Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Osloda Norveç Kralı V Haraldın dəfn mərasimi keçirilib.
Yeniavaz.com Norveç KİV-ə istinadla xəbər verir ki, mərhumun cəsədinin olduğu tabut Kral Sarayı Kapellasından Norveç Katedralına aparılıb.
Orada yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) Norveç Lüteran Kilsəsinin Rəhbər Yepiskopu Olav Fikse Tveyt dəfn mərasim keçirib.
Daha sonra dəfn mərasimi mərhum V Haraldın dəfn olunduğu Akershus qalasındakı kral məqbərəsində davam edib.
Dəfn mərasimində keçmiş Norveç monarxının ailəsi, o cümlədən Norveçin yeni kralı olan oğlu Haakon, eləcə də, Avropa ölkələrinin monarxları iştirak ediblər.
Onların arasında Danimarka kralı X Frederik, İsveç monarxı XVI Karl Qustav və Niderland kralı Villem-Aleksandr da olub.
Dəfn mərasimində Böyük Britaniya, Monako və Bolqarıstan kral ailələrinin nümayəndələri, eləcə də Yaponiya imperator ailəsinin üzvləri də iştirak ediblər.
Norveç monarxının dəfn mərasimində Fransanın Baş naziri Sebastyan Lekornu, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer, Kanadanın General-Qubernatoru Luiz Arbur və digər tanınmış siyasi xadimlər də iştirak ediblər.
Qeyd edək ki, V Harald 21 fevral 1937-ci ildə anadan olub və 1991-ci ildən taxt-taca sahib olub. Kral Harald Norveç Silahlı Qüvvələrinin Baş Komandanı idi və Ordu Generalı və Donanma Admiralı rütbələrinə sahib idi. O, həvəskar dənizçi idi və 2015-ci ildə Antarktidaya səfər edən ilk monarx kimi tarixə düşmüşdü.
Avqustun ortalarında Norveç kral ailəsi V Haraldın hemolitik anemiya müalicəsi üçün Oslo xəstəxanasına aparıldığını elan etdi. Bir neçə gün sonra saray monarxın vəziyyətinin pisləşdiyini bildirən bir açıqlama verdi.
V Harald 28 avqustda 89 yaşında vəfat etdi.