Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət dəstəyi, müasir texnologiya və şərabçılıq isə bu sahənin yeni inkişafını stimullaşdırır
Respublikamızın kənd təsərrüfatında elə sahələr var ki, onların əhəmiyyəti təkcə istehsal olunan məhsulun həcmi ilə ölçülmür. Üzümçülük də məhz belə sektorlardan biridir. Bu sahə bir tərəfdən kənd təsərrüfatının çoxəsrlik ənənələrini yaşadırsa, digər tərəfdən emal sənayesi, şərabçılıq, kənd turizmi, logistika, məşğulluq və ixracla birbaşa əlaqəlidir.
İndiki dövrdə üzüm bağlarının genişləndirilməsi məsələsinə təkcə aqrar istehsalın artırılması kimi diqqət yetirmək kifayət etmir. Əsas yanaşma üzümçülüyü bütöv bir dəyər zəncirinə çevirmək, istehsaldan emala, daha sonra brendləşməyə, nəhayət, xarici bazarlara qədər uzanan iqtisadi model kimi formalaşdırmaqdır.
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” da məhz bu baxımdan mühüm önəm daşıyır. Sənəd, eyni zamanda, üzümçülüyün gələcək inkişafı üçün yeni imkanlar açır. Dövlət Proqramında əsas xətt isə aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsala keçidin reallaşdırılması, məhsuldarlığın, eləcə də əlavə dəyərin yüksəldilməsi, emal və logistika zəncirinin gücləndirilməsi, ixrac potensialının artırılması kimi prioritetlərdir.
Bu yanaşma üzümçülük üçün xüsusi əhəmiyyət daşıyır. Çünki sektorda sahələrin genişləndirilməsi zəruri sayılsa da, son nəticədə fermer üçün əsas göstəricilər məhsuldarlıq, məhsulun keyfiyyəti, satış qiyməti, emal imkanları və ixrac gəliridir.
Rəqəmlər təşviq edir...
Üzümçülüyün hazırkı vəziyyətinə diqqət yetirdikdə son illər müəyyən canlanmanın yarandığı aydın nəzərə çarpır. Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, respublikada üzüm bağlarının ümumi sahəsi 14 min 872 hektar, bar verən yaşda olan bağların sahəsi isə 14 min 270 hektardır. 2025-ci ildə 198 hektarda yeni üzüm bağı salınıb ki, bu da 2024-cü illə müqayisədə, təxminən, 3 dəfə çoxdur. Həmin il 152 min 96 ton üzüm istehsal olunması və orta məhsuldarlığın 107 sentner/hektar təşkil etməsi də dinamik inkişafın əsas göstəricisidir.
Yeri gəlmişkən, hazırda ölkə regionlarda məhsulun toplanması sürətlə davam edir. Hər hektardan orta məhsuldarlıq yüksələrək 106,6 sentner çatır. İllik üzüm istehsalı isə 210,9 min ton səviyyəsindədir. Toplanan məhsulun, təxminən, 30 faizi süfrə üzümü kimi daxili bazara çıxarılır, qalan 70 faizi isə texniki sort olaraq emal sənayesinə yönəldilir.
Bu rəqəmlərin hər biri böyük əhəmiyyət daşıyır. Əvvəla, yeni bağların salınmasının sürətlənməsi sahibkar və fermerlərin bu sahəyə marağının artmasından xəbər verir. İkincisi, 152 min tondan çox məhsul istehsalı üzümçülüyün artıq müəyyən miqyasda xammal bazası yaratdığını nümayiş etdirir. Üçüncüsü, orta məhsuldarlığın 106,6 sentner/hektar olması bağçılıqda intensiv texnologiyaların, suvarmanın, sort seçiminin və aqrotexniki tədbirlərin səmərəli tətbiqi ilə daha yüksək nəticələr üçün imkanların mövcudluğuna göstərir.
Lakin bu rəqəmlər həm də başqa bir sual – bundan sonra inkişafın əsas istiqaməti nə olmalıdır? – doğurur. Cavab isə təkcə “daha çox bağ salmaq” fikri ilə bitmir. Çünki yeni bağların salınması ilkin mərhələdir. Bağ məhsuldar olduqdan sonra onun məhsulunun saxlanılması, çeşidlənməsi, qablaşdırılması, emala yönəldilməsi, daxili və xarici bazarlara çıxarılması məsələləri meydana çıxır. Əgər bu zəncirin hər hansı bir həlqəsi zəifdirsə, hektarların artması yüksək gəlirin əldə olunması anlamına gəlmir.
Yeni Dövlət Proqramı məhz bu yanaşmanı gücləndirir. Sözügedən sənədin ümumi fəlsəfəsində isə aqrar sahənin intensiv, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan modelə keçirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, proqramda 2026–2030-cu illərdə kənd təsərrüfatının aqrar-emal sahələrində məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi nəzərdə tutulub.
Proqramın hədəfləri də kifayət qədər konkretdir. Belə ki, 2025-ci ildə aqrar sahə üzrə ixracın baza göstəricisi 1,5 milyard ABŞ dolları kimi müəyyənləşdirilib və 2026–2030-cu illərdə bunun artırılması hədəflənib. Eləcə də müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 2030-cu ilədək, təxminən, 300 min hektara çatdırılması planlaşdırılıb. İntensiv meyvə bağlarının sahəsinin isə 50 min hektardan, təxminən, 70 min hektara yüksəldilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Üzümçülüyün inkişafında əsas məqam isə ondan ibarətdir ki, proqram yalnız ilkin istehsala deyil, dəyər zəncirinin sonrakı mərhələlərinə də diqqət yetirir. Bu məqsədlə sənəddə aqrar-emal sənayesinin sürətli inkişafı prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirilib və şərab istehsalının təşviqi ayrıca tədbir kimi göstərilib. 2026–2030-cu illərdə şərab istehsalı kiçik müəssisələrinin yaradılması və modernləşdirilməsinə dair təkliflərin hazırlanması, şərab istehsalının dəstəklənməsi mexanizminin formalaşdırılması və tətbiq edilməsi nəzərdə tutulub. Yekun göstərici kimi isə kiçik butik tipli şərab istehsalçılarının sayının 2025-ci ildəki 5-dən 2030-cu ildə 20-yə çatdırılması müəyyənləşdirilib.
Bu, o deməkdir ki, kiçik şərabçılıq müəssisələrinin inkişafı üzümçülüyün iqtisadi modelində mühüm dəyişiklik yaradır. Çünki irihəcmli istehsalla yanaşı, müəyyən coğrafi əraziyə, üzüm sortuna və yerli xüsusiyyətlərə bağlı butik məhsulların formalaşdırılması regionların iqtisadi potensialını artırır.
Yeni bağlar gələcəyə yatırımdır
Mütəxəssislərin fikrincə, 2025-ci ildə 198 hektarda yeni üzüm bağının salınmasının əvvəlki illə müqayisədə, təxminən, 3 dəfədən çox artması diqqətçəkən göstəricidir. Ancaq üzüm bağının salınması ilə məhsul əldə etmək arasında bir neçə il vaxt tələb olunur. Bu səbəbdən 2025-ci ildə salınmış yeni bağların tam məhsuldarlığa çatması ilə qarşıdakı illərdə istehsalın artımına əlavə imkan yaradacağı heç bir şübhə doğurmur.
Burada dövlət dəstəyinin rolu xüsusilə böyükdür. Məsələn, 2026-cı il üçün aqrar subsidiya mexanizmində üzümçülük üzrə fərqli ərazi və bağ modellərinə uyğun subsidiyalar müəyyənləşdirilib. Belə ki, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan superintensiv texniki üzüm bağları üçün hər hektara 16 min 500 manat, superintensiv süfrə üzümü bağları üçün 11 min manat subsidiya nəzərdə tutulub. Digər ərazilərdə salınan intensiv üzüm bağları üçün bu məbləğ 8 min manatdır. Naxçıvan Muxtar Respublikasında superintensiv üzüm bağları üçün 14 min 700 manat, intensiv üzüm bağları üçün isə 12 min 500 manat subsidiya müəyyənləşdirilib.
Bu rəqəmlər göstərir ki, subsidiya mexanizmi, sadəcə, yeni sahələrin yaradılmasını deyil, texnoloji baxımdan daha məhsuldar bağların salınmasını stimullaşdırmağa yönəlib. Başqa sözlə, hazırda dövlət dəstəyi “nə qədər çox hektar” sualından daha çox “hansı texnologiya ilə və hansı məhsuldarlıqla” fikrinin aydınlaşdırılmasına istiqamətlənib.
Üzümçülüyün gələcək inkişafında işğaldan azad edilmiş ərazilər də geniş potensiala malikdir. Belə ki, bu il subsidiya mexanizmində Qarabağ və Şərqi Zəngəzurda superintensiv texniki üzüm bağları üçün hər hektara 16 min 500 manat, superintensiv süfrə üzümü bağları üçün isə 11 min manat nəzərdə tutulması bu sahədə dövlət dəstəyinin konkretliyini göstərir.
Bu ərazilərdə üzümçülüyün inkişafı təkcə kənd təsərrüfatı məhsulunun istehsalı kimi qiymətləndirilməməlidir. Böyük Qayıdış prosesində kənd təsərrüfatının bərpası məşğulluğun yaradılması, yerli gəlir mənbələrinin formalaşdırılması, emal müəssisələrinin təşkil edilməsi və yeni iqtisadi fəaliyyət sahələrinin qurulması ilə birbaşa bağlıdır.
Üzümçülük isə Qarabağ və Şərqi Zəngəzurda “bağ-emal-logistika-turizm” modelinin formalaşdırılması üçün uyğun istiqamətlərdən biri hesab edilir. Məsələn, bu coğrafiyada üzüm bağları ilə yanaşı, kiçik emal müəssisələri, məhsul saxlama məntəqələri, şərabçılıq obyektləri, dequstasiya məkanları və aqroturizm marşrutlarının yaradılması ilə daha çox əlavə dəyərin əldə edilməsinin mümkünlüyü əsas şərtlər sırasında yer alır.
Bu baxımdam qarşıdakı mərhələnin əsas göstəricilərindən biri məhsuldarlıq olmalıdır. 2025-ci ildə orta məhsuldarlığın 106,6 sentner/hektara yüksəlməsi də müəyyən istehsal potensialının formalaşdığını göstərir. Lakin orta göstəricinin özü müxtəlif təsərrüfatlar, sortlar, ərazilər və texnologiyalar arasındakı fərqləri tam əks etdirmir.
İntensiv və superintensiv bağların əsas üstünlüyü isə daha səmərəli əkin sxemi, keyfiyyətli ting materialı, düzgün budama, müasir suvarma, gübrələmə, bitki mühafizəsi, rəqəmsal monitorinq hesabına məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi kimi amillərdən asılıdır. Çünki üzüm bağının iqtisadi səmərəliliyi yalnız bir hektardan neçə ton məhsul alınması ilə deyil, həmin məhsulun hansı qiymətə satılması və hansı əlavə dəyər yaratması ilə müəyyənləşdirilir.
Məsələn, eyni hektardan alınan məhsulun bir hissəsinin xammal kimi satılması ilə onun emal edilərək şirə, qurudulmuş məhsul, müxtəlif üzüm məhsulları və şərab kimi bazara çıxarılması arasında ciddi iqtisadi fərq yaranır. Deməli, məhsuldarlıqla yanaşı, “dəyər məhsuldarlığı” anlayışına da diqqət yetirmək zəruridir.
Can dərmanı, süfrə bəzəyi
Üzümçülüyün iqtisadi önəmini müəyyən edən əsas məsələlərdən biri də istehsal ilə emal arasında əlaqənin gücləndirilməsidir. Kənd təsərrüfatı üzrə ekspert Vüqar İsmayılovun sözlərinə görə, üzümçülüyün inkişafı təkcə yeni bağların salınması ilə məhdudlaşmır. Bu məsələdə məhsulun emalı, qablaşdırılması, brendləşdirilməsi və bazara çıxarılması da eyni dərəcədə mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının şərabçılıqla bağlı qarşıya qoyulan konkret hədəfi də məhz bu baxımdan diqqət çəkir. Dövlət Proqramında 2025-ci ildə mövcud 5 kiçik şərabçılıq təsərrüfatlarının sayının 2030-cu ildə, təxminən, 20-yə çatdırılması isə bunun bariz ifadəsidir. Bu, 4 il ərzində sayın, təxminən, 4 dəfə artırılması deməkdir.
Lakin əsas nəticə yalnız müəssisələrin sayında deyil, onların iqtisadi modelində özünü göstərməsidir. Bu baxımdan kiçik şərabçılıq müəssisəsi yalnız istehsal məntəqəsi deyil, eyni zamanda, yerli üzüm sortlarının qorunması, yeni məhsulların sınaqdan keçirilməsi, regional brendin formalaşdırılması və aqroturizmin inkişafı üçün əlverişli platformanın yaranmasını şərtləndirir.
Dövlət Proqramında üzümçülüyün inkişafı ilə bağlı digər bir məsələ də xüsusi vurğulanır. Belə ki, sənəddə Azərbaycanın məhdud su ehtiyatlarına malik ölkələrdən biri olduğu, su resurslarına təzyiqin getdikcə artdığı və iqlim dəyişikliklərinin aqrar istehsala təsirlərinin gücləndiyi qeyd edilir. Proqramda, eyni zamanda, 2030-cu ilədək ölkə üzrə 300 min hektar sahədə müasir suvarma sistemlərinin tətbiq ediləcəyi göstərilir.
Üzümçülüyün inkişafında subsidiyalaşmanın xüsusi əhəmiyyəti də önə çəkilir. Yeni üzüm bağlarının salınması ilə fermerlərin ilkin investisiya yükünün azala biləcəyi deyilir. Lakin bağın uzunmüddətli rentabelliyi suyun, gübrənin və digər resursların nə qədər səmərəli istifadə olunmasından asılıdır. Bu baxımdan gələcəkdə subsidiyaların texnologiya, məhsuldarlıq, su səmərəliliyi və aqrar sığorta ilə daha sıx əlaqələndirilməsi üzümçülüyün dayanıqlılığını gücləndirə bilər.
Vüqar İsmayılovun fikrincə, üzümçülükdə məhsulun keyfiyyətinin mühüm hissəsi bağ salınmazdan əvvəl müəyyənləşir. Belə ki, torpağın aqrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi, ərazinin iqlim şəraitinə uyğun sortların seçilməsi, xəstəliklərə davamlı calaqaltılardan istifadə edilməsi, məhsulun hansı istiqamətdə – süfrə və texniki üzüm sortlarının qurudulmuş məhsul və ya şərab istehsalı üçün yetişdirilməsinin əvvəlcədən müəyyənləşdirilməsi gələcək iqtisadi nəticəyə birbaşa təsir göstərir.
Dövlət Proqramında bütün bunlar nəzərə alınaraq torpaqların aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi, torpaq analiz sisteminin müasirləşdirilməsi və kənd təsərrüfatı torpaqlarının səmərəli idarə edilməsi üzrə tədbirlər nəzərdə tutulur. Bu yanaşmanın üzümçülüyə tətbiqi faydalı sayılır. Çünki “hansı ərazidə hansı sort?” sualının elmi əsaslarla cavablandırılması həm məhsuldarlığın, həm də məhsulun keyfiyyətinin yüksəlməsi ilə nəticələnir.
Kənd təsərrüfatı mütəxəssisi Eldar Cəbrayılov bildirdi ki, üzümçülük və şərabçılığın inkişafı regionların iqtisadi mənzərəsini də dəyişir. Məsələn, respublikanın müxtəlif bölgələrinin üzümçülük ənənələri var. Şamaxı, Göygöl, Gəncə, Tovuz, Şəmkir, Qazax, Ağsu, Naxçıvan və digər ərazilərdə bu sahənin inkişafı üçün müxtəlif təbii və tarixi imkanlar mövcuddur. Bu baxımdan regionların ixtisaslaşması xüsusi əhəmiyyət kəsb edir. Yəni bir bölgədə süfrə üzümü istehsalı, digərində texniki üzümçülük, başqa bir ərazidə isə yerli sortların qorunması və kiçik şərabçılıq sektorunun inkişaf etdirilməsi bu sektorun inkişafını sürətləndirər.
Azərbaycanın aqrar sektorunda son illər rəqəmsal transformasiya da sürətlənib. Üzümçülükdə isə rəqəmsal texnologiyaların imkanları daha geniş xarakter alıb. Torpağın rütubətinin sensorlarla ölçülməsi, peyk təsvirləri vasitəsilə bağların vəziyyətinin izlənilməsi, aqrodronlarla xəstəlik və zərərvericilərin müəyyənləşdirilməsi, meteoroloji məlumatların təhlilinin aparılması, suvarmanın avtomatik idarə olunması və məhsuldarlığın rəqəmsal uçotunun həyata keçirilməsi məsələlərinin həlli qarşıya prioritet vəzifələr kimi qoyulub. Bu, təcrübədə xüsusilə iri və intensiv təsərrüfatlarda xərclərin optimallaşdırılması baxımından yüksək dəyərləndirilib.
Vaqif BAYRAMOV
XQ