Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisdə yeni - “Uşaq hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və digər qonaqlar iştirak edir.
Müzakirəyə çıxarılan qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir. Layihədə uşaqların ailədə, cəmiyyətdə yaşamaq hüquqları, müdafiəsi, uşaqlar barəsində dövlət siyasəti öz əksini tapıb.
“Uşaq hüquqları haqqında” qanun layihəsində uşaq hüquqları ilə bağlı bir sıra anlayışlar qanunvericiliyə salınır. Bunlar aşağıdakılardır:
- çətin həyat şəraitində olan uşaqlar – həyat fəaliyyəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş halların mövcudluğu nəticəsində pozulan və bu halları təkbaşına və ya ailəsinin köməyi ilə aradan qaldıra bilməyən uşaqlar;
- erkən evlilik – uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;
- uşağın qanuni nümayəndələri – valideynlər, valideynləri əvəz edən şəxslər, onlar olmadıqda qəyyumluq və himayəçilik orqanının nümayəndəsi;
- uşağın sosial reabilitasiyası – uşağın normal yaşayış mühitinin, sosial əlaqələrinin bərpası və ona qayğı göstərilməsi üzrə həyata keçirilən kompleks tədbirlər;
- uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləri;
- uşaq – 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs;
- uşaqlar barəsində icraat – uşaqlar barəsində mülki işlər, cinayət işləri, inzibati xətalara və inzibati mübahisələrə dair işlər üzrə icraat, inzibati icraat;
- uşaqlara qarşı cismani cəza – valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşaqlara qarşı törədilən fiziki və (və ya) psixoloji zorakılıq;
- uşaqlara qarşı zorakılığın formaları – fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq, cismani cəza, etinasız rəftar, təhlükədə qoyma, istismar, davamlı təzyiq və aqressiv davranış;
- uşaqlara qarşı zorakılıq – uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməl (hərəkət və ya hərəkətsizlik);
- valideynləri əvəz edən şəxslər – övladlığa götürənlər, qəyyumlar (himayəçilər).
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Nuranə Daxilqızı