Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Viza rejiminin arxasındakı gizli gerçəklər
Paris küçələrində gəzərkən pasportunuza vurulmuş tək bir Şengen möhürü sizə Avropanın böyük bir hissəsini, daha dəqiq desək, Şimal qütbünün yaxınlığındakı fyordlardan tutmuş Aralıq dənizinin isti sahillərinə qədər maneəsiz dolaşmaq imkanı verir. Çünki Fransa öz hüquq sistemində elə bir “səhnə” qurub ki, kənardan liberal, insan hüquqlarına hörmətlə yanaşan və dünya ilə tam inteqrasiya olunmuş məkan təsəvvürü yaranır. Lakin Yelisey sarayının öz konstitusiyasında vahid və bölünməz adlandırdığı, xəritədən minlərlə kilometr uzaqda, okeanların ortasında yerləşən torpaqlarına nəzər saldıqda bu “parıltılı fasad” yoxa çıxır.
Qəribədir, Eyfel qülləsinin kölgəsində böyük qürurla təqdim edilən Şengen vizası, eyni bayraq altında idarə olunan Qvadelupda, Martinikdə, Fransız Qvianasında, Reyunyonda, Mayotda, Kanakida (Yeni Kaledoniya), Maohi Nuida (Fransız Polineziyası), Uollis və Futunada adi kağız parçasına çevrilir. Fransa özündə tətbiq etdiyi liberal gediş-gəliş qaydalarının əksinə olaraq, dənizaşırı ərazilərində kənardan giriş-çıxışı son dərəcə ağırlaşdırır, mürəkkəb və sərt viza şərtləri irəli sürür. Zahirən sadə inzibati tənzimləmə kimi sırımağa çalışılan həmin viza sərtləşdirməsi, əslində, Parisin dərin geosiyasi xofundan və tarixi komplekslərindən xəbər verir.
Bakı Təşəbbüs Qrupunun verdiyi məlumatda vurğulandığı kimi, məsələnin mahiyyəti heç də təhlükəsizlik tədbiri ilə bitmir. Fransa sözügedən torpaqlarda əsrlər boyu törətdiyi müstəmləkə cinayətlərinin, bu gün də fərqli maskalar altında davam edən sosial, iqtisadi və siyasi istismarın beynəlxalq səviyyədə ifşa olunmasının qarşısını almağa çalışır. Məlumatın, azad fikrin, obyektiv mətbuatın və müstəqil müşahidəçilərin ərazilərə daxil olmasını çətinləşdirmək, XXI əsrdə müstəmləkəçiliyi sürdürməyin ən rahat idarəetmə metoduna çevrilib.
Sərt viza rejimi birbaşa müstəqil jurnalistlərə, beynəlxalq hüquq müdafiəçilərinə, sosioloqlara və tədqiqatçılara qarşı yönəlmiş inzibati sədd kimi də xarakterizə edilə bilər. Fransa yaxşı anlayır ki, Kanakidə yerli əhalinin siyasi iradəsinin necə tapdandığı, Maohi Nuida onilliklər boyu keçirilən nüvə sınaqlarının ağır fəsadlarının necə gizlədildiyi, həmçinin Fransız Qvianasında və ya Qvadelupda yerli insanların sosial-iqtisadi baxımdan necə asılı vəziyyətdə saxlanıldığı beynəlxalq mətbuatın gündəminə gəlsə, Parisin “demokratiya maskası” düşəcək. Yəni rəsmi hesabatların həmin torpaqlara çatmaması üçün viza mexanizmi, bir növ, siyasi süzgəc rolunu oynayır. Daha acınacaqlısı odur ki, sözügedən izolyasiya siyasəti ikitərəfli işləyir. Kənardan gələn müşahidəçilərin və medianın yolu kəsilməklə yanaşı, yerli xalqların, fəalların, ziyalıların və media mənsublarının da beynəlxalq platformalara çıxışı inzibati çərçivələrlə buxovlanır. Parisdən birbaşa asılı vəziyyətə salınan insanlar öz haqq səslərini, üzləşdikləri ədalətsizlikləri BMT-yə, regional təşkilatlara və ya qlobal forumlara çatdırmaq üçün hər addımda diplomatik və bürokratik maneələrlə qarşılaşırlar. Başqa sözlə desək, Fransa dənizaşırı ərazilərdə yaşayan xalqları həm fiziki, həm də informasiya baxımından dünyadan təcrid edir.
Yeri gəlmişkən, Fransanın izolyasiya taktikası, eyni zamanda, dənizaşırı ərazilərin coğrafi baxımdan aid olduqları regionla inteqrasiyasını süni şəkildə kəsməyə xidmət edir. Sakit okean və Karib hövzəsində yerləşən adaların öz qonşuları ilə iqtisadi, mədəni və sosial əlaqələr qurması da Parisin ciddi nəzarəti altındadır. Region dövlətləri ilə sərbəst gediş-gəlişin məhdudlaşdırılması yerli iqtisadiyyatın müstəqil inkişafına imkan vermir və adaları tamamilə metropoliyadan gələn maliyyə asılılığına məhkum edir. Yəni viza baryerləri informasiya axınının qarşısını almaqdan əlavə, dənizaşırı ərazilərin öz regional mühitindən qoparılaraq Fransaya iqtisadi zəncirlərlə bağlanması üçün hesablanıb.
Göründüyü kimi, beynəlxalq aləmdə özünü “insan hüquqlarının beşiyi” kimi qələmə verən bir dövlətin tətbiq etdiyi siyasət qlobal hüquq müstəvisində ciddi anomaliya yaradır. Paris bir tərəfdən dənizaşırı əraziləri vahid və bölünməz Fransanın tərkib hissəsi adlandırır, digər tərəfdən isə “ayrıca hüquqi çərçivə” bəhanəsi ilə oraya giriş-çıxışı məhdudlaşdıraraq diskriminasiya yaradır. Sözsüz ki, Parisin bu addımı klassik müstəmləkə təfəkkürünün müasir hüquq dili ilə pərdələnməsindən başqa bir şey deyil. Bu gün Fransa neçə əsr keçməsinə baxmayaraq, idarə etdiyi uzaq adaları özünün bərabərhüquqlu subyekti əvəzinə, qapalı zona kimi görməyə davam edir. Halbuki hüquqi manipulyasiyalarla hörülən inzibati divarlar Fransanın öz keçmişi və bugünkü siyasəti ilə üzləşməkdən necə qorxduğunu bir daha dünyaya nümayiş etdirir.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Züriyyə Qarayeva hesab edir ki, prosesi, sadəcə, texniki-inzibati dəyişiklik kimi qiymətləndirmək düzgün olmaz, məsələnin formal hüquqi tərəfi də nəzərə alınmalıdır: “Fransanın dənizaşırı ərazilərinin hamısı eyni statusa malik deyil: Qvadelup Fransanın dənizaşırı departamenti və Avropa İttifaqının ucqar regionudur, Kanaki – Yeni Kaledoniya isə xüsusi statuslu ərazi sayılır. Onların heç biri Şengen məkanına daxil deyil və ona görə də adi Şengen vizası həmin ərazilərə avtomatik giriş hüququ vermir. Bu fərqləndirmə Fransanın rəsmi qanunvericiliyində təsbit olunsa da, Parisin həmin qaydaları sadələşdirmək əvəzinə sərtləşdirməsi məsələyə siyasi məzmun qazandırır. Xüsusilə müstəqillik və dekolonizasiya tələblərinin güclü olduğu ərazilərə girişin əlavə nəzarət altında saxlanılması xarici fəalların, jurnalistlərin və siyasi əlaqələrin məhdudlaşdırılması vasitəsinə çevrilə bilər. Görünür, qərarın arxasında miqrasiya və təhlükəsizlik arqumentləri ilə yanaşı, Fransanın dənizaşırı ərazilər üzərində siyasi nəzarətini qorumaq məqsədinin dayandığını da söyləmək mümkündür”.
Politoloq, həmçinin qeyd edib ki, əsas ziddiyyət məhz burada üzə çıxır: “Paris ərazi bütövlüyündən danışarkən həmin torpaqları Fransanın ayrılmaz hissəsi sayır, lakin giriş, yaşayış və idarəçilik məsələlərində materik Fransadan fərqli rejim tətbiq edir. Əlbəttə, coğrafi uzaqlıq və ərazilərin müxtəlif konstitusion statusu müəyyən xüsusi qaydaları zəruri edə bilər, lakin bu fərqlər mərkəzi hakimiyyətin nəzarət imkanlarını artırırsa, onların demokratik legitimliyi sual altına düşür. Şengen vizasının Qvadelupa və ya Kanakiyə keçid üçün yetərli olmaması özlüyündə insan hüquqlarının pozulması anlamına gəlməsə də, əlavə maneələrin şəffaf olmayan, seçici və siyasi məqsədlərlə tətbiqi Fransanın azad hərəkət və bərabər münasibət haqqında bəyanatları ilə ziddiyət təşkil edir”.
Şengen vizası ətrafında formalaşan paradoks Fransanın dənizaşırı ərazilərə münasibətindəki ikili standartları bir daha üzə çıxarır. İnsan hüquqları, azad hərəkət və bərabərlik prinsiplərini bəyan edən Parisin həmin ərazilərdə tətbiq etdiyi məhdudiyyətlər isə bu dəyərlərin praktikada nə dərəcədə qorunduğu sualını gündəmə gətirir. Görünən odur ki, müstəmləkəçilik dövrünün mirası hələ də Fransa siyasətinin dənizaşırı sərhədlərində öz izlərini saxlamaqda davam edir.
Nəzrin ELDARQIZI
XQ