Uzunmüddətli uçuşlar anemiyaya səbəb ola bilərmi?

17.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu mövzuya müraciətimizin səbəbi ötən həftələrdə sosial şəbəkələrdə  paylaşılan bir epizod telemüsahibədə müğənninin təkidlə söylədiyi “təyyarələrdən çox istifadə edirəm deyə qanımda dəmir azalır” fikrinə aparıcının etirazı, eyni zamanda, postun altında yazılan istehzalı rəylər oldu. Məlumdur ki, sərhədlərin şəffaflaşdığı qloballaşan dünyada, əksər insanlar vaxta qənaət məqsədilə, həm də mənzil başına rahat çatmaq üçün nəqliyyat vasitəsi kimi çox vaxt təyyarədən istifadə edir. Maraq doğuran məsələlərdən biri, dövrü və uzunmüddətli uçuşların insan orqanizminə mənfi təsiri, xüsusən anemiyaya səbəb olma ehtimalıdır. Bu ehtimalmı, reallıqmı deyə, mütəxəssis fikrinə ehtiyac duyduq. Tibb elmləri doktoru, professor Musa Qəniyevin hazırki araşdırması bu məsələnin elmi təhlilinə həsr olunmuşdur.

Professorun fikrincə, dövrü və uzunmüddətli uçuşların anemiyaya səbəb ola bilməsi əslində reallıqdır. Lakin bu halın insan orqanizmində baş verən hər hansı bir ciddi patologiya  və ya pozğunluqlarla əlaqəsi yoxdur. Səbəbi uçuş zamanı baş verən zəif hipoksiyanın (oksigen aclığı) fizioloji kompensasiya mexanizmi səbəbindən, dəmirin metabolizmi və qanyaranmaya təsiridir. Belə ki, 10000–12000 metr yüksəklikdə, təyyarənin germetik salonunda təzyiq, dəniz səviyyəsindən təqribən 1800–2500 metr yüksəklikdəki təzyiqə müvafiqdir. Bu yüksəklikdə oksigenin parsial təzyiqi az olduğuna görə, anemiyaya yol açan bəzi mexanizmlər aktivləşir. 

 Bəs bu mexanizmlər hansılardır, proses necə baş verir?

Uçuşlar zamanı qanın “oksigenlə doyması” zəifləyir və hipoksiya baş verir. Oksigen aclığını kompensasiya etmək üçün ilkin saatlarda toxumalarda HIF-1α  faktoru aktivləşir və sümük iliyini stimulə edən eritropoetin hormonunun sintezi kəskin artır, qanyaranma (eritropoez) sürətlənir. Yeni hemoqlobin sintezi üçün sümük iliyi orqanizmin depo dəmir ehtiyatından (ferritin) intensiv şəkildə istifadə edir. Nəticədə orqanizmdə dəmir ehtiyatı tədricən azalır.

Uçuşlar mütəmadi və uzunmüddətli olduqda, mikroqravitasiya səbəbindən orqanizmdən mayenin mərkəzi qan dövranına yığılmasını sinir tənzimi, böyrəklərdə “qan həcminin artıqlığı” kimi dəyərləndirir və kompensator olaraq eritropoetin sintezi kəskin şəkildə azalır. Eritropoetin çatışmazlığı sümük iliyindən təzə çıxmış retikulositlərin və yeni yaranan eritrositlərin vaxtından əvvəl məhv edilməsinə (neositoliz) və anemiyanın dərinləşməsinə yol açır.

Eritropoetin miqdarının azalması və orqanizmdə yaranan pro-iltihabı status, eləcə də uzunmüddətli uçuşlar zamanı saat qurşaqlarının tez-tez dəyişməsi nəticəsində yaranan dizritmiya dəmir mübadiləsini tənzimləyən əsas qaraciyər hormonu hepsidinin sintezini artırır. Bu hormon dəmirin bağırsaqlardan sorulması və depolardan azad olunmasını blokada edir. Nəticədə orqanizmdə dəmir ehtiyatı kifayət dərəcədə olduğu halda belə, eritropoez (qanyaranma) üçün dəmir çatışmazlığı yaranır.

Sirkad ritmlərin pozulması və psixoemosional gərginlik, qanda kortizolun xroniki yüksəlişini törədir. Bu hal, sümük iliyində eritroid hüceyrələrin apoptozunu (proqramlaşdırılmış ölümünü) sürətləndirir. Steroid hormonların qan plazmasında konsentrasiyasının artması, mədə-bağırsaq traktından dəmirin və B12 vitamininin sorulmasını zəiflədir.

Uçuş zamanı yaranan stress və hipoksiya fonunda GM-CSF və TNF-α, IL-6, IL-1β və TNF-α kimi sitokinlərin sintezi artır. Bu maddələr sümük iliyinin eritropoetinə qarşı həssaslığını azaltmaqla yanaşı, hepsiidinin sintezini gücləndirir və eritrositlərin yaşama müddətini qısaldır.

Uzunmüddətli uçuş şəraitində qalxanvari vəzi hormonlarının (T-3, T-4) mübadiləsində yüngül adaptiv durğunluq və ya funksional azalma da müşahidə oluna bilər. Bu hormonlar eritropoetik toxumanın metabolik aktivliyini dəstəklədiyi üçün, onların nisbi çatışmazlığı qanyaranmanın sürətini ləngidir.

Musa Qəniyevin bildirdiyinə görə, məhz bu faktorların kompleks təsirinin nəticəsi olaraq, mütəmadi və uzunmüddətli uçuşlar zamanı, anemiyanın baş vermə ehtimalı labüddür. Lakin yadda saxlamaq lazımdır ki, anemiya riskində əsas amil, uçuşların sayı, müddəti, və ferritinin konkret şəxsdə olan ilkin miqdarıdır. Həftə ərzində 2–4 uçuş, davam etmə müddətinin 6–12 saat və daha artıq olması, xüsusən ferritin ehtiyatının normanın aşağı həddində (30 mkq/kq) olması anemiyanı tətikləyən haldır.

Bu şərtlər də daxil, anemiyaya həlledici səbəb, həmin şəxslərdə gizli daxili qanaxmanın olmasıdır. Dövrü olaraq antikoaqulyant və ya antiaqreqant (kardioaspirin, kardiomaqnil və s.) qəbulu, dəmirin mədə-bağırsaq traktından sorulmasının pozulması (atrofik qastrit, axlorhidriya, seliakiya), mensturasiyanın coxlu qan itkisilə müşahidə olunması və s. kimi hallar əsas risk faktoru sayılır.

Əgər insanda gizli qanitirmə mənbəyi yoxdursa, mədə-bağırsaq traktı normal fəaliyyət göstərirsə və qida ilə kifayər qədər dəmir alınırsa, dövrü (ayda 2–3) qısa, hətta orta müddətli uçuşların patoloji dəmir azlığı və ya anemiyaya səbəb olma riski yoxdur və xüsusi müalicə və ya profilaktik tədbirlərin aparılmasına ehtiyac yaranmır. Bunun səbəbi orqanizmin “yüksəkliyə uyğunlaşma” rejiminə (yüksək dağlıq ərazilərdə yaşayan insanlar kimi) keçməsidir. Bu halda qanyaranmanın sürətlənməsi və dəmir sərfinin artması, eritrositlərin yaşama müddətinin uzanması və resirkulyasiya ilə müşahidə olunur. Nəticədə qalaq və qaraciyərdə parçalanan yaşlı eritrositlərdən azad olan dəmirin, yeni eritrositlərin əmələ gəlməsində təkrar istifadəsi optimallaşır.

Görəsən, mütəmadi uçuşlar qan azlığına səbəb olursa, pilotlar, stüardessalar anemiyadan əziyyət çəkir deyə bilərikmi?

Professorun sözlərinə görə, maraq doğuran əsas məsələlərdən biri də məhz  pilot və uçuş heyəti üzvlərinin anemiyaya tutulub-tutulmaması haqqında fikirlərdir. Əslində əsas risk qrupunda olan şəxslər məhz bu insanlardır. Anemiyanın peşə xəstəliyi olmamasının əsas səbəbi isə, bu şəxslərin seçiminin ciddi tibbi və peşə seçimi tələbləri səviyyəsində aparılmasıdır. Onlar mütəmadi olaraq qanın biokimyəvi analizini verir. Hərgah hemoqlobinin azalması və ya gizli dəmir çatışmazlığı aşkar edilərsə, bu göstəricilər bərpa olunan müddətə qədər, onlar, müvəqqəti olaraq uçuşdan kənarlaşdırılırlar. Uçuş heyəti üçün xüsusi qidalanma və istirahət rejimi vardır. Onların qidası həm dəmirlə (yağlı olmayan qırmızı ət, qaraciyər) zəngin olur. Uçuşlar arası biokimyəvi hemostazın və hormon (hepsidin, eritropoetin) balansının tam bərpa olması üçün məcburi istirahət rejimi tətbiq olunur.

Son olaraq bildirirəm ki, dövrü və uzunmüddətli uçuşların anemiyaya səbəb olma riski ehtimal yox, həqiqətdir. Lakin məlum tələblərə əməl etdikdə, bunun qarşısını tamamilə almaq mümkündür.

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью