Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zeytun yağı, düyü və ədviyyatların birləşməsindən hazırlanan bibər dolması sobada bişirildikdə üzəri yüngül qızarır, içliyi isə yumşaq qalır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Dolma üçün: 8 ədəd orta boy dolmalıq bibər, 1,5 stəkan düyü, 2 ədəd baş soğan, 2 ədəd pomidor, 2 xörək qaşığı pomidor pastası, yarım armudu stəkan zeytun yağı, yarım dəstə cəfəri, 1 desert qaşığı quru nanə, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı pul bibər, 1 desert qaşığı duz, 1 desert qaşığı şəkər tozu.
Sous üçün: 1 xörək qaşığı pomidor pastası, 2 stəkan isti su, 2 xörək qaşığı zeytun yağı, bir çimdik duz.
Hazırlanma qaydası
Bibərlərin üst hissəsini qapaq şəklində kəsib tumlarını təmizləyin.
Düyünü yuyub süzün, soğanları xırda kub şəklində doğrayın.
Tavada zeytun yağını qızdırıb soğanları rəngi dönənə qədər qovurun. Pomidor pastasını əlavə edib qoxusu çıxana qədər qarışdırın, ardınca düyünü qatın.
Xırda doğranmış pomidorları, ədviyyatları, duzu və şəkər tozunu əlavə edib bir neçə dəqiqə qovurun. Sonda xırda doğranmış cəfərini qatıb içliyi ocaqdan götürün.
İçliyi bibərlərin içinə yuxarıdan bir az boşluq qalacaq şəkildə doldurun (bişərkən düyü şişəcəyi üçün tam doldurmaq olmaz).
Bibərlərin ağzını pomidor dilimləri ilə bağlayıb soba qabına dik şəkildə düzün.
Pomidor pastası, isti su, zeytun yağı və duzu qarışdırıb soba qabına tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 45-55 dəqiqə - bibərlər yumşalıb üzəri yüngül qızarana qədər bişirin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)