Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.
O bildirib ki, məktəb mühitinin əsas prinsiplərindən biri bütün uşaqlar üçün bərabər imkanların yaradılmasıdır: "Şagirdin hansı ailədən olması, ailəsinin maddi imkanları, sosial statusu və digər fərqlər onun təhsil hüququna və məktəbdəki münasibətlərə təsir etməməlidir.
Vahid məktəbli forması da müəyyən mənada bu yanaşmanı dəstəkləyir. Şagirdlərin eyni məktəb mühitində vahid geyim standartına uyğun olması sosial-iqtisadi fərqlərin zahiri şəkildə ön plana çıxmasının qarşısını almağa, uşaqlar arasında müqayisə və ayrı-seçkilik risklərini azaltmağa kömək edəcək".
Deputatın sözlərinə görə, uşaqların eyni sinifdə, eyni parta arxasında bərabər mövqedə olması yalnız tədris prosesinin deyil, onların bir-biri ilə münasibətlərinin də sağlam qurulması baxımından əhəmiyyətlidir.
Dövlət təhsil sisteminin dünyəvi xarakteri məktəbin bütün şagirdlər üçün neytral, təhlükəsiz və inklüziv mühit olmasını nəzərdə tutur. Məktəb müxtəlif sosial və ailə mühitlərindən gələn uşaqların bir araya gəldiyi ümumi təhsil məkanıdır. "Bu baxımdan məktəbli geyiminin müəyyən ümumi prinsiplər əsasında tənzimlənməsi məktəb mühitində vahid yanaşmanın formalaşmasına xidmət edir. Burada əsas məqsəd fərdiliyi məhdudlaşdırmaq deyil, təhsil müəssisəsinin funksiyasına uyğun, səliqəli, rahat və təhlükəsiz geyim mədəniyyəti yaratmaqdır", - o vurğulayıb.
E.Akimova söyləyib ki, məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması yalnız şagirdin deyil, valideynin də məsuliyyətini gündəmə gətirir:
"Bu baxımdan vahid məktəbli geyimi məktəb və valideyn arasında əməkdaşlığın gücləndirilməsi üçün də müəyyən rol oynayır.
Qaydaların aydın, əlçatan və bütün şagirdlər üçün eyni şəkildə tətbiq edilməsi burada xüsusi əhəmiyyət daşıyır. Çünki məktəb qaydalarının əsas məqsədi cəzalandırmaq deyil, uşaqlar üçün sağlam və nizamlı təhsil mühiti yaratmaqdır.
Vahid məktəbli forması müəyyən edilərkən ən mühüm məsələlərdən biri də uşaqların yaş xüsusiyyətlərinin və gündəlik ehtiyaclarının nəzərə alınmasıdır. Məktəbli geyimi rahat, praktik, mövsümə və tədris prosesinə uyğun olmalıdır.
Forma uşağın hərəkət sərbəstliyinə mane olmamalı, uzunmüddətli istifadəyə yararlı və praktik olmalıdır. Belə yanaşma vahid geyim prinsipini uşaqların rahatlığı ilə uzlaşdırmağa imkan verir".
Onun fikrincə, məktəbli forması sadəcə geyim deyil:
"Məktəbli forması məsələsi yalnız hansı geyimin geyinilməsi ilə bağlı texniki məsələ deyil. Bu, məktəb mühitində bərabərlik, nizam-intizam, sosial adaptasiya, kollektivə aidlik və təhsil mədəniyyəti kimi daha geniş anlayışlarla bağlıdır.
Əsas məqsəd hər bir uşağın özünü məktəbdə təhlükəsiz, rahat və bərabər hiss etdiyi mühit yaratmaqdır. Vahid məktəbli forması da bu məqsədə xidmət edən vasitələrdən biri kimi məktəb həyatının ümumi qaydaları və təhsil fəlsəfəsi ilə uzlaşdırılmalıdır".
Mürtəza