Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Müharibənin dayandırılması üçün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisini tərk etməlidir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "RİA-Novosti" təbliğat agentliyinə şərhində bildirib.
O deyib ki, bu, sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir.
"Ukrayna silahlı qüvvələri Donbas ərazisini tərk etməlidir, bu, Rusiya tərəfinin mühüm şərtidir", – deyə Peskov bəyan edib.
Bundan əlavə, Putinin mətbuat katibi bildirib ki, Moskva Ukrayna üzrə danışıqlar prosesi çərçivəsində detalları rəsmi şəkildə açıqlamaq istəmir, çünki bunu məqsədəuyğun hesab etmir.
BƏƏ-dəki danışıqlarda Rusiyanın təhlükəsizlik üzrə işçi qrupu yalnız Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət olacaq, deyə o əlavə edib. Ötən gecə onlar Putindən müvafiq təlimatları alıblar.
UNİAN-ın xəbər verdiyi kimi, Rusiya rəhbəri Vladimir Putin cümə axşamı gecə saatlarında ABŞ Prezidenti Donald Trampın üç nümayəndəsi ilə Ukraynadakı müharibənin mümkün dayandırılmasını müzakirə etmək üçün görüş keçirib.
Kreml tərəfindən qeyd edildiyi kimi, görüş təxminən dörd saat davam edib və Moskva vaxtı ilə gecə yarısına az qalmış başa çatıb. Danışıqlar "məzmunlu, konstruktiv və konfidensial" (məxfi) adlandırılıb.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət zamanı Putin açıq şəkildə bildirib: ərazi məsələsi həll olunmadan müharibənin uzunmüddətli nizamlanmasından söhbət gedə bilməz.
"Ankoricdə razılaşdırılmış formula üzrə ərazi məsələsi həll edilmədən, uzunmüddətli nizamlanmaya nail olunacağını gözləməyə dəyməz", – deyə Uşakov danışıqlardan sonra bəyan edib.
Alpər