Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Belə bir iddia qarşıma çıxdı ki, azyaşlı uşaqların kompyüter oyunlarına aludəçiliyi Autizm Spektr Pozuntusu yaradır. Sözün düzü məni maraq götürdü. Çünki bildiyimə görə, Autizm neyroinkişaf xüsusiyyətidir və o sonradan qazanılmır. Araşdırdım, aşağıdakıları aşkarladım. Məsələ ondadır ki, əziz valideynlər, narahatedici məqamlar həqiqətən var, lakin başqa xüsusiyyətləri ilə”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspert bildirib ki, bəzi oyunlar və ümumiyyətlə ekran qarşısında həddindən artıq vaxt keçirmək autizmə bənzər davranışlar yarada və ya mövcud inkişaf problemlərini üzə çıxara bilər:
“Xüsusilə riskli təsir yaradan oyun tipi konkret adlarla yox, xüsusiyyətlərinə görə müəyyən olunur. Sürətli dəyişən, yüksək səs və parlaq işıqlı oyunlar uşağın sinir sistemini həddən artıq stimullaşdırır, diqqət və özünütənzimləmə mexanizmlərini zəiflədir. Sosial ünsiyyəti sıfıra endirən, təkbaşına uzun müddət oynanan oyunlar uşağın sosial bacarıqlarının formalaşmasını ləngidir. Mükafat əsaslı, asılılıq yaradan oyun mexanikaları (sürətli xal, səviyyə, bonuslar) uşağın real həyatla marağını azalda bilər. Oyunlar autizm yaratmır. Amma inkişafı zəif olan və ya risk qrupunda olan uşaqlarda simptomların görünməsini sürətləndirə bilər. Uzunmüddətli, nəzarətsiz ekran istifadəsi erkən yaşda dil, diqqət və sosial inkişafı zəiflədir. Xüsusilə 0–3 yaş arası uşaqlarda ekran istifadəsi kəskin məhdudlaşdırılmalıdır. Bu yaşda beynin sosial və emosional strukturları məhz canlı ünsiyyətlə formalaşır. Uşaqlarla canlı ünsiyyətə vaxt ayırın”.
Vasif ƏLİHÜSEYN