Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəb həm də yeniyetmələrin sosiallaşma məkanıdır. Bu mühitin əsas prinsiplərindən biri bərabərlikdir. Sosial statusundan, ailənin maddi vəziyyətindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şagirdin eyni şəraitdə təhsil alması, eyni imkan və fürsətlərə malik olması sağlam məktəb mühitinin formalaşması üçün vacib amillərdəndir.
Xüsusilə yeniyetməlik dövründə uşaqlar özlərini həmyaşıdları ilə müqayisə etməyə meyilli olur, bu isə geyim, aksesuar kimi xarici göstəricilərin sosial fərqi üzə çıxarmasına səbəb olur. Bəzən bu fərqlər şagirdlərin bir-birinə münasibətinə, özünəinamına və məktəb mühitində özünü necə hiss etməsinə də təsir göstərir. Maddi imkanların fərqli olması bəzi uşaqlarda üstünlük, bəzilərində isə narahatlıq hissi yaradır. Məhz bu baxımdan məktəbli forması şagirdlərin ailələrinin maddi imkanlarının gündəlik geyim üzərindən nümayiş etdirilməsi ehtimalını azaldaraq, onların diqqətini daha çox təhsil, ünsiyyət və məktəb həyatının digər tərəflərinə yönəldə bilər.
Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarına dair təsdiq etdiyi qaydalara dəyişiklik edilib. Bəs məktəbli formasının vahid standart üzrə müəyyənləşdirilməsi təhsil mühitində sosial bərabərliyin təmin olunmasına nə dərəcədə təsir göstərə bilər?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirdi ki, Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarına dair təsdiq etdiyi qaydalara dəyişiklik edilməsində əsas məqsəd məktəb mühitinin hansı prinsiplər üzərində qurulması, uşaqların bir-biri ilə hansı sosial müstəvidə münasibət yaratması və ümumilikdə təhsilin dünyəvi, neytral və inklüziv xarakterinin necə qorunması ilə bağlıdır:
– Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim forması qaydalarına etdiyi son dəyişikliyə məsələnin mahiyyəti üzrə yanaşmaq, zənnimcə, daha doğru olar. Qərarda təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi nəzərdə tutulur. Bu müddəanın mahiyyətini yalnız “nə geyinmək olar, nə geyinmək olmaz” sualı ilə məhdudlaşdırmaq düzgün deyil. Əslində, burada məktəb mühitinin bütün şagirdlər üçün ümumi və bərabər qaydalar əsasında təşkil olunması prinsipi önə çıxır.
Məsələnin digər mühüm tərəfi isə dövlət təhsil sisteminin dünyəvi xarakterinin yalnız pedaqoji və ya ictimai yanaşma deyil, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş fundamental hüquqi prinsip olmasıdır.
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Dünyəvilik dini dəyərlərin silinməsi demək deyil. Azərbaycan qanunvericiliyi dini etiqad azadlığını qoruyur və insanların dini təhsil almaq imkanını tanıyır. Lakin dini təhsil ilə dövlət ümumi təhsil sistemi eyni hüquqi və institusional müstəvi deyil. Dövlət məktəbinin dünyəvi olması məhz bu fərqin qorunmasına xidmət edir.
Bu sərhədin qorunması xüsusilə uşaqların dünyagörüşünün formalaşdığı yaş dövründə mühüm əhəmiyyət daşıyır. Məktəb uşağa hansı dini və ya qeyri-dini dünyagörüşünü seçməli olduğunu diktə etməməlidir. Əsas vəzifə uşağa düşünmək, öyrənmək, müqayisə etmək, fərqli fikirlərə hörmətlə yanaşmaq və elmi biliklər əsasında nəticə çıxarmaq imkanları yaratmaqdır.
Müsahibim onu da qeyd etdi ki, dövlətin hər hansı bir dini dünyagörüşünü üstün mövqeyə çıxarmaması müxtəlif inanclara və inanclı olmamaq hüququna eyni məsafədə yanaşmağın təminatıdır:
– Məktəbli forması uşaqlar arasında zahiri fərqləri mümkün qədər azaltmağa xidmət edir. Bu, əlbəttə, uşaqların fərdiliyinin aradan qaldırılması anlamına gəlmir. Əksinə, məqsəd fərdiliyin sosial-iqtisadi üstünlüklərlə qarışdırılmasının qarşısını almaqdır.
Əgər məktəbi yalnız dərslərin keçirildiyi bina kimi qəbul etsək, forma məsələsi də adi inzibati detal təsiri bağışlayacaq. Əgər məktəbi şəxsiyyətin formalaşdığı, sosial münasibətləri öyrəndiyi və cəmiyyətə hazırlandığı mühüm institut kimi qəbul etsək, onda geyim qaydası da daha geniş məna qazanacaq.
Bütövlükdə isə məqsəd şagirdlərin eyni təhsil hüququna, eyni məsuliyyətə və eyni qaydalara malik olduqlarını göstərən ümumi mühit yaratmaqdır. Çünki məktəbdə əsas fərqləndirici amil geyim deyil, şagirdin biliyi, bacarığı, zəhməti və şəxsiyyəti olmalıdır. Ona görə də bu məsələyə qanunun, dövlət təhsil sisteminin dünyəvi xarakterinin və bütün uşaqlar üçün vahid, bərabər və neytral təhsil mühitinin qorunması prizmasından yanaşmaq daha doğru və daha obyektivdir.
Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsində bu məsələ, əsasən, məktəblərin və təhsil müəssisələrinin ixtiyarına buraxılır:
– Dünyanın müxtəlif ölkələrində müəyyən düşüncə qruplarını və ideoloji baxışları ifadə edən simvollara rast gəlinir. Bu simvollar geyim elementlərində, qolbaqlarda, boyunbağılarda və digər aksesuarlarda öz əksini tapa bilər. Müşahidələrimə görə, bu cür fərdi ifadə formalarına müəyyən çərçivələr daxilində imkan yaradılır.
Bununla yanaşı, məktəblərdə xarici görünüşlə bağlı müəyyən məhdudiyyətlər də tətbiq olunur. Məsələn, qeyri-təbii saç rəngləri, bəzi hallarda pirsinq və digər diqqətçəkən xarici görünüş elementləri məktəblərin daxili qaydaları ilə məhdudlaşdırıla bilər. Burada əsas məqsəd məktəb mühitində müəyyən nizam və ümumi davranış çərçivəsinin qorunmasıdır.
Bu baxımdan, hesab edirəm ki, vahid forma ilə bağlı müəyyən ümumi çərçivələrin müəyyənləşdirilməsi mümkündür. Məsələn, minimum və maksimum tələblər müəyyən edilə, həmin çərçivə daxilində məktəblərə, valideynlərə və təhsil müəssisələrinə müəyyən seçim imkanları verilə bilər.
Xarici təcrübədə də bunun müxtəlif nümunələrinə rast gəlinir. Bəzi ölkələrdə məktəbli forması məktəb tərəfindən təmin edilir, müəyyən hallarda isə valideynlər həmin geyimi məktəbdən və ya məktəbin müəyyən etdiyi təchizat sistemindən əldə edirlər. Maddi imkanı olmayan ailələr üçün isə forma ödənişsiz təqdim edilə bilər. Əsas prinsip ondan ibarətdir ki, vahid forma tələbi varsa bu, ailənin maddi imkanlarından asılı olaraq uşaqlar arasında əlavə fərq yaratmamalıdır.
Fidan ƏLİYEVA
XQ