Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzən insanın yaşadığı yer onun üçün sadəcə coğrafi məkan deyil, görünməz divarları olan bir həbsxanaya çevrilir. Bu divarları aşmaq, tanış mühitdən uzaqlaşmaq, tamam başqa bir həyata başlamaq arzusu isə illər keçdikcə daha da güclənir. İslandiyalı rejissor Daqur Karinin 2003-cü ildə ekranlaşdırdığı "Noy ağ qarğadır" (Nui albnnui) filmi məhz belə bir arzunun, anlaşılmayan bir yeniyetmənin daxili dünyasının və azadlıq axtarışının hekayəsidir.
İslandiya, Almaniya, Böyük Britaniya və Danimarkanın birgə istehsalı olan ekran əsəri Karinin tammetrajlı rejissor debütüdür. Film beynəlxalq kino festivallarında böyük maraqla qarşılanmış, Avropa Kinoakademiyasının 2003-cü il mükafatlarının bir neçə nominasiyasına təqdim edilmişdir. Baş qəhrəman Noyun ifaçısı Tomas Lemarkis Avropa aktyoru mükafatına, rejissor isə tamaşaçı rəğbəti mükafatına namizəd göstərilmişdi.
Hadisələr İslandiyanın qərbində, ucqar bir fiyordun sahilində yerləşən, qış aylarında qar və buzun əsirinə çevrilən kiçik yaşayış məntəqəsində cərəyan edir. Filmin 17 yaşlı qəhrəmanı Noy burada nənəsi və alkoqol asılılığından əziyyət çəkən atası ilə yaşayır. Məktəblə münasibətləri qaydasında deyil, dərslərə maraq göstərmir, müəllimlərin tapşırıqlarını yerinə yetirmir. Hətta bir dəfə dərsə özü getmək əvəzinə, diktofon göndərməklə müəllimin danışığını yazdırmağa çalışır. Ətrafındakılar onun davranışlarını qəribəlik, bəzən də avaralıq kimi qəbul edirlər. Halbuki Noyun daxilində hamının görə bilmədiyi, yaxud görmək istəmədiyi başqa bir dünya var.
O, yaşadığı mühitə sığmır. Nə məktəb, nə ailə, nə də kiçik şəhərin yeknəsəq həyatı onun üçün maraq doğurur. Vaxtının böyük hissəsini boş küçələrdə gəzməklə, evin zirzəmisində oturmaqla, müxtəlif xırda oyunlar və hoqqalarla keçirir. Bununla belə, onun qeyri-adi bacarıqları da nəzərdən qaçmır. Rubik kubunu asanlıqla yığması məktəb psixoloqunda bu yeniyetmənin gizli istedad sahibi ola biləcəyi qənaətini yaradır. Lakin Noyun potensialını üzə çıxarmaq, onu anlamaq və düzgün istiqamətləndirmək üçün ətrafında heç kim yoxdur.
Həyatına İrisin gəlişi onun üçün yeni bir ümidə çevrilir. Yerli yanacaqdoldurma məntəqəsində işləyən bu qızla tanışlıq Noyun monoton günlərinə müəyyən rəng qatır. İkisi də yaşadıqları yerdən uzaqlaşmaq istəyirlər. Onların xəyalında isə Havay adaları var. Noy üçün bu uzaq məkan sadəcə xəritədəki bir nöqtə deyil, indiki həyatının tam əksi, sərhədsiz azadlığın rəmzidir. Muzeydə rastlaşdıqları xəritədə İslandiyanın kiçik bir ləkə kimi görünməsi də təsadüfi detal deyil. Qəhrəmanın gözündə onun dünyası elə bu ləkənin ölçüsünə qədər kiçilib.
Lakin filmin maraqlı cəhəti Noyun azadlıq arzusunu romantik bir qaçış hekayəsinə çevirməməsidir. Onun cəhdləri ardıcıl uğursuzluqlarla nəticələnir. Məktəbdən qovulur, falçıdan gələcəyinin qaranlıq olacağı barədə xəbər eşidir, bankı soymağa cəhd göstərir, sonra hesabındakı pulları götürərək avtomobil qaçırır və İrisi də özü ilə aparmaq istəyir. Ancaq qız onunla getmir. Noy təkbaşına yola çıxsa da, polis tərəfindən saxlanılır və atası onu həbsdən götürür. Beləcə, azadlığa doğru atdığı addımlar yenidən başladığı nöqtəyə qayıdır.
Filmin bədii-estetik həlli də bu qapalı atmosferi ifadə etməyə xidmət edir. Operator Rasmus Videbekin kamerası İslandiyanın sərt, soyuq təbiətini, qarlı dağları, boş küçələri və insanı öz kiçikliyi ilə üz-üzə qoyan geniş məkanları xüsusi vizual dilə çevirir. Mavi və boz çalarların üstünlük təşkil etdiyi təsvirlər qəhrəmanın daxili tənhalığını daha da qabardır. Gözəl görünən mənzərələr eyni zamanda təhlükə və təcrid hissi yaradır. Musiqi də bu ovqatı tamamlayır: sakit, minimalistik səslənmə filmin qəribə yumorunu və gizli faciəsini bir arada saxlayır.
Tomas Lemarkisin ifası isə obrazın fərqli xarakterini müəyyənləşdirən əsas amillərdəndir. Aktyor Noyu gur emosional reaksiyalarla deyil, baxışları, susqunluğu, bəzən laqeyd görünən davranışları ilə təqdim edir. Onun qəribəliyinin arxasında dayanan narahatlıq və anlaşılmaq ehtiyacı məhz bu təmkinli oyun vasitəsilə duyulur. Noy nə tam üsyankardır, nə də sadəcə tənbəl yeniyetmə. O, özünü ifadə etməyin yolunu tapa bilməyən, yaşadığı dünyadan daha artığını istəyən bir insandır.
Ekran əsərinin ən güclü və sarsıdıcı məqamı finala doğru baş verən qar uçqunudur. Noy yenidən evlərinin zirzəmisinə çəkildiyi zaman baş verən təbii fəlakət bütün kəndi qar altında qoyur. Onun sığındığı zirzəmi isə ölümün əlindən xilas olduğu məkana çevrilir. Xilasetmə qrupu onu tapanda artıq əvvəlki dünyasından əsər-əlamət qalmayıb. Televiziya xəbərlərindən ailəsinin və sevdiyi İrisin həlak olduğunu öyrənir.
Beləliklə, taleyin qəribə istehzası ilə Noyun xilas olmaq üçün tərk etmək istədiyi dünya bir anda yox olur. Filmin son səhnəsində o, dağılmış evinin yerinə qayıdır və stereoskopda Havay çimərliyinin təsvirinə baxır. Arzuladığı uzaq məkan yenə gözlərinin qarşısındadır, amma artıq onunla birlikdə getmək istədiyi insanlar yoxdur.
Daqur Kari tamaşaçını bu faciədən sonra Noyun necə yaşayacağı barədə qəti qənaətə gətirmir. Onun həyata baxışının dəyişib-dəyişməyəcəyi, başına gələnlərin onu yetkinləşdirib-yetkinləşdirməyəcəyi açıq qalır. Bəlkə də filmin ən düşündürücü tərəfi elə budur: insan bəzən arzuladığı azadlığa qovuşmaq üçün əvvəlki həyatını itirməli olur. Ancaq azadlıq hər zaman xoşbəxtlik deməkdirmi?
"Noy ağ qarğadır" qəribə bir yeniyetmənin əhvalatından daha geniş məna daşıyan filmdir. O, insanın cəmiyyətlə münasibətlərini, fərqliliyin necə qarşılandığını, tənhalığın və anlaşılmamağın doğurduğu daxili üsyanı araşdırır. Ağ qarın sonsuzluğunda özünə yer axtaran Noy isə hamının arasında özünü yad hiss edən insanların obrazına çevrilir.
"525"
Treyler
https://www.youtube.com/watch?v=ERc1K8Clfpw
Rusca
https://kinogo.online/filmy/88295-noj-belaja-vorona.html
Türkcə
https://webteizle.info/izle/dublaj/noi-the-albino