“Uşaqların rəqəmsal təhlükəsizliyi ortaq məsuliyyətdir”

06.06.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Uşaqların rəqəmsal təhlükəsizliyi təkcə bir qurumun və ya bir tərəfin üzərinə düşən məsuliyyət deyil”.

Bu fikirləri ekspert Əmrah Həsənli xalqcebhesi.az-a açıqlamasında deyib.

O bildirib ki, bu sahədə dövlət, ailə və texnologiya şirkətlərindən ibarət bütöv bir ekosistem mövcuddur və hər bir tərəf öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir:

“Rəqəmsal mühitdə uşaqların qorunması məsələsində məsuliyyətin bir tərəfdən digərinə ötürülməsi problemin həllinə deyil, daha da dərinləşməsinə səbəb olur.

Təəssüf ki, bəzən valideyn dövləti günahlandırır, dövlət qanunvericilik tədbirləri ilə kifayətlənir, platformalar isə daha çox kommersiya maraqlarını ön planda saxlayır. Halbuki uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması kollektiv məsuliyyət tələb edir. Bu zəncirin hər hansı bir halqasında yaranan boşluq gələcəyimiz üçün ciddi risklər yarada bilər”.

Ə.Həsənlinin sözlərinə görə, bu proses ilk növbədə ailədən başlamalıdır:

“Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mədəniyyəti uşaqlara ilk olaraq ailədə aşılanmalıdır. Bəzi valideynlər uşağın telefon və ya planşetdən istifadə etməsini rahatlıq kimi qiymətləndirirlər. Lakin unutmaq olmaz ki, necə valideyn övladının real həyatda harada olduğunu və kimlə ünsiyyət qurduğunu izləyirsə, virtual mühitdə də eyni diqqəti göstərməlidir. Burada məqsəd uşağı məhdudlaşdırmaq deyil, onda sağlam rəqəmsal davranış formalaşdırmaqdır. Valideynlər həm şəxsi nümunə göstərməli, həm də rəqəmsal nəzarət vasitələrindən düzgün istifadə etməyi bacarmalıdırlar”.

Ekspert hesab edir ki, dövlətin də bu istiqamətdə üzərinə mühüm vəzifələr düşür:

“Dövlət uşaqların şəxsi məlumatlarının qorunmasını və zərərli məzmunların qarşısının alınmasını təmin edən hüquqi mexanizmləri daha da gücləndirməlidir. Eyni zamanda, rəqəmsal təhlükəsizlik təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir. Məktəblərdə şagirdlərə yalnız texnologiyadan istifadə qaydaları deyil, həm də kiberbullinq, şəxsi məlumatların qorunması və onlayn risklərə qarşı davranış qaydaları öyrədilməlidir. Dövlət bu sahədə həm tənzimləyici, həm də maarifləndirici funksiyanı yerinə yetirməlidir”.

Ə.Həsənli qeyd edib ki, sosial şəbəkə platformaları və texnologiya şirkətləri də məsuliyyətdən kənarda qala bilməz:

“Təəssüf ki, bir çox hallarda istifadəçi sayı və kommersiya maraqları uşaqların təhlükəsizliyindən üstün tutulur. Halbuki platformalar azyaşlı istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa borcludurlar. Süni intellekt alqoritmləri uşaqların qarşısına aqressiv, asılılıq yaradan və yaşlarına uyğun olmayan məzmunların çıxmasının qarşısını almalıdır. Yaş məhdudiyyətləri formal xarakter daşımamalı, daha effektiv texnoloji yoxlama mexanizmləri tətbiq edilməlidir. Uşaqların rəqəmsal təhlükəsizliyi vahid yanaşma tələb edən məsələdir.Dövlət qaydaları müəyyənləşdirməli, platformalar təhlükəsiz texnoloji mühit formalaşdırmalı, valideynlər isə evdə bu prosesi düzgün idarə etməlidirlər. Yalnız bu üçtərəfli əməkdaşlıq sayəsində uşaqlarımızı rəqəmsal dünyanın yaratdığı risklərdən daha etibarlı şəkildə qoruya bilərik”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью