Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Xalq arasında üzərlik bitkisi ilə bağlı müxtəlif inanclar mövcuddur. Bəziləri üzərliyin bəd nəzərdən, mənfi enerjidən və pis ruhlardan qoruduğuna inanır, digərləri isə bu cür inancların dini baxımdan düzgün olmadığını düşünür.
Bəs üzərliyin bəd nəzərdən qoruduğuna inanmaq düzgündürmü?
İlahiyyatçı Tural İrfan Redaktor.az-a açıqlamasında bildirdi ki, xalq arasında mövcud olan inancların, adətlərin hamısını bidət və xurafat adlandırmaq olmaz:
"Üzərlik faydalı bitkidir. Onu yandırdıqda qan təzyiqini tənzimləyir, mənfi auranı aradan aparır. Əslində onun faydası tibbi yöndən təsdiqini tapıb. Sadəcə, əski dövrdə insanlar tibblə əsaslandıra bilmirdilər. Mənfi enerjinin dəf olunması, şər qüvvələrin uzaqlaşdırılması üçün vasitə olaraq istifadə olunurdu. Üzərlik bəd nəzərdən qorumur, qoruya da bilməz. Sadəcə, bir çox faydalı bitki kimi müəyyən faydaları var. Bu faydalardan biri də bəd nəzər kəsmiş adama olan faydasıdır".
Onun sözlərinə görə, əslində bəd nəzər müəyyən mənfi enerjinin insana tuş gəlməsidir:
“Bu zaman da əsasən qan təzyiqi yüksəlir. Üzərlik yandıranda isə acı olduğu üçün təzyiqi salır. Hətta onun toxumunu çeynədikdə belə təzyiqi enidirir. Qədimdə isə qan təzyiqi anlayışı yox idi. İnsanların sifəti qızarıb başı ağrıyanda adını bəd nəzər qoyub, üzərlik yandırıb tüstüsünü verirdilər. Bu da faydalı olurdu. Üzərliyin nəzərə faydasına inanmaq, dərmanın xəstəliyə faydasına inanmaq kimidir".
Aytəkin TOFİQQIZI