Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropanın beş aparıcı ölkəsindən toplanan rəsmi statistika göstərir ki, cari yay mövsümündə hökm sürən anomal istilər səbəbindən təxminən 10 min əlavə ölüm halı qeydə alınıb.
XQ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi həddindən artıq yüksək temperaturun artıq qlobal bir sağlamlıq böhranına çevrildiyi barədə bəyanat yayıb. Təşkilat həm beynəlxalq səyahətçiləri, həm də regional hökumətləri iqlim dəyişikliyinin bu fəsadlarına qarşı daha hazırlıqlı olmağa çağırıb.
Rəsmi mətbuat açıqlamasında Avropa qitəsi planetin ən intensiv istiləşən bölgəsi adlandırılıb. Bildirilib ki, bu qitədə temperatur qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə yüksəlir. Bəyanatda vurğulanıb ki, ölümcül dərəcədə yüksək temperatur göstəriciləri təkcə insan həyatını təhdid etmir, həmçinin səhiyyə, təcili tibbi yardım və sosial xidmət sistemləri başda olmaqla həyati əhəmiyyətli dövlət infrastrukturlarına ağır əlavə təzyiqlər yaradır.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klyuge mövzu ilə bağlı dəhşətli statistikanı paylaşıb: “Son dörd il ərzində regionda qeydə alınan güclü istilik dalğaları 200 mindən çox insanın vaxtsız ölümünə səbəb olub. Son iki onillikdə isə regionda anomal istidən qaynaqlanan ölüm halları ümumilikdə 30 faiz artıb”.
Yaranmış kritik vəziyyəti tənzimləmək üçün təşkilatın regional ofisi ölkələrin mütəmadi təkrarlanan iqlim böhranına qarşı davamlılığını artırmaq, adekvat reaksiya vermək və adaptasiya prosesini sürətləndirmək məqsədilə xüsusi ictimai səhiyyə paketləri və tövsiyələr hazırlayıb. Bu tədbirlər sırasına istilik dalğaları və meşə yanğınları zamanı davranış qaydalarını tənzimləyən texniki rəhbərlik, həmçinin milli səviyyədə tətbiq edilməsi nəzərdə tutulan istilik-sağlamlıq fəaliyyət planları üzrə yeni təlimatlar daxildir.