Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“TikTok”, “Instagram” və digər sosial şəbəkələrdən istifadənin artması uşaqların psixoloji inkişafı ilə bağlı narahatlıqları da gündəmə gətirir. Bu platformalarda uzun müddət vaxt keçirmək diqqət dağınıqlığına, aqressiv davranışa, özünəinamın zəifləməsinə və asılılığa bənzər hallara səbəb ola bilər.
Mövzu ilə bağlı, psixoloq Ləman Kazımova “Bakupost”a bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə valideyn nəzarəti vacibdir, lakin bu, təkbaşına kifayət etmir. Onun sözlərinə görə, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, aqressiv davranış, özünəinamın zəifləməsi və asılılığa bənzər hallar yarada bilər.
Psixoloq qeyd edib ki, uşaqlar gördükləri paylaşımları bəzən öz həyatları ilə müqayisə edir, özlərini başqalarından geri hiss edirlər. Bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.
L.Kazımovanın fikrincə, valideynlər uşaqlara yalnız qadağalar qoymamalı, onlarla danışmalı, maraqlarını öyrənməli və aralarında güvən yaratmalıdırlar. Uşaq internetdə qarşılaşdığı təhlükələr barədə valideyninə çəkinmədən danışa bilməlidir.
O vurğulayıb ki, bu məsələdə məktəblər, psixoloqlar və sosial şəbəkə platformaları da məsuliyyət daşıyırlar. Əsas məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onlara rəqəmsal platformalardan düzgün və təhlükəsiz istifadə etməyi öyrətməkdir.
Vüsalə Hüseynova,
BakuPost