UWW dünya çempionlarımızın Bakıdakı şanslarını qiymətləndirdi

20.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Dünya Güləş Birliyi (UWW) Bakıda keçiriləcək qrepplinq üzrə dünya çempionatı ərəfəsində Azərbaycan təmsilçiləri Fərhad Bağırov və Hacımurad Purtiyevin şanslarını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan təhlildə ikiqat dünya çempionu Fərhad Bağırov 58 kq çəki dərəcəsinin əsas favoriti adlandırılıb.

UWW azərbaycanlı idmançının son iki ildə bu çəkidə üstünlük təşkil etdiyini vurğulayıb. Onun ən ciddi rəqibi kimi Qazaxıstan təmsilçisi Alixan Alşınbay göstərilib. Qrepplinq qi üzrə ikiqat dünya çempionunun Bağırovla mümkün görüşü yarışın diqqətçəkən qarşılaşmalarından biri kimi təqdim olunub.

Hacımurad Purtiyev isə 84 kq-da ötən il qazandığı dünya çempionu titulunu qorumağa çalışacaq. UWW onun çəki dərəcəsində gərgin rəqabət gözlənildiyini qeyd edib.

Təmsilçimizin rəqibləri sırasında polşalı Avropa çempionu Sebastian Patık yer alır. Dünya çempionatında debüt edəcək idmançı qızıl medalın iddiaçılarından biri sayılır.

Bundan başqa, 92 kq üzrə dünya çempionu rusiyalı Murad Abdulatipov da bu dəfə 84 kq-da çıxış edəcək. O, 2024-cü ildə də bu çəkidə dünya çempionu olub. Ötən mundialın gümüş mükafatçısı, digər Rusiya təmsilçisi Davud Maqomedov da iştirakçılar arasındadır.

Qeyd edək ki, qrepplinq üzrə dünya çempionatı noyabrın 23-25-də Bakıda keçiriləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью