Icma.az, Azpost portalına istinadən məlumat verir.
Dünyanın müxtəlif bölgələrində insanların 90-100 yaşdan çox yaşadığı ərazilər alimlərin xüsusi maraq dairəsindədir. Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi və Yunanıstanın İkariya adası uzunömürlülük mərkəzləri hesab edilir.
Azpost.info-nun məlumatına görə, tədqiqatlar göstərir ki, bu bölgələrdə yaşayan insanların həyat tərzində bir sıra oxşarlıqlar var. Onlar daha çox tərəvəz, balıq və təbii məhsullar qəbul edir, gündəlik fiziki aktivliyi qoruyur və sosial münasibətlərə böyük önəm verirlər.
Kardioloq Faiq Məmmədov bildirir ki, ürək-damar xəstəliklərinin qarşısını almağın ən təsirli yollarından biri hərəkətli həyat tərzidir. “İnsan gündə ən azı 30 dəqiqə aktiv hərəkət etməlidir. Bu, həm ürək sağlamlığını qoruyur, həm də artıq çəkinin qarşısını alır.”
Mütəxəssislər hesab edirlər ki, düzgün qidalanma, keyfiyyətli yuxu və stressin idarə olunması sağlam ömrün əsas şərtləridir. Araşdırmalar göstərir ki, sosial əlaqələri güclü olan insanlar daha uzun yaşayır və depressiya riski daha aşağı olur.