Uzaqlarda da doğma səmanı görən İsa

22.01.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsa İsmayılzadənin anadan olmasının 85-ci ildönümüdür. 

İsa İsmayılzadə yaşasa idi indi, indi onun yaşı səksənbeş olardı. Və xeyli  şeir topluları, bədii tərcümələri olardı. Azərbaycan ədəbiyyatı üçün xeyli işlər görərdi. Qismət, taleyin yazısı belə imiş. 

İsa İsmayılzadə  1941-ci ildə Gürcüstanın Qarayazı (indiki Qardabani şəhəri) qəsəbəsində anadan olub. Özü yazır: 

Mənim doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu.
Mənim doğulduğum il –
səngərlər də doğuldu,
tüstülər də doğuldu.
Səngərlərdə doğuldu,
tüstülərdə doğuldu,
mənim doğulduğum il.

Bəli, Qarayazıda bir körpə dünyaya gəldi. Alın yazısında yazılanlar müstəvisindən boy göstərərək poeziya kəhkəşandında bir ulduz olaraq parladı. Ulduzlara meylini saldı, Onları tanıdı. Özünə yaxın bildi. Nəhayət, elə ilk şeir toplusunu ulduzlara həsr etdi. “Ulduzların ad günü” adlı ilk kitabı Bakıda “Gənclik “nəşriyyatında nəşr olundu. Bu kitabla Azərbaycan ədəbiyyatında yeni cığırın salınmasını da hiss edənlər, aşkarcasına deyənlər də oldu. 

Bilirdim ki, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Sonralar mən də universitetin eyni fakültəsini bitirdim. Universiteti bitirəndən sonra  vətənə qayıdaraq vaxtilə təhsil aldığı orta məktəbdə bir-iki  il müəllim işləyib. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan, Qarayazının da üzünü ağ edən İsa İsmayılzadənin adı verilməli idi bu məktəbə.Nə isə. Məktəbdə müəllim işləyən vaxtlar arabir  o vaxtlar Komunistlərin orqanı olan “Sovet Gürcüstanı”na gedərdi. Bildiyimə görə rəhmətlik Abbas Abdulla və rəhmətlik elə İsa ismayılzadə o qəzetdə çox fırlandılar. Bir iş tapa bilmədilər. Atın qabağına ət qoyulan, itin qabağına ot qoyulan müstəvidən kommunist redaktorlar onları işə götürməzdilər. Götürmədilər də. Onlar burdan başlarını götürüb Bakıya getdilər. Getdilər. ədəbi mühitə düşdülər. Və hər şey elə burdan başladı. 

Mən hələ orta məktəbin yuxarı siniflərində oxuyanda “Azərbaycan” və Ulduz” jurnallarını oxuyurdum. Sinif yoldaşım Sabitin atası Rəhman Nəsib oğlu müəllim idi. Poeziya vurğunu idi. Yaxşı şeirlər də yazırdı. Onun şeirlərini sonralar Gürcüstan radiosunda işləyəndə öz ifasında lentə aldım. Yutuba yerləşdirmişəm. Nə isə, sinif yoldaşım, həm də qardaşlığım, məndən ötrü, evin taxtapuşuna çıxar, orada səliqə ilə dəst-dəst bağlanmış “Ulduz” və “Azərbaycan” jurnallarından mənə oxumağa verərdi. Mən də həvəslə oxuyurdum. Gürcüstandan gedən Bilayət Rüstəmzadə, Eyvaz Borçalı, İsa İsmayılzadə, Abbas Abdullanın  bir yerli olaraq şeirlərini, yazılarını izləyirdim. Nəhayət, Bakıya oxumağa getdim. Sənədlərimi Azərbaycan Dövlət Universitetin filologiya fakültəsinə verdim. Qəbul olunmadım. Qaldım Bakıda, bir zavodda işə başladım. Ara-sıra dram və ədəbiyyat dərnəyinə gedirdim. Ədəbiyyat dərnəyi M.F. Axundov adına Dövlət kitabxanasında idi. Dərnəyi tanınmış şair Nəriman Həsənzadə aparırdı. Gözəl də aparırdı. Bir neçə dəfə orda İsa İsmayılzadədən söz düşdü. Onun “Güllələr demədi...” şeirini təqdir edirdilər. Onu arayıb axtardım. Onda “Ulduz” jurnalında işləyirdi. Getdim yanına. Bir az söhbətdən sonra bir neçə şeirimi ona göstərdim. Oxudu, sezilməz dərəcədə dodağını büzdü, təbəssümlə üzümə baxdı. Heç nə demədi. Bildim ki, bəyənmədi, şeirlərim də elə sən deyən yaxşı şeirlər deyildi. Sonralar anladım. Dram dərnəyinə də getdiyimdən eloğlularımızın şeirlərini yığırdım. Nədənsə, öz əlyazmaları ilə. Birinci Vilayət Rüstəmzadədən aldım. “Borçalı bağlarında” şeirini öz dəst-xətti ilə mənə verdi. “Oxu, bülbül, oxu!” ilk şeirlər kitabını da hədiyyə etdi. Sonra “Ulduz” jurnalının redajksiyasına getdim. İsa Ismayılzadəni tapdım. Gəlişimin məqsədini ona dedim. Öz əlyazması ilə bir şeirini istədim. Əlüstü, bir nəfəsə “Güllələr demədi...” şeirini yazdı. İndi onu arxivimdə saxlayıram. Sonralar onun bir şeir kitabı, “Torpaq nəğməsi” kitabı əlimə keçdi. “Sovet Gürcüstan”ı qəzetdində bu kitab barəsində böyük bir yazım çıxdı. Vaxt gəldi Gürcüstan radiosuna işə düzəldim. Öz ifasında onun şeirləri var idi fonotekamızda. Ara-sıra verirdik. Sonra onu arxivə köçürdüm. Yutuba da yerləşdirdim. Tbilisidə onun anadan olmasının  təntənəli şəkildə keçirilən 70 illiyi yubileyində bu lent yazılarının üzünü onun oğlu Araza verdim. 

... Mən Gürcüstan radiosunda işləyirdim. Günlərin biri günü redaksiyanın rəhbəri Emin müəllim dedi ki, İsa İsmayılzadə gəlib, get qarşıla. Aşağıya düşdüm. Görüşdük. Əyninə layka deyilən dəri plaş geyinmişdi. O vaxtlar dəb idi. Dəb öz yerində, ona çox yaraşırdı.Tanıdı məni və bir də “Sovet Gürcüstanı” qəzetində onun “Torpaq nəğməsi” kitabı barəsində yazıma görə təşəkkürünü bildirdi. Həmin vaxtlar bizim bilavasitə rəhbərimiz türkoloq, Azərbaycan dilini də düz-əməlli bilməyən Leyla Eradze idi. Başqa yerdə otururdu. Söhbət əsnasında dedi ki, Leyla Eradzeni istəyirəm. Getdim çağırmağa. Gəldi, görüşdülər. Əliboş gəlməmişdi. Ona  kənd qaymağı gətirmişdi. Ona öz dilimizdə kənd qaymağı gətirmişəm dedi. O, gülərək aldı. Mən yuxarı çıxdım. Onlar söhbətini davam etdirdi. Sonralar öyrəndim ki, Leyla Eradze onun şeirlərini tərcümə edirmiş. Kiçik kitab şəklində nəşr olunduğu da məlum oldu. Onu da deyim ki, Leyla Eradze şair deyildi. Düzdür, onun Azərbaycan dilində kiçik şeirlər kitabı nəşr olundu. Şeirləri Nəbi Xəzri, Cabir Novruz, Nəriman Həsənzadə... kimi tanınmış şairlər tərcümə etmişdir. Daha doğrusu, özləri yazmışdılar. Nə isə. İsa İsmayılzadənin dəst-xətti başqa idi. Terenti Qraneli, Qalaktion Tabidze, Tariyel Çanturiya, Şota Nişnianidze, Murman Lebanidze, Zezva Medulaşvili ruhlu şairlər tərcümə edərdi. 86 yaşı haqlamış, hazırda Tianeti rayonunda kənddə yaşayan Besik Xaranauli yaxşı tərcümə edərdi. Onu da qeyd edim ki, Zezva Medulaşvili onun xeyli şeirlərini tərcümə edib. Rəhmətlik onu  boyu balaca olduğuna görə, “Batara İsa”, yəni  “Balaca İsa” adlandırırdı. “Koroğlu” dastanını, bayatılarımızı gürcü dilinə tərcümə edən Zezva Medulaşvilinin sağlığında demək olar ki, hər həftə yanına gedirdim. Gicirtkəni üsulca təmizləyər, gözünə də bir neçə yumurta vurar, ondan yaxşı sup hazırlayardı. Soyuducudan həyat yoldaşının hazırladığı ətli xörək  də çıxaraq, qızdırar, süfrəyə qoyardı. Mənə genəşərdi. Şərab içəcəksən, yoxsa caca. Cacanı “it südü” adlandırırdı. Bala-bala içib, ordan-burdan söhbət açar, sonra ədəbiyyata keçərdik. İlk növbədə Məmməd Arazı, İsa İsmayılzadəni xatırlayar, kövrələrək  şərəfinə badə qaldırardı. Bir dəfə hər ikisinin göndərdiyi açıqcaları mənə göstərdi. Ruhumuzun tərcümanı idi Zezva. İsa İsmayılzadənin az yaşamasına acıyırdı. “Batara İsa” çox işlər görərdi,- deyirdi. Deyirdi və kövrəlirdi...

...Odur ki, Zezva Medulaşvilinin iki şair sevgisi müstəvisindən Xalq şairi Məmməd Arazın  İsa İsmayılzadə haqqında dediklərini xatırlamaq istəyirəm: “İsa İsmayılzadənin bütün şeirlərinn demək olar ki, əvvəli də Vətəndir, axırı da vətən. Vətən adı çəkdiyi şeirlərində də belədir, çəkmədiyində də. İsa İsmayılzadə üçün Vətən  vətən daşından başlayır. Onun şair taleyi heç vaxt relslər üzərində maneəsiz hərəkətdə olmayıb. Həyatda elə bir qüvvə var ki, onun qolundan yapışaraq yıxılmaqdan xilas edibdir. Bu qüvvənin adı Vətən sevgisidir”. Zatən özü də deyirdi: Sən mənim köksümdə çarpan ürəksən,

Mən sənin köksündə – kiçik bir zərrə. 

Mənə qanad verən odlu diləksən, 

Adına, özünə Vətən deyirəm, 

Çölünə, düzünə Vətən deyirəm. 

Bəli, doğma yurdunun adına, özünə çölünə, düzünə vətən deyib. Bu, sevgidən irəli gəlir,vətən sevgisindən.Dünya şöhrətli qırğız yazar Çingiz Aytmatov yazıb: 

“Uşaqlığını harda itiribsənsə, ora sənin vətənindir”. Oxuduğuma görə, “Torpaq nəğməsi” kitabındakı şeirlər məhz elə şairin doğulduğu yerə, uşaqlıqda gəzdiyi meşələrə,  düzlərə, Kür çayına və tanış çığırlara olan dərin, səmimi sevgi və həsrəti əks etdirmişdir. Şair özünəməxsus deyib:

Başımı qaldırıb göylərə baxdım

Gördüm bir səma var, doğma bir səma.

Gördüm bir günəş var doğma bir günəş.

Mənim o günəşə qanım qaynayıb

Yoxuça enişə qanım qaynayıb...

Bu yazıda onun geniş şəkildə təhlilinə keçmək fikrim yoxdur. Hər halda bəzi məqamlara toxunmaq istəyirəm.Bir vaxtlar Qarabağ Azərbaycan üçün, Azərbaycanı sevənlər üçün, bir də yönümüzü, səmtimizi Azərbaycana yönəldən bizlər üçün dərd idi, ağrı idi, çözülməmiş problem idi. 

İsa İsmayılzadə bu ağrını içində çəkərək  duyğularını bir iki sətir ilə ifadə etmişdi:

Özü boyda baş daşıdır Qarabağ,

Çöküb, çöküb sinəmizə.

Dirigözlü şəhid olduq,

Tez olun, Vətən boyda,

Şəhid qəbri qazın bizə...

...Nəhayət, bu problem çözüldü, ağrımız, dərdimiz bizlərdən sovuşdu. Amma İsa İsmayılzadə bunları görmədi. Görsə idi,  mütləq deyərdi: Vətən boyda çələng hörün başımıza...

Və ona qayıdım. Özünün doğum ilində müharibənin başlanasına. İstedadlı şair Allahverdi Təhləlinin hələ gənclik çağlarında yazdığı şeiri xatırlamaq istəyirəm. “Dava kəndimizdən uzaq olsa da, dava kəndimizin içindən keçib”. Moruq dərən, at çimizdirən, bığ yeri yenicə tərləyən uşaqların davaya getdiyini İsa İsmayılzadə gözləri ilə görməsə də böyüklərdən eşitdi. İçindən müharibəyə, güllələrə nifrət etdi. O gedənlərə güllələr heç nə demədi,  amma güllələrə o öz sözünü dedi. Və aləm bildi... 

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

İsa İsmayılzadəyə sərbəst şeirlər yazmaqda irad tutanlar da olub. Əslinə baxsan, sərbəst şeir yazmaq heç də asan deyil. Önəmlisi, fikri, duyğunu  qəlibləmək, qəlibə salmaqdır. Oxucunun qəlbini riqqətə gətirməkdir. Onunla dil tapmaq lazımdır. Tanınmış gürcü şair Mixail Kvlividze yazırdı:Mən şeir yazmıram, mən oxucu ilə söhbət edirəm. İsa İsmayılzadə də söhbət edir. Onun gənclik vaxtlarımda oxuyub yaddaşıma həkk etdiyim  kiçik bir şeirini indi də əzbər bilirəm. Əla şeirdir. Qafiyəmi deyirsiniz. Qafiyəsi də var. Zor deyilib: 

Dağında vüqarlı qartal oluram,

Dünya ayağımın altında qalır...

Səndən uzaqlarda xəyal oluram,

Həsrətdən gözümün kökü saralır. 

Yuxarıda dediyim kimi, onun şeirlərinin təhlilinə geniş şəkildə keşmək fikrində deyiləm. Çox çəkər. Odur ki, ona həsr etdiyim şeirlə yazımı bitirmək istəyirəm:

         Biri var... 

                               İsa İsmayılzadəyə

 Bu dünyanın bu üzündə

 Hər nağılın kəlməsində, sözündə

 Biri vardı, biri...Və biri yenə vardı. 

Tanrıya tapınardı, Tanrıdan söz umardı. 

Sözü sözə calayaraq 

Göydən yerə, Yerdən göyə yol açardı...

 Bu yolun bir ucu uzaq mavilik,

 Bir ucu saflıq, ülvilik. 

Və o mavilikdən gələn 

Biri vardı və yenə biri var... 

Hörmətlə:

Mirzə Məmmədoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью