Uşaqlığın ilk iki ilində şəkər qəbul etməmək ömrü uzada bilər araşdırma

06.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elmi ədəbiyyatda şəkərin insan sağlamlığına, xüsusilə orqanizmin formalaşdığı erkən yaş dövründə təsiri uzun müddətdir müzakirə olunur. Lakin bu təsirləri dəqiq öyrənmək üçün böyük uşaq qruplarının uzun müddət müşahidəsi tələb olunur.

Nature Communications jurnalında dərc olunan yeni tədqiqatda alimlər Böyük Britaniyanın ötən əsrin ortalarına aid tarixi məlumatlarından istifadə ediblər. Araşdırmaya həyatlarının ilk iki ili 1951–1953-cü illərə təsadüf edən təxminən 65 min britaniyalının məlumatları daxil edilib.

1940-cı ildən 1953-cü ilin sentyabrına qədər Böyük Britaniyada ərzaq qıtlığı səbəbindən şəkər və şirniyyatların istehlakı talon sistemi ilə məhdudlaşdırılırdı. İki yaşına çatmamış uşaqlar isə ümumiyyətlə şəkər norması almırdılar. 1953-cü ilin sentyabrında talon sisteminin ləğvindən sonra adambaşına şəkər istehlakı bir neçə ay ərzində təxminən 1,5 dəfə artdı.

Alimlər bu vəziyyətdən istifadə edərək uşaqlıqda şəkərə çıxışı məhdud olan insanlarla daha çox şəkər qəbul edənləri müqayisə ediblər. Digər ərzaqların istehlakında ciddi dəyişiklik müşahidə olunmadığından, tədqiqatçılar əsas fərqləndirici amilin şəkər istehlakı olduğunu ehtimal ediblər.

Müasir dövrdə aparılan ölçmələr göstərib ki, həyatının ilk iki ilində şəkər qəbul etməyən insanlar 55 yaşlarında gündə orta hesabla 4,14 qram daha az şəkər istehlak ediblər. Onların qanında qlükoza səviyyəsi də daha aşağı olub.

Tədqiqatın ən diqqətçəkən nəticəsi yaş fərqi nəzərə alınmaqla aparılan hesablamalarda şəkərə erkən yaşlarda çıxışı olmayan insanlarda ölüm göstəricisinin digər qrupla müqayisədə 19 faiz aşağı olmasıdır.

Bundan əlavə, əsas orqanların toxumalarının bioloji yaşını qiymətləndirən testlər şəkər qəbul etməyən qrupun bioloji yaşının təxminən 1–1,2 il daha az olduğunu göstərib. Bununla belə, alimlər ölüm göstəricilərindəki fərqin hansı mexanizmlərlə yarandığını tam müəyyən edə bilməyiblər.

Qeyd: Tədqiqatın nəticələri uşaqlıqda şəkərin məhdudlaşdırılması ilə sonrakı sağlamlıq göstəriciləri arasında əlaqəyə işarə edir. Lakin bu nəticələr şəkər qəbul etməməyin ömrü mütləq uzatdığını sübut etmir. Söhbət əsasən əlavə şəkərdən gedir; meyvə, süd və digər qidalarda təbii şəkildə olan şəkərləri onunla eyniləşdirmək olmaz.

Hazırladı:

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью