Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı il oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Əməkdar Mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayacaq. Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə təşkil olunan konfransın plenar iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında keçiriləcək.
Sonra konfrans öz işini 8 bölmədə davam etdirəcək.
Konfransın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borşalı mətbuata bildirib ki, aşıq yaradıcılığı, söz, saz və sənət vəhdətini özündə birləşdirən aşıq sənəti Azərbaycan xalqının əsrlər boyu formalaşmış, min illər boyu cilalanmış, saflaşmış və hafizələrə, milli təfəkkürümüzə əbədi həkk olunmuş, tarixi yaddaşını, zəngin mənəvi-mədəni irsini, mənəvi dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən ən mükəmməl və ən mühüm mədəni hadisəsi olmaqla yanaşı, həm də ən qiymətli və dumduru xalq yaradıcılığı nümunəsidir. Bu yaradıcılıq sahəsi özündə həm poeziyanı, həm musiqini, həm də ifaçılıq məharətini birləşdirərək milli kimliyimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır. Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan aşıq sənətinin inkişafında ustad Aşıq Hüseyn Saraçlının böyük rolu olub. Onun sənətinin lirik və epik yaradıcılığının semantik strukturu və semiotik-sinergetik sistemi, Hüseyn Saraçlının dastan yaradıcılığı, Azərbaycan aşıq sənətində aşıq Hüseyn Saraçlının yeri və s. kimi mövzuların əhatə etdiyi konfransda 100-dən çox məruzə dinlənilərək müzakirə olunacaq.
Müşfiq Borçalı onu da bildirib ki, konfransda Azərbaycan ailimləri ilə yanaşı, Gürcüstan Elmlər Akademiyasının, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun, Türkiyənin Çanakkale Onsekiz Mart Üniversitesinin, Erzincan Binali Yıldırım Universitesinin, Bursa Uludağ Unuversitetinin, Erdahan Universitetinin, eləcə də, Almaniya, Bolqarstan və Orta Asiya respublikalarının, həmçinin, digər dövlətlərin alimləri də yaxından iştirak edəcəklər.
Onu da qeyd edək ki, konfrans çərçivəsində Müşfiq Borçalının “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri” adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
P.ƏMİRCANOV
XQ