Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünyanın bir çox ölkəsində dini zəmində çox sayda münaqişələr olduğu halda, Azərbaycanda dini konfessiyaların sağlam və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi dövlət siyasətimizin ən böyük uğurlarından biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Fazil Mustafa bildirib.
“Dini icmalara göstərilən dövlət dəstəyi yalnız ibadət və dini fəaliyyətlə bağlı təşkilati ehtiyacların qarşılanması kimi anlaşılmamalıdır. Dini maarifləndirmə, radikalizm və xurafata qarşı sağlam düşüncənin gücləndirilməsi bu sahədə mühüm vəzifələrdən biridir. Dövlətin dünyəvi xarakterinin qorunması ilə dini etiqad azadlığının təmin olunması bir-biri ilə təzad təşkil etmir. Əksinə, hüquqi dövlətin və sağlam ictimai münasibətlərin qarşılqılı tamamlayıcı prinsiplər əsasında qurulması olduqca vacibdir.
Son həftələrdə vahid geyim formasının tətbiqi ilə bağlı məktəblərdə baş verən hadisələr bir daha təsdiqlədi ki, dünyəvi dövlət prinsiplərinin cəmiyyətdə sistemli təbliği və qorunması üçün də məqsədyönlü maliyyə mexanizmlərinin yaradılmasına ehtiyac var. Bu barədə də hökumət müəyyən addımların atılmasını təmin etməlidir”, - deputat qeyd edib.
Nuranə Daxilqızı