Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi keçirilib. Kitabın, mütaliənin və mütaliə mədəniyyətinin təbliğinə xidmət edən sərgi nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirib.
SİA xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Hədəf Şirkətlər Qrupunun icraçı direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının İdarə Heyətinin sədri, yazıçı, dosent Şəmil Sadiq və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov iştirak ediblər.
Sərgi çərçivəsində ziyarətçilərə müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, müəlliflərlə görüşmək və ədəbi müzakirələrdə iştirak etmək imkanı yaradılıb. Tədbir Gəncənin mədəni həyatında kitab və mütaliə ənənələrinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Açılış mərasimi musiqi proqramı ilə də yadda qalıb. Royal Musa və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Azər qızı çıxış edərək tədbir iştirakçılarına musiqi töhfələrini təqdim ediblər.
Qeyd edək ki, V Gəncə Kitab Sərgisi kitabsevərlərin, müəlliflərin və nəşriyyat nümayəndələrinin görüş platforması olmaqla yanaşı, cəmiyyətdə mütaliə mədəniyyətinin inkişafına və kitaba marağın artırılmasına xidmət edir.