Üzərində halal yazılan kolbasa həqiqətən də halaldırmı? EKSPERT AÇIQLADI

02.11.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Marketlərdə halal adı ilə kolbasalar satılır. Bəs, hər üzərində halal yazılan kolbasa həqiqətən də halaldırmı? Vətəndaş bunu necə müəyyən edə bilər?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, marketlərdə halal adı ilə satılan məhsulların üzərində bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən verilən müxtəlif halal sertifikatlarının loqoları olur:

"Lakin burada çox vacib bir sual yaranır: Üzərində halal sertifikatı olan məhsul həqiqətən də bu tələblərə əməl edirmi, yoxsa bu, sadəcə marketinq strategiyasıdır? Bu məsələdə vətəndaşların diqqət etməli olduğu bir sıra nüansları vurğulamaq istəyirəm. Təəssüf ki, üzərində halal yazılan hər məhsul tam şəkildə halal tələblərinə cavab verməyə bilər. Bəzi istehsalçılar bu ifadədən sadəcə marketinq və satışlarını artırmaq məqsədilə istifadə edirlər.

Halal konsepsiyası yalnız məhsulun tərkibində donuz ətinin olmaması ilə məhdudlaşmır. Burada heyvanın kəsilmə qaydası, emal prosesi, istifadə olunan əlavələr, fermentlər, jelatin və digər komponentlər də nəzərə alınmalıdır.

Eyni zamanda, çarpaz çirklənmə (cross-contamination) məsələsi də mövcuddur. Bu, halal olmayan məhsullarla halal məhsulların eyni istehsal xəttində hazırlanması nəticəsində baş verə bilər. Məsələn, bir istehsal xəttində donuz əti emal olunduqdan sonra xətt dəyişdirilir və həmin xəttdə halal məhsullar istehsal edilir. Bu zaman müvafiq təmizləmə və digər tələblərə əməl olunmadıqda, məhsul halal hesab edilə bilməz.

Ümumiyyətlə, məhsulun halal olub-olmadığını və halal sertifikatının tələblərinə həqiqətən cavab verib-vermədiyini müəyyən etmək üçün ilk növbədə rəsmi sertifikatın loqosuna diqqət yetirmək lazımdır.

Məhsulun qablaşdırmasında ölkəmizdə tətbiq olunan halal standartlarına uyğun sertifikatlaşdırma qurumlarının, eləcə də Türkiyə Standartları İnstitutu (TSE) tərəfindən akkreditasiya edilmiş və Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təsdiqlənmiş sertifikatlaşdırma orqanlarının loqoları ola bilər.

Eyni zamanda, dünya təcrübəsində IFANCA adlı təşkilatın sertifikatlarından da istifadə olunur. Avropada və bəzi ərəb ölkələrində isə ICEQ Halal Company kimi qurumlar tərəfindən sertifikatlaşdırma həyata keçirilir. Bu qurumların halal sertifikatlarının üzərində müvafiq loqolar əks olunur.

Adətən, bu loqolar ərəb əlifbası ilə işarələnir. Lakin yalnız məhsulun üzərində “halal” sözünün yazılması kifayət deyil. Sertifikatlaşdırmanı həyata keçirən qurumun kimliyini və sertifikatın etibarlılığını da yoxlamaq vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью