Icma.az bildirir, Olke.az portalına istinadən.
Mütəxəssislər bildirirlər ki, üzümün tərkibində orqanizmin normal fəaliyyətini dəstəkləyən çoxsaylı vitamin, mineral və antioksidantlar mövcuddur.
Üzüm xüsusilə C və K vitaminləri, kalium, lif və polifenollarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə, ürək-damar sağlamlığının qorunmasına və hüceyrələrin zədələnməsinin qarşısının alınmasına kömək edir.
Araşdırmalara görə, üzümün tərkibində olan resveratrol adlı antioksidant ürəyin fəaliyyətinə müsbət təsir göstərir, qan damarlarının elastikliyini artırır və iltihabi proseslərin azalmasına dəstək olur. Bundan əlavə, antioksidantlar orqanizmi sərbəst radikalların təsirindən qoruyaraq erkən qocalma riskini azalda bilər.
Üzümün tərkibindəki lif həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqların normal işləməsinə kömək edir. Meyvənin yüksək su tərkibi isə orqanizmin maye balansının qorunmasına dəstək verir.
Bununla yanaşı, şəkərli diabet və ya artıq çəki problemi olan şəxslərə üzümü normadan artıq istehlak etməmək tövsiyə olunur. Həkimlər balanslı qidalanmanın bir hissəsi kimi üzümün ölçülü şəkildə qəbul edilməsinin daha faydalı olduğunu bildirirlər.
Həmidə İbrahimova