Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir Zahid Oruc

28.01.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Hər bir millətin həssas, saf və müdafiəyə ehtiyacı olan təbəqəsi məhz uşaqlardır. Dövlətin və xalqın gələcəyi təbii sərvətlərindən daha qiymətli olan uşaqları necə yetişdirməsindən, onları sağlam və savadlı böyütməsindən, şəxsiyyət kimi formalaşdırmasından birbaşa asılıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Uşaq hüquqlarının qorunması”na dair yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə təkcə normativ-akt deyil, daha çox Azərbaycanın gələcək onilliklərini müəyyən edən dövlətin strateji kursudur. Söhbət yeni uşaq siyasətindən gedir. Gələcək nəsilləri sağlam, savadlı və vətənpərvər yetişdirmək sosial tədbirlərdən çox, milli təhlükəsizlik məsələsidir, davamlı inkişaf və mənəvi suverenlik  deməkdir:

"2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Biz torpaqlarımızı azad etdik, suverenliyimizi bütövləşdirdik və on illərlə çadır şəhərciklərində yaşayan “məcburi köçkün uşaqlar” məfhumuna son qoyduq. İndi isə Qələbəni qorumaq və gələcəyə daşımaq mərhələsi başlanır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı Yeni dövrün-Qalib Yüz ilin mərkəzində isə məhz uşaqlar dayanır.

Zəfərdən sonrakı Azərbaycan üçün əsas sual budur: biz hansı cəmiyyəti qururuq və onu kimlər inşa edir? Cavab aydındır-bugünkü uşaqlar sabahın idarəçiləri, müəlllimləri, həkimləri olacaqlar.

Yeni çağırışlar təkcə hərbi meydanlardan deyil, informasiya təhlükəsizliyindən, psixoloji və mənəvi sağlamlıqdan ibarətdir.

Xüsusilə, Vətən müharibəsi dövründə və ondan sonra uşaqlarımıza qəhrəmanlıq hekayələrini ötürmək, Böyük qayıdışla torpaqlarına dönən övladlara prezidentin hər zaman tövsiyyə etdiyi dəyərləri aşılamaq ümummilli vəzifəyə çevrilib.   Yeni qanun layihəsi qalib reallığı nəzərə alır və dövlət siyasətinin ayrılmaz hissəsinə çevilir.

Qələbədən sonrakı təhsilin əhatə etdiyi məktəbli işaqlar üzərində yürütdüyü siyasətin məqsədi təkcə bilik vermək deyil. Təhsil layiqli vətəndaş yetişdirir, məsuliyyətli fərd böyüdür, milli kimliyi və dünyəvi bacarıqları formalaşdırır".

Komitə sədri qeyd edib ki, bəzən uşaqlarımızın kitab və dərs yükündən daha çox ictimai diskussiyalar aparılır, uşaqların asudə vaxtının təşkili, sağlamlığı, sosial mediadan asılılığı, şəxsiyyət kimi formalaşması üçün seçdiyi ideallar daimi müzakirələrə çevrilir.

"Yeni uşaq siyasəti çərçivəsində məktəblərdə psixoloji xidmətin işləkliyi, uşağın istedadının erkən yaşlarda aşkar edilməsi, region-paytaxt fərqinin  azaldılması ideyası əsas yer tutur.

Azad olunan  torpaqlarda qurulan ağıllı kəndlər və məktəblər, o cümlədən, Qarabağ Universiteti, uşaqların, yeniyetmə və gənclərin  gələcəyinə dövlətin qoyduğu sərmayedir. Texnofesti ümumAzərbaycan hərəkatına çevirən dövlət başçısı Səlcuq Bayraqdarı gələcəyimiz olan uşaqlar və gənclər üçün nümunə göstərmişdi. Texnoloji suverenlik ərazi bütövlüyü və siyasi təlülkəsizlikdən ayrılmazdır.

Üçüncü vacib sahə uşaq bağçaları və erkən inkişafdan başlanır. Ona görə də dövlət tərəfindən ənənəvi siyasətə yeniliklər gətirilir. İndi bağçalarla təminatın artırılması üçün özəl sektora bir sıra güzəştlər verilib. Çünki söhbət təkcə tərbiyədən getmir, həm də sosiallaşmanın və ilkin dünyagörüşünün formalaşdığı müəssəsisələrin sayı 2 milyon 730 min olan uşaqlarımızın yalnız 40 faizini əhatə edir. Bağçalarda keyfiyyət standartları, pedaqoji heyətin hazırlığı, valideynlə əməkdaşlıq hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Lakin peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında ayrılan yerlərin sayı ildən-ilə artır. Bu pillə əmək bazarı üçün xüsusi əhəmiyyət daşıyır.

Nəhayət, uşaqların asudə vaxtı və inkişaf mühiti dövlət siyasətinin əsas xəttində yer alır. Uşağın hüququ təkcə oxumaq və qorunmaq deyil, daha çox inkişaf etməkdir. İdman, mədəniyyət, texnologiya, yaradıcılıq mərkəzləri dövlət siyasətinin tərkib hissəsidir.

Qələbədən sonra hər rayonda uşaqlar üçün təhlükəsiz məkanlar, pulsuz və əlçatan dərnəklər, sağlam asudə vaxt infrastrukturu prioritetdir", - deyə o bildirib.

Zahid Orucun sözlərinə görə, uşaqların tərbiyəsi və dəyərlər sistemi haqda danışarkən bilməliiyk ki, biz uşaqları yalnız bilikli yox, mənəvi cəhətdən bütöv və yetkin şəxsiyyət  kimi böyütməliyik. Ona görə Ali Baş Komandan “mənim dövrümdə yetişən nəsil” çağırışını hər zaman qürurla vurğulayır:

"Xüsusi vurğulayaq ki, dövlət institutları ötən dövr ərzində uşaqların ailə-cəmiyyət münasibətlərində yeri, sığınacaqlarla təminat, erkən və qohum nikahlar sahəsində istər hüquqi, istərsə də təşkilati və əməli tədbirlərin miqyasını genişləndiriblər.

Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi digər mərkəzi və yerli hakimiyyət orqanları ilə birlikdə hər il çoxsaylı maarifləndirmə, stimullaşdırma və digər uğurlu layihələr icra edir.  

Xatırladaq ki, hazırda qüvvədə olan və 1998-ci ildə qəbul edilən qanun həmin dövrün məhsulu olmaqla, uşaq hüquqlarının inkişafında müsbət rol oynasa da  aktda uşaq hüquqları və onların təmin edilməsi yolları ümumi əks olunub, normalarda əsasən xüsusi qanunvericilik aktlarına göndərişlər edilib".

Deputat əlavə edib ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb.

"Əmək və Əhalinin sosial müdafiə nüzirliyinin məlumatına görə, 2025-ci ildə 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb.

İkincisi, uşaq hüquqlarının təmin edilməsinə dair sahəvi normativ hüquqi aktlar beynəlxalq hüquq normalarında təsbit edilən vahid yanaşmaları tam və aydın əhatə etmir, Üçüncüsü, yeni qanun layihəsində çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunur, Dövlətin uşaq siyasətinin məqsəd və vəzifələri,  uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramları, uşaq hüquqlarını  təmin edən orqanlar (qurumlar) və digər qurumlar layihədə əksini tapıb, Uşaqların mənafelərinin üstünlüyü prinsipinin əsas təminatları, hüquqların reallaşdırılması üçün uşağa köməyin göstərilməsi daha geniş məzmunda verilir,  valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir, Uşağın ailədə hüquqları və onların müdafiəsi, cəmiyyətdə mənfi, zərərli təsirlərdən qorunması fərqli şəkildə təqdim edilir, Yeni qanun layihəsinə əsasən uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar çətin həyat şəraitində olan uşaqların ilkin müayinəsinin keçirilməsini və təcili-təxirəsalınmaz tədbirlərin görülməsini təşkil etməlidir.

Uşaqlar barəsində mülki, cinayət və inzibati xətalara dair işlər üzrə icraat, inzibati məhkəmə icraatı, inzibati icraat nəzərdə tutulur.

Nəhayət, yekun müddəlarda hüquqi məsuliyyət tədbirləri müəyyən edilir.

Ümidvarıq ki, müzakirələrdə qanun layihəsi daha da təkmilləşəcək və gələcəyimiz olan uşaqların hüquqlarının təminatında mühüm yer tutacaqdır", - deyə Zahid Oruc yekunlaşdırıb.

T.İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью