Uşaqlarla bu mövzu necə danışılmalıdır?

08.06.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqların sağlam inkişafında cinsi tərbiyə mühüm rol oynayan mövzulardan biri hesab edilir. Mütəxəssislər bildirirlər ki, uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə məlumatlandırılması onların həm öz bədənlərini daha yaxşı tanımalarına, həm də müxtəlif risklərdən qorunmalarına kömək edir. Buna baxmayaraq, bir çox valideynlər bu mövzuda necə davranmalı olduqları, uşaqlarla hansı formada danışmağın daha doğru olduğu barədə tərəddüd yaşayırlar.
Psixoloqlar və sosial tədqiqatçılar qeyd edirlər ki, cinsi tərbiyə yalnız yeniyetməlik dövrü ilə bağlı deyil, uşağın inkişaf mərhələlərinə uyğun şəkildə mərhələli olaraq aparılmalı olan maarifləndirici prosesdir. Bu prosesdə ailənin rolu xüsusi əhəmiyyət daşıyır və valideynlərin düzgün yanaşması uşağın gələcək psixoloji inkişafına müsbət təsir göstərir.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, uşaqlara cinsi tərbiyə mütləq verilməlidir:
"Əsasən iki tərəf bu işi görə bilər: valideyn və psixoloq. Yəni qız uşaqları ilə ana, oğlan uşaqları ilə isə ata bu mövzularda danışa bilər. Əgər ailə daxilində bu mövzuda müəyyən bir gərginlik və ya çəkinmə varsa, psixoloqa müraciət etmək mümkündür və psixoloq cinsi tərbiyə ilə bağlı düzgün tövsiyələr verə bilər.
Məsələnin əsas tərəfi isə budur ki, ümumiyyətlə cinsi tərbiyə lazımdırmı və nə üçün lazımdır? Çünki uşaqlar bu mövzularda məlumatlı olmasalar, müxtəlif yanlış təsirlərə məruz qala və travma yaşaya bilərlər. Bu travmalar isə onların gələcək həyatına mənfi təsir göstərə bilər. Ona görə də uşaqlara çəkinmədən, yaşlarına uyğun şəkildə cinsi tərbiyə verilməlidir ki, onlar bu barədə düzgün və sağlam məlumatlara sahib olsunlar", - deyə o bildirib.
Sosioloqun sözlərinə görə, uşaqların məlumatı etibarlı mənbələrdən əldə etməsi olduqca vacibdir. Əks halda onlar müxtəlif qeyri-dəqiq mənbələrdən, yaşıdlarından və ya internetdəki yanlış məlumatlardan təsirlənə bilərlər. Bu isə gələcəkdə həm psixoloji, həm də sosial problemlərə səbəb ola bilər.
Ekspert hesab edir ki, valideynlərin bu mövzuda açıq ünsiyyət qurması uşaqlarla etibarlı münasibətin formalaşmasına da müsbət təsir göstərir. Uşaq ailədə onu maraqlandıran suallara doğru cavab ala bildikdə, gələcəkdə qarşılaşdığı problemləri də daha rahat şəkildə valideynləri ilə bölüşə bilir.
Mütəxəssislər vurğulayırlar ki, cinsi tərbiyə yalnız bioloji məlumatların verilməsi deyil, eyni zamanda şəxsi sərhədlər, təhlükəsizlik qaydaları, qarşılıqlı hörmət və məsuliyyət hissinin aşılanmasını da əhatə edir. Bu baxımdan uşaqların yaşlarına uyğun şəkildə maarifləndirilməsi onların həm fiziki, həm də psixoloji rifahı üçün vacib hesab olunur.
Qeyd olunur ki, ailə daxilində bu mövzunun tabu kimi qəbul edilməməsi və uşaqların suallarının təbii qarşılanması sağlam inkişafın vacib şərtlərindən biridir. Lazım gəldikdə isə valideynlər peşəkar psixoloq dəstəyindən yararlanaraq uşaqların yaşına uyğun və düzgün məlumatlandırılmasını təmin edə bilərlər.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью