Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Maliyyə daxilolmalarının kəskin azalması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) prioritetləri düzgün müəyyənləşdirmək və əsas proqramları qorumaq məqsədilə fəaliyyətini yenidən nəzərdən keçirməyə məcbur olub. Xüsusilə də ÜST-də bir sıra şöbələr birləşdirilib, qərargahda ali rəhbərliyin komandası iki dəfə, direktorların sayı isə demək olar ki, iki dəfə azaldılıb.
AZƏRTAC xəbər verir ki, bunu çərşənbə günü ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın İcraiyyə Şurasının büdcə komitəsinin iclasında çıxışı zamanı bildirib. “Son 12 ay ərzində biz prioritetlərin müəyyənləşdirilməsi və fəaliyyətin yenidən istiqamətləndirilməsi üzrə ağrılı, lakin zəruri prosesdən keçmişik”, – deyə o qeyd edib.
Maliyyə çatışmazlığı səbəbindən 2026–2027-ci illər üçün büdcəyə bir neçə dəfə yenidən baxılmalı olub. Qebreyesusun sözlərinə görə, bu proses zamanı gender balansını və regional təmsilçiliyi qorumaq mümkün olub.
O xatırladıb ki, islahat prosesi hələ 2017–2018-ci illərdə başlayıb və həmin vaxt ÜST-ün bir neçə donordan həddən artıq asılılığı “müəyyən edilib”. Təşkilatda mövcud risklərin aradan qaldırılması üçün bir sıra tədbirlər görülüb.
“Biz təklif etdik və 2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyası hesablanmış üzvlük haqlarının baza büdcəsinin cəmi 14 faizindən 50 faizə qədər tədricən artırılmasını nəzərdə tutan planı təsdiqlədik”, – deyə məruzəçi bildirib. Bundan əlavə, onun sözlərinə görə, donor bazasının genişləndirilməsi üçün ÜST Fondu yaradılıb.
Bu tədbirlər görülməsəydi, qiymətləndirmələrə görə, ÜST təxminən 3000 əməkdaşı işdən çıxarmalı olardı. Bunun əvəzinə təşkilatı 1241 nəfər tərk edib, onlardan 1162 əməkdaş işdən çıxıb və ya pensiyaya çıxmağa hazırlaşırdı.