Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Dünyada elə ciddi siyasi proseslər gedir ki, iqtisadiyyata birbaşa təsir göstərir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, ABŞ, İsrail ilə İran münasibətlərinin hamısı dünya iqtisadiyyatına təsir edən amillərdir. O cümlədən də Azərbaycan dünyanın bir hissəsi olduğu üçün iqtisadiyyatına, onun sosial vəziyyətinə öz təsirini göstərir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.
O hesab edir ki, 2027-ci ilin dövlət büdcəsi indiki şəraitdə normal büdcə hesab oluna bilər: “Xüsusilə 2027-ci ilin dövlət büdcəsi layihəsində sosialyönümlü xərclərə ümumi büdcə xərclərinin 44,2 faizi həcmində vəsait ayrılması nəzərdə tutulur. Sosial sahəyə diqqət kifayət qədər böyükdür. Amma sosial sahədən də əlavə, bu dəqiqə hər bir dövlət istəyir ki, özünün təhlükəsizliyini təmin etsin. Təhlükəsizliklə əlaqədar dövlət büdcəsindən təxminən 9 milyard manata yaxın vəsait ayrılıb. Bu kifayət qədər böyük vəsaitdir. Qonşu dövlətlər var ki, Azərbaycanla münasibətləri nə qədər müsbət saxlamaq istəsə də, onlar istəyirlər ki, müəyyən qədər bu müharibələrdən istifadə etsinlər. Rusiya, İran, Ermənistan qonşu dövlətlər olduğu üçün burada çox ciddi həm siyasi, həm iqtisadi problemlər yaşandığı üçün Azərbaycana da təsir göstərir”.
V.Əhmədov qeyd edir ki, 2027-ci ilin dövlət büdcəsində inflyasiya 5,3 faiz göstərilir, amma inflyasiya bundan da artıq ola bilər: “Nəzər salsaq, çox ciddi qiymət artımı mövcuddur və bu, hətta aybaay artır. Bu da idxalımızın yüksək olması ilə əlaqədardır. Qiymət siyasətinə müəyyən qədər baxılmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qiymət siyasəti ilə məşğul olmalıdır ki, subyektiv qiymət artımı olmasın, obyektiv qiymətlər isə başadüşüləndir. Digər məsələlərdən biri Azərbaycanda iş yerlərinin açılmasıdır. Bütün çıxışlarımda qeyd edirəm ki, Azərbaycanda, regionlarda iş yerləri yoxdur. İnsanlar məcburdurlar ki, Bakı, Sumqayıt və mərkəzi şəhərlərə gəlib orada işləsinlər. 14 iqtisadi rayonumuz olduğu üçün bu rayonlarda iş yerləri açılmalıdır. Həm kənd təsərrüfatı sahəsində, həm də sənaye sahəsində müəyyən məsələlər öz həllini tapmalıdır ki, insanlar işlə təmin edilsinlər. O cümlədən, maaş, pensiya sahəsində də artımlara fikir vermək lazımdır. İnflyasiya ilə bağlı əməkhaqlarında 7-8 faiz artımlar gözlənilir. Amma bu artımlar inflyasiyanı üstələmir. Çünki real inflyasiya tamamilə başqa rəqəmləri göstərir. Ona görə müavinət, pensiya kimi sahələrə diqqəti daha da artırmaq lazımdır. Əsas büdcənin icra mexanizminə daha çox diqqət göstərmək lazımdır ki, problemlər yaranmasın. Neftin qiyməti 65 dollar götürülüb. Maliyyə nazirinin də qeyd etdiyi kimi, Azərbaycanda kifayət qədər, hardasa 90 milyard dollara yaxın ehtiyatımız var. Bu, böyük ehtiyatdır. Dövlət büdcəsinin kəsiri də deyərdim ki, aşağı səviyyədədir, yüksək deyil. O cümlədən dövlət borcu da 2 milyarddan bir az artıqdır. Bu da çox deyil. Rəqəmlər onu göstərir ki, 2027-ci il dövlət büdcəsini normal büdcə hesab etmək olar. Qiymət siyasətinə və sosial müdafiə xərclərinə diqqəti artırmaq lazımdır. Diqqətçəkən məqamlardan biri budur ki, Dövlət Neft Fondundan 12 milyard manata yaxın transfer edirik. Böyük rəqəmdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, 60 faizə yaxın gəlirlərimiz qeyri-neft sektoruna gedir, yalnız 40 faizi neft sektoru üzrə daxilolmaların payına düşür. Amma buna baxmayaraq hesab edirəm ki, ümumiyyətlə gəlirlər daha da artıq olmalıdır, mexanizmə baxmaq lazımdır”.
Sabiq deputatın sözlərinə görə, son vaxtlar kənd təsərrüfatına əlavə vergilər yükləmək istəyirlər, bu, qəbuledilməzdir: “Dünyanın hər yerində kənd təsərrüfatı subsidiya və dotasiya ilə işləyir. Çalışmalıyıq ki, kənd təsərrüfatı məhsullarının idxalını azaldaq. Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilsin. Dünyada gedən siyasi proseslər o qədər dərinləşib ki, hətta bir sıra dövlətlər, 13 dövlət öz əhalisinə ərzaq yığmağı məsləhət görür. Düzdür, Azərbaycanda buna ehtiyac yoxdur, Ölkəmizin yetəri qədər iqtisadi, siyasi əlaqələri yüksək səviyyədə inkişaf edib. Elə hala gəlib çata bilməz… Amma hesab edirəm ki, dövlətin ehtiyatı kifayət qədər olmalıdır. Birdən qarşısıalınmaz proseslər baş verə bilər, bunu da nəzərə almaq lazımdır. 2027-ci ildə dünyada iqtisadi böhran gözləyirəm, ola bilər və Azərbaycana da müəyyən qədər təsiri ola bilər. Amma ciddi təsir olacağını düşünmürəm. Dövlət büdcəsində manatın məzənnəsinin də qorunub saxlanılması böyük əhəmiyyət kəsb edir. Əhali üçün önəmlidir. Dünyada isə siyasi proseslər müsbət həllini tapmazsa, 2027-ci ildə çətin problemlərlə üzləşə bilərik”.