Vahid məkan və lider

20.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın suverenliyinin tam bərpasının hərbi-siyasi və hüquqi təhlili

19–20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror əməliyyatı ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası qaçılmaz zərurət idi və bu, həm hüquqi, həm də geosiyasi müstəvidə Bakının ardıcıl strategiyasının nəticəsidir.

1990-cı illərdən etibarən beynəlxalq hüququn fundamental prinsipləri – ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qüvvə tətbiqi yolu ilə ərazi əldə etmənin yolverilməzliyi – Ermənistanın işğalçı siyasəti qarşısında kağız üzərində təsdiqlənmiş, lakin icra mexanizmindən məhrum qalmışdı. Ermənistan 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini – 822, 853, 874 və 884 nömrəli sənədləri – yerinə yetirməmişdi. Həmin qətnamələr işğalı pisləmiş, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləmiş və erməni qüvvələrinin bütün işğal edilmiş rayonlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. 2008-ci ildə BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi də Azərbaycanın suverenliyinə dəstəyi bir daha təsdiqləmişdi. Azərbaycan 2020-ci il iyulun 22-də BMT Baş Katibinə müraciət edərək ərazi bütövlüyünün beynəlxalq sənədlərlə müdafiəsi məsələsini bir daha qaldırdı.

Otuz il ərzində bu hüquqi təməlin tətbiq olunmaması Azərbaycanı öz ərazi bütövlüyünü əvvəlcə hərbi, sonra isə siyasi yolla bərpa etmək yoluna sövq etdi. 44 günlük Vətən müharibəsi (27 sentyabr – 10 noyabr 2020) hərbi mərhələni tamamladı; 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə prosesin hüquqi-hərbi əsasını qoydu. Bəyanata əsasən bütün hərbi əməliyyatlar dayandırıldı, erməni qüvvələrinin mərhələli çıxarılması nəzərdə tutuldu, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması təqvimə bağlandı. Sənədin ən mühüm siyasi əhəmiyyəti ondan ibarət idi ki, o, Dağlıq Qarabağın heç bir statusunu qeyd etmirdi və bununla da Azərbaycanın ərazi bütövlüyünü birbaşa təsdiqləyirdi. Digər tərəfdən, bu Bəyanat bölgədə müvəqqəti xarici hərbi mövcudluq kimi qeyri-təbii bir elementi də sisteme daxil etmişdi — bu, sonradan tam aradan qaldırılmalı idi.

***

2020–2023-cü illər aralığında üçtərəfli Bəyanatın icrası qeyri-simmetrik şəkildə baş verdi. Bir tərəfdən Azərbaycan öz öhdəliklərini ardıcıl və dəqiq yerinə yetirdi: Kəlbəcər 25 noyabr 2020-ci ildə, Laçın isə 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Digər tərəfdən isə bölgədə qeyri-qanuni erməni silahlı birləşmələri qalmaqda davam etdi. Həmin qüvvələr imzalanmış razılaşmanı pozaraq Azərbaycan ordusunun üzvlərinə qarşı təxribat xarakterli hərəkətlər törətmiş, mülki əhalinin təhlükəsizliyini təhdid etmişdi.

Bu illərdə bölgədə infrastruktur blokadası və humanitar maneələr də yaradıldı. 2022-ci il dekabrın 12-də Laçın dəhlizində blokada baş verdi; 2023-cü ilin iyununda isə Laçın yolu beton maneələrlə bağlandı. Bu addımlar Azərbaycanın hərbi-siyasi təzyiq vasitələrindən biri kimi qiymətləndirilir və regionda gərginliyin artmasına bilavasitə təsir etmişdi. Məhz bu kontekstdə, 10 noyabr Bəyanatının şərtlərinin tam yerinə yetirilməməsi və bölgədə qeyri-qanuni silahlı qüvvələrin qalması şəraitində 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı başlandı.

***

19–20 sentyabr 2023-cü il tədbirlərinin əsas konseptual çərçivəsi onun antiterror xarakteridir. Beynəlxalq təcrübədə antiterror əməliyyatları həm hüquq-mühafizə, həm də hərbi vəzifələri birləşdirən xüsusi hüquqi rejim kimi formalaşır və bu rejim insan hüquqlarının təminatını da özündə ehtiva edir. Bu amil əməliyyatı müharibə vəziyyətindən fərqləndirən hüquqi incəlikdir: dövlətin silahlı qüvvələrinin terrorizmlə mübarizəyə cəlb edilməsi avtomatik olaraq hərbi vəziyyət rejiminin tətbiqi demək deyil. İkinci konseptual element əməliyyatın prinsiplər bazasıdır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ regionunda qeyri-qanuni silahlı qruplara qarşı həyata keçirilən əməliyyat lokal xarakterli nümunəvi antiterror əməliyyatı kimi qiymətləndirilir və antiterror əməliyyatlarının bütün prinsiplərinə əməl olunmuşdur. Üçüncü element əməliyyatın regional-energetik təhlükəsizliklə bağlılığıdır. 23 saatlıq lokal antiterror tədbirləri Cənubi Qafqazı Avropa ilə birləşdirən beynəlxalq neft-qaz layihələrinin təhlükəsizliyinin təmin olunmasına xidmət edirdi. 

***

Azərbaycanın rəsmi mövqeyi əməliyyatın humanizm prinsipinə əsaslandığını, lokal antiterror tədbirinin beynəlxalq hüquqa və müharibə qanunlarına tam uyğun həyata keçirildiyini, antiterror əməliyyatlarının prinsiplərinin – o cümlədən dağıdıcı yan təsirlərin minimuma endirilməsi və insan hüquqlarının qorunması prinsipinin – təmin olunduğunu əsas götürür. Əməliyyat tədbirləri zamanı mülki əhaliyə və mülki infrastruktura zərər vurulmaması, humanitar dəhlizlərin açıq saxlanılması və əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsi Bakının rəsmi mövqeyinin əsas elementləridir.

Bu siyasətin ən mühüm göstəricisi mülki əhalinin reinteqrasiyası sahəsində atılan addımlar oldu. Azərbaycan hökuməti bəyan edirdi ki, Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdır və ölkənin hər hansı digər vətəndaşı ilə eyni hüquq və müdafiə imkanlarından istifadə edəcəklər. 

Azerbaycanın dövlət siyasətində Qarabağın erməni sakinlərinin cəmiyyətə inteqrasiyası mərkəzi yer tuturdu. Bu siyasətin institusional ifadəsi kimi Yevlax şəhərində reinteqrasiya ilə məşğul olan xüsusi qərargah – işçi qrup yaradıldı. Sentyabrın 21-də isə Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqlar aparıldı. 

Hüquqi bazadan baxdıqda, Azərbaycanın 1995-ci il Konstitusiyası ölkəni demokratik, dünyəvi və unitar respublika kimi müəyyən edir, xalqın suveren hüququnun referendum və seçilmiş nümayəndələr vasitəsilə həyata keçirildiyini təsbit edir. Yerli özünüidarəetmə isə bələdiyyələr vasitəsilə həyata keçirilir. Bu konstitusiya çərçivəsi Qarabağ üçün hər hansı xüsusi statusun deyil, ümumi vətəndaşlıq və yerli özünüidarəetmə modelinin əsasını təşkil edir. 

Rəsmi yanaşma ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığının verdiyi bütün hüquqlardan – təhsil, səhiyyə, məşğulluq, sosial təminat və mədəni inkişaf hüquqlarından – bərabər şəkildə istifadə edəcəklər. Demoqrafik müqayisə üçün bir göstərici: Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun məlumatına görə, hazırda Bakıda 20.000, ölkə üzrə ümumilikdə 120.000 erməni yaşayır. Bu rəqəm onu göstərir ki, erməni icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və onların tarixən ölkəmizin müxtəlif bölgələrində sülh və harmoniya şəraitində yaşaması təcrübəsi mövcuddur.

***

2023-cü il əməliyyatının ən mühüm strateji nəticələrindən biri onun uzunmüddətli yanaşma prinsipi çərçivəsində ərazidə xarici qoşunların – sözdə rus sülhməramlılarının – qalmasına heç bir hüquqi və siyasi əsas qalmaması idi. Bu da 2020-ci il Bəyanatının ən həssas elementlərinin – Rusiya sülhməramlı kontingentinin bölgədə yerləşdirilməsinin və Laçın dəhlizinin xüsusi rejiminin – 2023-cü ildən sonra siyasi cəhətdən mənasızlaşması demək idi. Xatırladaq ki, 2020-ci ildə Rusiya Laçın dəhlizində formal olaraq beş illik mandatla mövqelənmişdi, sülhməramlı kontingent isə təxminən 1960 nəfər, 90 zirehli texnika və 380 avtomobil və xüsusi texnika ilə yerləşdirilmişdi. 2023-cü ildən sonra bu kontingentin regiondaki rolu faktiki olaraq bitdi və Azərbaycan öz ərazisində tam nəzarəti bərpa etdi. Paralel olaraq, Cənubi Qafqazda güc balansı Türkiyə–Azərbaycan oxunun güclənməsi istiqamətində dəyişdi. 15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında yüksək səviyyəli müttəfiqlik münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir.

Suverenliyin bərpasının simvolik və institusional təsdiqi də ardıcıl oldu. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə Azərbaycan bayrağını qaldırdı. 21 dekabr 2023-cü ildə isə Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində Ağdamın "Qarabağ" və Bakının "MOIK" komandaları işğaldan azad edilmiş Xankəndi stadionunda ilk dəfə qarşılaşdı. Siyasi təhlil baxımından bu hadisələr suverenliyin mülki və idari müstəvidə bərpasının göstəriciləridir. Bölgədə fəaliyyət göstərmiş de-fakto qurum isə 31 dekabr 2023-cü ildən 1 yanvar 2024-cü ilə keçən gecə fəaliyyətini dayandırdı və bununla Azərbaycanın vahid hüquqi məkanı tam bərpa olundu.

Beləliklə, 44 günlük müharibədə qazanılmış hərbi üstünlük 2023-cü ildə tam suverenliyə çevrildi və Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam bərpa etdi. Bu nəticə uzun illər ərzində ardıcıl aparılan dövlət siyasətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyin və strateji sabitliyin məntiqi təntənəsidir.

Şəbnəm ZEYNALOVA
“Xalq qəzeti”nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью