Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Başın xüsusi formada örtülməsi isə dini inanc göstəricisidir
İslam dininin təşəkkül tapdığı vaxtlardan, Məhəmməd Peyğəmbərin dövründən, Fatimeyi-Zəhradan üzübəri hicab, rübənd, niqab ismət, həya mövzusu olub. Şərq poeziyasında qadın baş örtüyü mənəvi təmizlik rəmzi kimi, eyni zamanda, azadlığın, camalın (gözəlliyin) qarşısını kəsən bir pərdə kimi təsvir olunub. Lakin heç zaman və heç bir mənbədə hicabın dünyəvi məktəblərdə oxuyan qızlar üçün vacib olduğu göstərilməyib.
Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir” – deyən Ümummilli liderin bu fikri daim öz aktuallığını qoruyur. Əsas mahiyyət ondan ibarətdir ki, milli-mənəvi dəyərlər keçmişdən miras qalan irs olmaqla yanaşı, milli kimliyin qorunmasının, dövlətçilik ənənələrinin davamlılığının və gələcək inkişafın əsas amillərindən biridir.
Unudulmaz dahi şəxsiyyətin bu konsepsiyasını Prezident İlham Əliyev müasir dövrün çağırışları nəzərə alınmaqla davam etdirir. Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd edib, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkib.
Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Hümbət Quliyevlə Bakıdakı məşhur “Azad qadın” heykəlinin yanında rastlaşıb görüşəndə bu nadir abidənin daşıdığı yüksək ictimai və tarixi dəyər barədə də söhbət açdıq. Bir zaman Böyük Cəfər Cabbarlının “Sevil” pyesinə baxan dəstə-dəstə qadınların çadrasını elə oradaca qoyub getməsini xatırladıq. Sonralar bu tarixi hadisə heykəltaraş Fuad Əbdürrəhmanovu paytaxtda “Azad qadın” bürünc abidəsini yaratmağa ruhlandırmışdı.
Dünən Hümbət müəllimlə görüşüb ötən söhbətimizi xatırlatdım, son günlər baş verən arzuolunmaz hadisələrə münasibətini öyrəndim. Müsahibim bildirdi ki, bu günlərdə şəhər Ağsaqqallar Şurasında Nazirlər Kabinetinin məktəblərdə vahid geyim formasına keçid barədə qərarı müzakirə edilib, bununla bağlı əhali arasında geniş təbliğat işinin aparılması nəzərdə tutulub.
Hümbət Quliyev qeyd etdi ki, inanc və əqidə yetkin, yaşlı insanlara məxsus fərdi seçimdir. Bunu anlamaq həddində olmayan kiçik uşaqları kütləvi ideoloji-fanatik şouların bir parçası etmək qəbuledilməzdir. Unutmaq olmaz ki, uşaqlar valideynlərinin dini və ya ideoloji baxışlarının aləti deyil. Onların sevgi, təhlükəsizlik, hüzur və psixoloji cəhətdən sağlam bir mühitdə böyüməsini heç cür əngəlləmək olmaz.
Zehniyyəti hələ tam formalaşmamış bu varlıqların kiçik yaşlarından qorxu, şiddət elementlərinin və ya ağır dini dramların - təziyə və şəbihlərin mərkəzinə çəkilməsi uşaqların məsumiyyətinə və psixoloji inkişafına zərbə deyilmi? Onlara məhz işıqlı gələcək bəxş edilməlidir.
Ağsaqqal təəssüflə qeyd etdi ki, sivil dəyər daşıyan “Azad qadın” abidəsindən bir qədər aralıda, eləcə də digər yerlərdə, təhsil ocaqlarının qapısında “Hicaba azadlıq” adı ilə qondarma piketlər keçirən bəzi hicablı qadınlar dünyəvi dövlətdə vahid məktəbli formasına keçilməsinə çılğın etiraz bildirirlər. Onlar bunu, guya, İslami dəyərlərə hörmətsizlik, hətta, az qala, faciə kimi qələmə verməyə və ictimai rəyi çaşdırmağa çalışırlar. Məktəb binalarına hücumlar, “tutuquşu” timsallı cahillərin ağızları köpüklənə-köpüklənə irad etdikləri səfsəfələr, dərs prosesini pozmaq cəhdləri bu canfəşanlıqların haralardan qaynaqlandığını dərhal göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin də qeyd etdiyi kimi, Azərbaycanda din dövlətdən, məktəb dindən ayrıdır, hicab isə heç də qadağan olunmayıb. Baş örtüyündən necə və hansı yaşlarda istifadə etməklə bağlı qaydaları da fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Şeyxülislam bildirib ki, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub. Bunun vicdan azadlığına heç bir aidiyyəti yoxdur.
Hicab mübahisələri ilə “tozanaq” qaldıranların hədəfinin nə olduğu aydındır. “Etirazlar”a cəlb olunan bəzi “başıbağlı” uşaqların müticəsinə yuxarı qaldırdıqları bəsit şüarların adi orfoqrafiya qaydalarını pozmaqla yazılmasından da görünür ki, bunları məktəblilər hazırlamayıb. Müəlliflərin məhz kimlər olduğu məlumdur və çox tezliklə dəlil-sübutla ortaya qoyulacaq.
Din pərdəsi altında dövlətimizə qarşı mütəşəkkil şəkildə açıq təhdidlər edildiyi şübhəsizdir. Günbəgün inkişaf edən Azərbaycanın dayaqlarına uzanan maşaların arxalarında kimlərin durduğu da məlumdur. Düşmənlərimiz az deyil və istənilən məqamdan sui-istifadəyə də hazırdırlar. Mənəviyyatlı, lakin sadəlövh vətəndaşlarımızdan öz məkrli niyyətləri üçün istifadəyə də həmin düşmən qüvvələr həmişə müntəzirdirlər.
Gerçək olan budur ki, Azərbaycanda hicab qadağası yoxdur. Eyni zamanda, çox böyük əksəriyyət məktəblərdə vahid geyim formasının tətbiqini təqdir edir. İlkin arqument bərabərlikdir. Bu, varlı-kasıb müqayisələrini aradan qaldıran mühüm amildir. Belədə sinifdə uşaqlar arasında münasibət də, təbii ki, sağlam olacaq. Deməli, eyni geyim forması uşaqlarımızın məktəbdə bərabər olmalarına ən böyük dəstəkdir.
Burası da var ki, vahid məktəbli forması Azərbaycanın kəşfi deyil. Dünyanın bir çox ölkələrində bu mütərəqqi üsul tətbiq olunur. Elə əhalisi əksərən müsəlman olan qardaş Qazaxıstanda, Özbəkistanda bu məktəb qaydası çoxdan tətbiq olunur.
Xalq şairi Sabir Rüstəmxanlı hicab mübahisələrinə ilkin münasibət bildirən ziyalılarımızdandır. Onun qəti qənaəti budur ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına - hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd, sadəcə, uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir.
Yurdsevər, haqsevər sənətkar bildirib: “Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.
Xalq şairinin fikrincə, son illər hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var: “Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycanda məktəblərdə hicab və geyim qaydaları ilə bağlı məsələlər dünyəvilik prinsipinə əsaslanır. Dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında heç bir ziddiyyət yoxdur. Sadəcə olaraq, hicab məsələsini bəzi dairələr fərqli istiqamətə yönəldir və manipulyasiya edirlər.
Komitə sədri deyib: “İnformasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına təminat vermir. Əksinə, məlumatların etibarlılığını qiymətləndirmək və müxtəlif təsirlər arasında düzgün seçim etmək bacarığı olmadıqda, geniş informasiya imkanları yanlış istiqamətlənmə risklərini də artıra bilər. Buna görə müasir dövrdə informasiya təhlükəsizliyi ilə yanaşı, düşüncə təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır”.
Ramin Məmmədov daha sonra qeyd edib ki, düşüncə təhlükəsizliyi insanın məlumatı təhlil etmək, manipulyasiyanı tanımaq, fərqli fikirləri müqayisə etmək və qərarlarını sağlam mühakimə əsasında vermək bacarığı ilə bağlıdır. Belə bacarıqların inkişafı gəncləri kənar təsirlərdən qorumaqla yanaşı, onların ictimai həyatda fəal və prinsipial mövqe tutmasına da imkan yaradır.
Gənclərin dini biliklərinin sağlam və etibarlı mənbələr əsasında zənginləşməsinin xüsusi əhəmiyyət daşığını vurğulayan komitə sədri bildirib: “Dini anlayışların düzgün mənimsənilməsi ilə xurafatın, mənəvi dəyərlərlə radikal ideyaların, dini inancın isə həmin inancdan sui-istifadə edən manipulyativ çağırışların fərqləndirilməsi vacibdir. Bizim yanaşmamız aydındır: dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir”.
Ölkəmizdə ara qatmaq, xaos yaratmaq istəyən məlum dairələr bilərəkdən bu amildən yan keçirlər ki, dini inanc, ilk növbədə, insanın öz daxilində, evində, məsciddə, kilsədə, yaxud sinaqoqda olmalıdır. Bu, digər məkanlara, konkret olaraq məktəblərə daşınanda inanc formatı daha çox Konstitusiyaya zidd ideoloji təxribat mahiyyəti daşımağa başlayır. Buna isə qətiyyən yol vermək olmaz.
Biz, ilk növbədə, milli maarifçilik irsini qorumalıyıq. Bu gün məktəblərdə vahid geyim forması və hicabla bağlı müzakirələrə Azərbaycanın dünyəvi dövlət prinsipləri, qanunvericiliyin tələbləri və uşaqların təhsil hüququ çərçivəsində yanaşılmalıdır.
Bir daha qeyd edək ki, Azərbaycan təhsil sisteminin əsas məqsədi şagirdlərə keyfiyyətli bilik vermək, onların dünyagörüşünü formalaşdırmaq, müstəqil düşünən və cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir. Vahid məktəbli geyimi isə şagirdlər arasında sosial fərqlərin qabardılmaması və təhsil müəssisələrində nizam-intizamın təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Dini etiqad azadlığına hörmətlə yanaşmaqla bərabər, təhsil müəssisələrində müəyyən edilmiş qaydaların tətbiqi də sözsüz təmin olunmalıdır. Bu zaman əsas məqsəd uşaqların təhsil hüququnun qorunması, sağlam və təhlükəsiz təhsil mühitinin yaradılması olmalıdır. Birmənalı olaraq, dini inanclardan siyasi məqsədlər üçün istifadə edilməsinə və məktəblərin ideoloji çaxnaşma meydanına çevrilməsinə yol verilməməlidir.
Nəhayət, bir kəlmə ilə yekunlaşdıraq: elm özü elə ən böyük ibadətdir. Azərbaycanda süni iğtişaş yaratmaq, insanları öz dövlətinə qarşı qoymaq üçün məktəblərə sirayət edən üzdəniraq dini icmalar və casus şəbəkələri isə layiqli cavablarını almalıdırlar.
Ə.DOSTƏLİ
XQ