Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kardiologiya üzrə mütəxəssis, professor Okay Abacı gün ərzində uzun müddət hərəkətsiz qalmağın ürək-damar sağlamlığı üçün ciddi risk yarada biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, mütəxəssis xüsusilə masa arxasında işləyənlərin uzun müddət oturmağı hərəkət fasilələri ilə bölməsinin vacibliyini vurğulayıb.
Professor Abacı qeyd edib ki, uzun müddət oturmaq çəki artımı, insulin müqaviməti, yüksək təzyiq və xolesterin kimi ürək-damar xəstəlikləri üçün risk faktorları ilə əlaqəli ola bilər. Onun sözlərinə görə, günün böyük hissəsini hərəkətsiz keçirmək zamanla ürək və damar xəstəlikləri riskini artırır.
Mütəxəssis infarkt riskinin yalnız bir səbəbdən qaynaqlanmadığını, siqaret, yüksək təzyiq, diabet, yüksək xolesterin, artıq çəki, ailə tarixçəsi və hərəkətsiz həyat tərzinin birlikdə nəzərə alınmalı olduğunu bildirib.
Abacı masa arxasında çalışanlara müəyyən aralıqlarla ayağa qalxmağı, bir neçə dəqiqə gəzməyi, pilləkəndən istifadə etməyi və telefon danışıqlarını ayaqüstə aparmağı tövsiyə edib.
O vurğulayıb ki, həftədə bir neçə gün idman etmək faydalı olsa da, günün qalan hissəsini saatlarla hərəkətsiz keçirmək düzgün deyil.
Professor Abacı ürək sağlamlığını qorumaq üçün müntəzəm fiziki aktivlik, sağlam qidalanma, siqaretdən uzaq durmaq, qan təzyiqi, qan şəkəri və xolesterin göstəricilərinə nəzarət etməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, kiçik, lakin müntəzəm hərəkət vərdişləri ürək sağlamlığının qorunmasına kömək edə bilər.