Uzaq məsafəli uçuşlarla bağlı yeni qərar qəbul edildi

27.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin bugünkü plenar iclasında kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipaj üzvlərinin iş və istirahət vaxtının yenidən tənzimlənməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bununla əlaqədar Əmək Məcəlləsinə və "Aviasiya haqqında" qanuna müvafiq dəyişikliklər olunub.

Qanun layihəsində qeyd edilib ki, Əmək Məcəlləsinin mövcud 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş-təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən olunmuşdu. Habelə məcəllənin 95-97-ci maddələrinə əsasən, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan artıq müəyyən edilə bilməzdi. Bu məhdudiyyətlər Nyu-York, Seul və digər 13-14 saat davam edən uzaq məsafəli reyslərin yerinə yetirilməsini ya qeyri-mümkün edir, ya da iqtisadi baxımdan səmərəsizləşdirərək aviabazarın rəqabət qabiliyyətini zəiflədirdi. pizza sifarişi

Təklif edilən yeni tənzimləmələrə əsasən, ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi sahəsindəki beynəlxalq standartlara tam uyğunlaşdırılır. Avropa İttifaqı və ABŞ kimi qabaqcıl beynəlxalq təcrübədə olduğu kimi, uçuş heyətinin iş və istirahət müddətləri artıq 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik və müasir limitlərlə tənzimlənəcək.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью