Uzunmüddətli subaylıq gənclərin psixoloji durumuna mənfi təsir göstərir

27.01.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Sürix Universitetinin apardığı araşdırmaya əsasən, 16–29 yaş aralığında uzun müddət subay qalan gənclərdə həyat məmnuniyyəti azalır, tənhalıq və depressiv hisslər isə artır. Tədqiqat göstərir ki, kişi olmaq, yüksək təhsil səviyyəsi və tək yaşamaq bu vəziyyəti gücləndirən əsas amillər sırasındadır. İlk romantik münasibət isə gənclərin psixoloji durumuna müsbət təsir göstərərək tənhalıq hissini azaldır və həyat məmnuniyyətində artım yaradır.

Qaynarinfo xəbər verir ki, Sürix Universitetinin həyata keçirdiyi araşdırma 16–29 yaş aralığında uzun müddət subay qalan gənclərin həyat məmnuniyyətinin azaldığını, tənhalıq və depressiv əlamətlərin isə artdığını ortaya qoyub.

Mediada "azadlıq” və "özünə yetərlilik” kimi anlayışlarla təqdim olunan tək yaşama meyli, əslində bu yaş qrupunda mənfi nəticələr doğura bilir. Xüsusilə uzun müddət partnyoru olmayan gənclərdə həyat məmnuniyyəti azalır, tənhalıq və depressiv hisslər isə nəzərəçarpacaq dərəcədə güclənir.

Araşdırma Almaniya və İngiltərədə aparılmış üç panel tədqiqatın məlumatlarına əsaslanır. Bu çərçivədə 17 mindən çox gəncin illər ərzində sosial və psixoloji vəziyyəti izlənilib.

Sürix Universitetinin Psixologiya İnstitutundan Mixail Kremer uzun müddət subay qalma ehtimalını artıran amilləri sadalayıb. Onun sözlərinə görə, kişi olmaq, yüksək təhsil səviyyəsi, aşağı həyat məmnuniyyəti və tək yaşamaq bu ehtimalı yüksəldir. Kremer qeyd edib ki, təhsilə yönəlmiş həyat tərzi bəzən romantik münasibətlərin təxirə salınmasına səbəb olur.

Araşdırma göstərir ki, gənc yetkinlər subay qaldıqca tənhalıq hissləri artır, həyat məmnuniyyəti azalır və xüsusilə 20-li yaşların sonuna doğru depressiv əlamətlər daha qabarıq şəkildə üzə çıxır. Bu meyl həm qadınlarda, həm də kişilərdə oxşar şəkildə müşahidə olunub. Söhbət klinik depressiyadan deyil, daha çox ruh düşkünlüyü, enerji azalması və istəksizlik kimi emosional vəziyyətlərdən gedir. Uzun müddət subay qalanlarda bu əlamətlərin daha aydın hiss edildiyi vurğulanır.

Araşdırmanın diqqətçəkən digər nəticəsi ilk romantik münasibətin gənclərin psixoloji durumuna müsbət təsir göstərməsidir. İlk münasibətə başlayan gənclərdə həyat məmnuniyyətinin artdığı və tənhalıq hissinin azaldığı müşahidə edilsə də, depressiv əlamətlərdə eyni səviyyədə yaxşılaşma qeydə alınmayıb. Mixail Kremer bu nəticələri şərh edərkən, uzunmüddətli subaylığın gənc yetkinlərin rifahı baxımından orta səviyyəli risklər daşıdığını bildirib.

Xüsusilə subaylıq müddəti uzandıqca həyat məmnuniyyəti və tənhalıq göstəriciləri arasındakı fərqlərin daha da dərinləşdiyi qeyd olunur. Tədqiqat qrupu bildirir ki, aşağı həyat məmnuniyyəti həm uzun müddət subay qalmanın nəticəsi ola, həm də gələcəkdə romantik münasibət qurma ehtimalını çətinləşdirə bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью