimizə olan münasibətimiz dayanır. Bu gün internet kasıb təbəqə üçün həm əyləncə, həm maarifləndirmə, həm kino, həm də teatrdır. Qiymət baxımından ən ucuz başa gələn vasitədir.

İkincisi, bu gün valideyn artıq 8 yox, 10 saat işləməyə məcburdur. Bu da o deməkdir ki, işdən çıxandan sonra evə gəlib, özü internetə girib nəyəsə baxandan sonra yatır.

Yəni uşaqla məşğul olmaq, uşağın həyatı ilə maraqlanmaq üçün valideyn sözün əsl mənasında fədakar olmalıdır. Özünü uşağa fəda etməlidir. Çoxu bunu bacarmır və istəmir.

Sosioloq qeyd edib ki, məhz buna görə də doğulan uşaqların sayı azalır, ailələr dağılır:

“Yəni insanların gələcəyə olan ümidi itib. Odur ki, “ay, nə bilim, oyun belə gəldi, o belə getdi” -bunların hamısı nəticədir, səbəb yox.

Şəxsən mənim anlayışım var deyə, evin bütün internet şəbəkəsini öz telefonuma qoşmuşam. Kim hara girib, haradan çıxıb, bilirəm, nəzarətdə saxlayıram.

Valideynlərin çoxunun belə biliyi yoxdur. Əlbəttə, söhbət ailə gəlirləri aşağı olan ailələrdən gedir. Odur ki, uşaqları başlı-başına Allahın ümidinə buraxmışıq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: sosial şəbəkələr Əhməd Rəhmanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью