Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaləddin İbrahimli,
professor
İnsan niyə utananda qızarır? Niyə bəzən başqalarının qarşısında danışarkən ürəyi sürətlə döyünür, üzü istiləşir, əlləri tərləyir və nə deyəcəyini unudur? Bu dəyişikliklər təsadüfi deyil. Utanmaq yalnız psixoloji hiss deyil, eyni zamanda orqanizmdə müəyyən fizioloji reaksiyalar yaradan emosional vəziyyətdir.
İnsan özünü başqalarının diqqət mərkəzində hiss etdikdə, xüsusilə tənqid olunacağını, gülünc görünəcəyini və ya səhv edəcəyini düşündükdə beyin bu vəziyyəti sosial təhlükə kimi qiymətləndirə bilər. Nəticədə vegetativ sinir sisteminin simpatik şöbəsi fəallaşır. Ürək döyüntüləri sürətlənir, tərləmə artır və üzün dərisindəki qan damarlarının bir hissəsi genişlənir. Dərinin səthinə yaxın damarlarda qan miqdarı artdığı üçün yanaqlar, bəzən də qulaqlar və boyun qızarır. Bu zaman dərinin elektrik keçiriciliyi də arta bilər. Bunun səbəbi üzün elektriklənməsi deyil, simpatik sinir sisteminin təsiri ilə tər vəzilərinin fəaliyyətinin güclənməsidir. Dərinin səthində nəmlik artdıqca elektrik cərəyanını keçirməsi asanlaşır.
Beləliklə, utanma zamanı həm damarların genişlənməsi, həm də tərləmə baş verə bilər. Lakin üzün qızarmasının birbaşa səbəbi elektrik keçiriciliyinin artması deyil, dəridə qan dövranının dəyişməsidir.
Maraqlıdır ki, insan bu reaksiyaları çox vaxt öz iradəsi ilə dayandıra bilmir. Hətta qızardığını hiss edib bundan daha çox utandıqda qızarma güclənə bilər. Çünki başqalarının onu necə gördüyü haqqında narahatlıq davam edir.
Bəs utanmaq nə üçün yaranır və insanın həyatına necə təsir göstərir?
Utanmaq təbii insani hissdir. Bu hiss bizə davranışlarımızı qiymətləndirməyə, başqalarının hüquqlarına hörmət etməyə və müəyyən ictimai qaydalara əməl etməyə kömək edir. İnsan yanlış hərəkətindən utanaraq səhvini düzəldə bilər. Bu baxımdan utanmaq vicdan və məsuliyyət hissi ilə əlaqəlidir.
Ancaq utanmanın başqa, daha ağır tərəfi də vardır. İnsan etdiyi hərəkətdən deyil, özündən utanmağa başladıqda problem yaranır. Burada günahkarlıqla utanma arasında mühüm fərq görünür.
Günahkarlıq hissi insana “mən səhv etdim” dedirdir. Dərin utanma isə “mən pisəm, bacarıqsızam, məndə nəsə çatışmır” düşüncəsini yarada bilər. Birinci halda insan davranışını qiymətləndirir, ikinci halda isə özünü dəyərsiz hesab etməyə başlayır.
Belə düşüncələrin kökü çox vaxt uşaqlıq illərinə gedib çıxır. Daim danlanan, başqaları ilə müqayisə edilən, görünüşünə və ya davranışına görə ələ salınan uşaq tədricən özünə inamını itirə bilər.
“Səndən heç nə çıxmaz”, “ayıbdır”, “sus, danışma”, “başqaları nə deyər?” kimi sözlər onun yaddaşında dərin iz buraxa, uşaq böyüsə də, həmin sözlərin təsiri uzun müddət davam edə bilər.
Məsələn, məktəbdə danışarkən yoldaşlarının gülüşünə məruz qalan bir uşaq illər sonra da insanların qarşısında çıxış etməkdən çəkinə bilər. O, artıq həmin məktəbdə deyil, amma yenidən gülünc vəziyyətə düşmək qorxusu canındadır. Beləliklə, keçmiş hadisə bitir, onun yaratdığı narahatlıq isə qalır.
Utanma bəzən insanın öz imkanlarını göstərməsinə, performansa mane olur. O, fikrini bildirməkdən, sual verməkdən, yeni işə başlamaqdan və hətta istedadını nümayiş etdirməkdən çəkinir. Səbəb bacarıqsızlıq deyil, başqalarının onu necə qiymətləndirəcəyi haqqında həddindən artıq düşünməsidir.
Bəzi insanlarda isə utanma gözlənilməz şəkildə özünü göstərir. Onlar çəkingən görünmək əvəzinə, tənqidə sərt cavab verir, səhvlərini qəbul etmir və ya başqalarını kiçiltməyə çalışırlar. Belə davranışların arxasında bəzən öz zəifliyinin görünməsindən qorxmaq dayanır. Deməli, insanın zahirən özünə çox güvənməsi onun daxilən də rahat olduğunu göstərmir.
Utanma mükəmməl görünmək istəyini də gücləndirə bilər. İnsan elə düşünür ki, heç vaxt səhv etməməli, hamı tərəfindən bəyənilməli və hər işi qüsursuz yerinə yetirməlidir. Kiçik uğursuzluq belə onun üçün böyük mənəvi sarsıntıya çevrilir. Halbuki səhv etmək insanın dəyərsiz olduğunu göstərmir. Səhvlər həyatın və öyrənmənin təbii hissəsidir. Burada ailə və cəmiyyətin təsiri xüsusilə əhəmiyyətlidir. Bəzi ailələrdə uşağın sərbəst danışması, mahnı oxuması, rəqs etməsi və öz fikrini bildirməsi təşviq olunur.
Başqa mühitlərdə isə uşağa tez-tez “özünü göstərmə”, “sakit ol”, “ağır ol”, “insanlar nə düşünər?” deyilir. Belə fərqli tərbiyə üsulları uşağın özünüifadəsinə və sosial münasibətlərinə təsir göstərə bilər.
Məsələn, Gürcüstanın musiqi, rəqs və süfrə ənənələrində sərbəst ünsiyyətin mühüm yer tutması diqqəti çəkir. Lakin bu, bütün gürcülərin eyni dərəcədə ünsiyyətcil olduğu demək deyil. Əsas məsələ insanın mənsub olduğu millət deyil, böyüdüyü mühitdə özünü ifadə etməsinə necə münasibət göstərilməsidir.
Utancaqlıq insanın ömür boyu dəyişmədən daşımalı olduğu xüsusiyyət də deyil. Mahatma Qandi gəncliyində çox utancaq olduğunu, insanların qarşısında danışmaqda çətinlik çəkdiyini yazırdı.Buna baxmayaraq, sonralar böyük kütlələrə müraciət edən və milyonlarla insana təsir göstərən liderə çevrildi. Onun həyatı göstərir ki, utancaqlıq insanın inkişafına həmişəlik maneə olmaya bilər.
Özünüifadə bacarığı təcrübə ilə güclənə bilər. Utanmanın mənfi təsirini azaltmaq üçün insan əvvəlcə bu hissin haradan gəldiyini anlamağa çalışmalıdır. Bəzən özümüz haqqında verdiyimiz hökmlər əslində illər əvvəl başqalarından eşitdiyimiz sözlərin davamıdır. Halbuki kiminsə bizi danlaması, ələ salması və ya bacarıqsız hesab etməsi həmin fikirlərin doğru olduğunu sübut etmir.
İnsan öz səhvlərini qəbul etməli, lazım gəldikdə üzr istəməli və davranışını dəyişməlidir. Ancaq keçmişdə etdiyi bir səhvə görə bütün ömrünü özünü günahlandıraraq yaşamaq məcburiyyətində deyil. Özünü bağışlamaq məsuliyyətdən qaçmaq yox, keçmişdən nəticə çıxarıb irəli gedə bilməkdir.
Əlbəttə, utanma hissini tamamilə aradan qaldırmaq nə mümkündür, nə də lazımdır. Bu hiss müəyyən hallarda insanı yanlış davranışdan çəkindirir. Əsas məsələ utanmanın bizi daha məsuliyyətli etməsi, lakin özümüzə hörmətimizi məhv etməməsidir.
İnsan keçmişini dəyişə bilməz, amma keçmişə münasibətini dəyişə bilər. Bir vaxtlar özündə qüsur hesab etdiyi xüsusiyyətlərə sonradan daha anlayışla yanaşa bilər. Utanmanın görünməyən yarası da məhz buna görə sağala bilər.
İnsan zamanla öz davranışından doğan utanma hissi ilə başqalarının illər əvvəl onun haqqında verdiyi mənfi hökmlərin təsirini bir-birindən ayırmağı öyrənməlidir. Çünki bəzən insanı incidən öz səhvləri deyil, başqalarının onun haqqında yaratdığı və illərlə doğru qəbul etdiyi yanlış təsəvvürlərdir.