Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Uşaqlar gülərsə, dünyamız gülər. Onların xoşbəxtliyi yalnız bir ailənin deyil, bütün bəşəriyyətin sevincidir. Çöhrələrindəki təbəssüm, gözlərindəki sevinc, qəlblərindəki inam həyatın ən böyük gözəlliyidir. Bu gün sağlam mühitdə böyütdüyümüz, sevgimizlə, qayğımızla əhatə etdiyimiz uşaqlar sabah cəmiyyətin taleyini müəyyənləşdirəcəklər.
Uşaqların hüquqlarının qorunması, onların fiziki və mənəvi sağlamlığının, sosial rifahının təmin edilməsi ailənin, cəmiyyətin və dövlətin məsuliyyətidir. 20 Noyabr Beynəlxalq Uşaqların Müdafiəsi Günü bu məsuliyyəti bir daha gündəmə gətirir, uşaq hüquqlarının müdafiəsinin, onların üzləşdiyi problemlərin vaxtında müəyyənləşdirilməsinin və hər bir uşağın layiqli həyat şəraiti ilə təmin olunmasının əhəmiyyətini diqqətə çatdırır.
Müasir dövrdə uşaqların müdafiəsi məsələsi daha geniş yanaşma tələb edir. Sosial çətinliklər, ailədaxili problemlər, zorakılıq, laqeydlik, rəqəmsal mühitdə yaranan təhlükələr və digər risklər bu sahədə sistemli, ardıcıl və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini zəruri edir. Əsas məqsəd yalnız hüquq pozuntularına müdaxilə etmək deyil, belə halların qarşısını almaq, risk qrupunda olan uşaqları vaxtında müəyyənləşdirmək, onların müdafiəsi və cəmiyyətə inteqrasiyası üçün şərait yaratmaqdır.
Bəs ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində hansı işlər görülür, uşaqların qarşılaşdığı problemlərin həlli üçün hansı mexanizmlər tətbiq olunur, dövlət qurumları, ailə və cəmiyyət arasında əməkdaşlıq hansı səviyyədədir? Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva ilə söhbətimiz də bu barədədir.
– Məlahət xanım, uşaqların müdafiəsi sahəsində mühüm məsələlərdən biri hüquq pozuntusu baş verdikdən sonra müdaxilə deyil, bu təhlükəni əvvəlcədən müəyyənləşdirməkdir. Təhsilalanın risk altında olduğu hansı meyarlar əsasında müəyyən edilir və fəaliyyətlərin əlaqələndirilməsi üçün hansı mexanizmlər mövcuddur?
– İlk olaraq qeyd edim ki, bu il də ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Uşaq hüquqlarının müdafiəsi çox geniş sahədir. Hər uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, təhsil alması, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunması üçün bütün imkanlardan istifadə etməlidirlər.
Uşaqların Müdafiəsi İdarəsinin fəaliyyətinin əsas istiqamətlərinə təhsil mühitində uşaqların hüquqi və qanuni mənafelərinə təhlükə yaradan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, müraciətlərin araşdırılması, qabaqlayıcı tədbirlərin təşkili, məktəblərdə çalışan mütəxəssislər və sosial pedaqoqlarla işin əlaqələndirilməsi, o cümlədən aidiyyəti qurumlar ilə əməkdaşlıq daxildir. Əsas məqsəd hüquq pozuntularının baş verməməsi üçün riskləri erkən mərhələdə aşkar etmək, onların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görməkdir.
Bununla yanaşı, uşaqların müdafiəsi yalnız təhsil müəssisələri çərçivəsində həyata keçirilən tədbirlərlə məhdudlaşmamalıdır. Bu proses ailələrin dəstəklənməsini, sosial xidmətlərə əlçatanlılığı, səhiyyə və hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsini, habelə yerli uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla səmərəli əməkdaşlığın qurulmasını tələb edir. Qeyd olunanlar milli qanunvericiliklə də təsbit olunmuşdur.
Ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı aparılan məqsədyönlü islahatlar bu sahədə effektiv sosial və hüquqi mexanizmlərin yaradılmasına təkan vermiş, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər hüquqi baza formalaşmışdır.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsinə yönəlmiş institusional mexanizmlərin formalaşdırılması, bərabər imkanların yaradılması və inklüzivliyin təşviqi dövlət siyasətinin əsas məqsədləri sırasındadır. Qanunun 10-cu maddəsində isə uşağın üstün mənafeyinin qorunması, ailələrə dəstəyin göstərilməsi, valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi uşaqların hüquqlarının təmin olunmasının əsas istiqamətləri kimi təsbit edilir.
– Məktəblərdə bullinq, təhsilalanlar arasında zorakılıq, psixoloji təzyiq halları və qanunazidd davranışlar uşağın yalnız təhsilinə deyil, gələcək şəxsiyyət kimi formalaşmasına da təsir edir. Belə hadisələr aşkarlandıqda idarənin müdaxiləsi hansı mərhələləri əhatə edir?
– Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri təhsil mühitində bullinq əlamətlərinin müəyyən olunması, potensial risklərin qiymətləndirilməsi, habelə uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prosesində bilavasitə iştirak edirlər. İdarənin təhsil müəssisələrində fəaliyyət göstərən mütəxəssislərinin və sosial pedaqoqların təhsilalanlarla mütəmadi ünsiyyətdə olmaları onların üzləşdikləri problemlərin, potensial risklərin və müdaxilə tələb edən halların erkən mərhələdə müəyyən olunmasına imkan yaradır. Qeyd olunan fəaliyyət təhsil müəssisələrinin psixoloqları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
Bullinq halları aşkar edildikdə müvafiq araşdırmalar aparılır, səlahiyyətlər çərçivəsində zəruri müdaxilələr edilir, zərərçəkmiş təhsilalanlara psixoloji dəstək göstərilir, habelə analoji halların təkrarlanmasının qarşısı alınır. Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.1.3-cü yarımbəndinə əsasən, təhsilalanların həyatı və sağlamlığı üçün təhlükəsiz şəraitin yaradılması ümumi təhsil müəssisəsinin vəzifələrindəndir. Bullinq hallarının vaxtında qarşısının alınması, zəruri müdaxilə, habelə uşaqların təhlükəsizliyinin təmin edilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması prosesinə məktəb rəhbərliyi və valideynlər də cəlb edilir.
Əlavə olaraq, mütəxəssislər təhsilalanlar üçün maarifləndirici görüşlər və təlimlər keçirlər. Uşaqlara hansı davranışların bullinq hesab edildiyi, belə hallarla qarşılaşdıqda necə davranmalı olduqları izah edilir. Təhsilalanlar arasında qarşılıqlı hörmət, empatiya, fərqliliklərin qəbul edilməsi və sağlam ünsiyyət bacarıqlarının formalaşdırılmasına da xüsusi diqqət yetirilir.
– Uşaqların hüquqlarının pozulması ilə bağlı məlumatların bir qismi məktəb rəhbərliyinə və ya aidiyyəti qurumlara çatmaya bilər. Uşağın qorxduğu, susduğu və ya şikayətinin nəticəsiz qalacağını düşündüyü hallarda problemin üzə çıxarılması üçün hansı imkanlar yaradılıb? Uşaqların təhlükəsiz və məxfi müraciət etməsi necə təmin olunur?
– Uşaqların zorakılıq, sui-istifadə və ya istismar halları barədə məlumatların qorunması və zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə təhsil müəssisələrində qutular yerləşdirilmişdir. Bununla yanaşı, şagirdlər “Qaynar xətt” xidmətləri barədə məlumatlandırılır və onlara Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt xidməti barədə broşürlər paylanılır. Məlumat üçün bildirim ki, təhsilalanların müraciətlərinin məxfiliyinin qorunması mütəxəssis və sosial pedaqoqların əmək müqaviləsi üzrə vəzifə funksiyalarına aiddir.
– Ailədə baş verən zorakılıq, valideyn laqeydliyi və uşağın ehtiyaclarının qarşılanmaması bəzən onun davranışında, dərsə davamiyyətində və nəticələrində özünü göstərir. Ailədəki vəziyyət uşağın təhlükəsizliyinə təhdid yaratdıqda idarənin müdaxilə imkanları nədən ibarətdir?
– Təhsil müəssisələrində uşaqların təhlükəsiz təhsil mühiti təmin edilməli, ayrı-seçkilik və bullinq hallarının qarşısı alınmalı, onların şərəf və ləyaqətinə hörmət olunması, habelə potensial risklərin vaxtında müəyyən edilməsi istiqamətində müvafiq işlər görülməlidir. Sosial xidmət, səhiyyə, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar da öz səlahiyyətləri çərçivəsində zəruri müdafiə və dəstək tədbirləri həyata keçirməlidirlər. Pedaqoji heyət təhsilalanların davranışlarında qısa zaman müddətində baş verən dəyişikliklərə, özünəqapanma, davamlı qorxu hissi, həmyaşıdlarından uzaqlaşma, dərslərə marağın azalması, təhsildən yayınma, eləcə də mənşəyi izah olunmayan xəsarət izlərinə xüsusi diqqət yetirməlidirlər.
Ümumi təhsil müəssisələrində aparılan sosial-pedaqoji işin əsas istiqamətlərindən biri də çətin tərbiyə olunan uşaqlarla işin aparılmasıdır. Hər tədris ilinin əvvəlində idarənin təhsil müəssisələrinə təhkim olunan əməkdaşlarına qanunazidd davranışlı, çətin tərbiyə olan uşaqlarla iş planının tərtib olunması və sosial-pedaqoji işin aparılmasına metodiki dəstək məqsədilə təlimlər keçirilir, onların sualları cavablandırılır.
Təcrübəyə əsaslanaraq qeyd etmək istərdim ki, yetkinlik yaşına çatmayanların şəxsiyyətinin, davranış xüsusiyyətlərinin və mənəvi-əxlaqi dəyərlərinin formalaşmasında ailə mühiti mühüm rol oynayır. Xüsusilə, disfunksional ailə mühiti yeniyetmələrdə qanunazidd davranışların formalaşmasına təsir göstərən əsas risk amillərindəndir.
Ailədaxili münasibətlərdə davamlı münaqişələrin, psixoloji gərginliyin, zorakılığın və valideyn nəzarətinin zəif olması uşaqların sosial-psixoloji inkişafına mənfi təsir göstərir. Belə hallarda ailənin tərbiyəedici və qoruyucu funksiyası zəifləyir, nəticədə, yeniyetmələr təhsildən yayınır, antisosial davranışlara və qanunazidd əməllərə meyillənir. Ailə mühiti uşağın şəxsiyyətinin və mənəvi-əxlaqi dəyərlərinin formalaşmasında həm mühüm qoruyucu amil, əlverişsiz şəraitdə isə risk mənbəyi kimi çıxış edir.
“Uşaq hüquqları haqqında” Qanunda dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlıq, ailələrə dəstək və valideyn məsuliyyətinin artırılması uşaqların mənafelərinin üstünlüyünün təminatları kimi müəyyən edilmişdir. Qanunun 18.6-cı maddəsində isə uşaqlarla müntəzəm təmasda olan şəxslərin uşaq hüquqları və zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi barədə maarifləndirilməsi, təlimatlandırılması istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş tələblərin icrası məqsədilə ümumi təhsil müəssisələrində pedaqoji heyət və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər təşkil olunur. Uşaqların hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş profilaktik tədbirlər potensial risklərin qarşısının alınması və təhlükəsiz təhsil mühitinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
– Uşağın müdafiəsi çox vaxt bir neçə qurumun birgə fəaliyyətini tələb edir. Lakin müxtəlif qurumların iştirak etdiyi proseslərdə məsuliyyətin bölüşdürülməsi və qərarların icrası xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisəsi, sosial xidmətlər, səhiyyə və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq hansı mexanizmlərlə tənzimlənir?
– Uşaqların Müdafiəsi İdarəsinin sosial pedaqoqları ümumi təhsil müəssisələrinə təhkim edilirlər. Şagirdin təhsildə müvəffəqiyyət qazanmasına maneçilik törədən faktorların, yəni valideynlərinin şagirdin məktəbə getməsinə maneçilik törətməsi və ya uşağın təhsilinə laqeyd yanaşması, ailənin çətin həyat şəraitində olması səbəbindən təhsildən yayınması, dərsə davamiyyət göstəricilərinin aşağı olması, sinif yoldaşlarının münasibəti səbəbindən özünə qapanması və s. kimi halların müəyyənləşdirilməsi, onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün əlaqədar qurumlarla işin təşkili sosial pedaqoqların əsas vəzifəsidir.
Zərurət yarandığı halda ailədə sosial problemlər, valideyn etinasızlığı, disfunksional ailələrlə bağlı məsələlərin həlli istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət olunur. Əlavə olaraq bildirim ki, agentlik sosial pedaqoqlara uşağın təhlükəsizliyinin qiymətləndirilməsi ilə bağlı sorğu formasının tərtib olunması üzrə təlimlər keçir. Agentliyin yerli filiallarının əməkdaşları ilə birgə sosial risk qrupuna aid olan şagirdlərin ailələrində olur, ehtiyac olduqda ünvanlı sosial yardım və ya digər müavinətlər təyin olunur.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəb psixoloqları üçün “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminarlar təşkil edilmişdir. İdarənin rəis müavini Günel Səfərova məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvüdür. Seminarların keçirilməsində məqsəd məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması istiqamətində maarifləndirilməsidir.
Bununla yanaşı, idarənin rəis müavini Həbib Kərimov “Məktəbdə psixoloji xidmətin təşkili və sosial pedaqoji işin aparılmasında psixoloqun rolu” mövzusunda təlim keçmişdir. Təlim zamanı psixoloqlara ümumtəhsil müəssisələrində sosial-pedaqoji işin təşkili və məktəbə təhkim olunmuş sosial pedaqoqların əmək funksiyaları, sosial pedaqoji və psixoloji aspektlər nəzərə alınaraq sosial pedaqoq və psixoloq tərəfindən, problemlərin həllinə kompleks yanaşmanın tətbiqi yolları, istifadə edilən metodlar barədə məlumat verilmiş, suallar cavablandırılmışdır. Həmçinin sosial-psixoloji mühitin ilkin təhlili və nəticələrə əsasən iş planının hazırlanması, psixodiaqnostik testlərin protokolunun tərtib olunması, hər uşaq barədə psixoloji rəyin yazılması, müəyyən olunmuş problemin tədqiqi və həlli yolları nəzəri, praktik şəkildə öyrədilmişdir. Qeyd olunan fəaliyyətlər Uşaqların Müdafiəsi İdarəsinin metodiki rəhbərliyi, eyni zamanda, dəstəyi ilə ümumi təhsil müəssisəsinin direktoru və pedaqoji kollektivi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Çətin həyat şəraitində olan ailələrin övladlarının sağlamlığı ilə bağlı təxirə salınmadan dəstək, klinik psixoloji yardım göstərilməsi və s. bu qəbildən olan problemlərin həlli istiqamətində Səhiyyə Nazirliyi və TƏBİB-lə səmərəli əməkdaşlıq qurulmuşdur.
Ümumi təhsil müəssisələrində davranış pozuntusu olan təhsilalanlarla bağlı profilaktik işin aparılması istiqamətində Daxili İşlər Nazirliyinin yerli qurumlar ilə əməkdaşlıq qurulmuşdur. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru məktəblərdə olur, zərurət yarandığı halda valideynlərlə profilaktik söhbətlər aparılır. Təhsildən yayınma halları olduqda Daxili İşlər Nazirliyinin yerli qurumlarına müraciət olunur.
Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.
– Ətraflı məlumata görə təşəkkür edirik.
Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ