Vahid forma, vahid məktəb mədəniyyəti!

12.10.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.


Məktəbli forması bərabərlik mesajı verir...

Dünyəvi təhsil, məktəb nizam-intizamı və vahid geyim prinsipi müasir təhsil mühitinin mühüm tərkib hissələridir. Vahid məktəbli geyimi dünyanın bir sıra ölkələrində məktəb mədəniyyətinin mühüm elementi kimi qəbul olunur. Onun üstünlüyü yalnız səliqəli görünüşlə məhdudlaşmır. Eyni geyim qaydası şagirdlər arasında bahalı və ucuz geyim üzərindən müqayisələrin, dəb yarışının və sosial fərqlərin qabardılmasının qarşısını ala bilər. 

Müasir təhsil sisteminin uğuru təhsilin keyfiyyəti, şagirdin qazandığı bilik və məktəbin sağlam mənəvi mühitidir. Vahid məktəbli forması isə bu sistemin nizam-intizam və ümumi məktəb mədəniyyəti ilə bağlı hissəsini təşkil edir.

Vahid məktəbli forması nizam intizamı gücləndirir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi təhsil mühitində ümumi nizamın yaradılması və şagirdlər arasında bərabərlik prinsipinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır: “Məktəbli forması məktəbin vahidliyini ifadə etməklə yanaşı, şagirdlərə müəyyən edilmiş qaydalara hörmətlə yanaşmağı və kollektiv həyatın tələblərinə uyğun davranmağı da öyrədir.

Uşaqların məktəb yaşlarından məsuliyyətli davranışa alışması vacibdir. Onlar anlamalıdırlar ki, hər bir kollektivin öz qaydaları var və həmin qaydalara əməl etmək ümumi mühitin sağlamlığına xidmət edir. Məktəbli formasına riayət də belə davranış vərdişlərindən biridir. Fikrimcə, bu tələbə münasibət zamanla şagirdlərdə intizam, məsuliyyət və öz davranışına nəzarət kimi keyfiyyətlərin inkişafına müsbət təsir göstərə bilər”.

Sağlam məktəb atmosferinin formalaşması üçün...

Professorun sözlərinə görə, vahid geyim qaydaları şagirdlərin geyim seçimi üzərindən bir-biri ilə müqayisə edilməsinin və maddi imkan fərqlərinin məktəb mühitində qabardılmasının qarşısını müəyyən dərəcədə alır: “Məktəbdə əsas meyar şagirdin geyimi deyil, onun biliyi, bacarığı, davranışı və şəxsi keyfiyyətləri olmalıdır. Hər bir uşağın özünü bərabərhüquqlu təhsil mühitinin üzvü hiss etməsi sağlam məktəb atmosferinin formalaşması üçün əhəmiyyətlidir.

Vahid geyim qaydalarına əməl edilməsini tərbiyə və mədəniyyət məsələsi kimi dəyərləndirmək də tamamilə doğrudur. Lakin burada əsas məqam qaydaya formal şəkildə əməl etməkdən daha çox, onun mahiyyətini dərk etməkdir. Uşaqlara intizamın qorxudan və cəzadan deyil, anlayışdan, məsuliyyətdən və qarşılıqlı hörmətdən qaynaqlandığını aşılamaq lazımdır. Məktəbin vəzifəsi də bu prinsipləri şagirdlərə yalnız sözlə deyil, gündəlik münasibət və davranış nümunələri ilə çatdırmaqdır. Çünki məktəbdə formalaşan mədəniyyət gələcək cəmiyyətin mənəvi mühitinə də təsirsiz qalmır”.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью